Məhkəmə 2015 oktyabr ayında televiziya ilə yayımlanan «Fitilə» adlı uşaq proqramında türklərin aşağılanması ardından keçirilən «anti-irqçilik» etirazlarına qatılan 7 fəalı 10 ay və 7 ay həbsə məhkum edib.
İran Azərbaycanı ilə bağlı xəbər yayımlayan internet portallarına istinadən, Saleh Molla-Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri 10 ay, İsrafil Fəthuallahzadə, Hamid Allahverdipur, Murtaza Şükri və Süleyman Kazımi isə 7 ay həbsə məhkum olunublar.
Amerikanın Səsinin Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, İbrahim Nuri və Əkbər Cahangiri əlavə olaraq siyasi məhbuslarla bağlı kampaniya təşkil etmək və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs cəzası alıblar.
İbrahim Nuriyə 6 ay, Əkbər Cahangiriyə isə 4 ay həbs hökmü çıxarılıb.
Həbs cəzası alan fəallara qarşı «milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə» və «rejimə qarşı təbliğat» ittihamları irəli sürülüb.
Əhər məhkəməsi, həmçinin «anti-irqçilik» etirazları ilə bağlı mühakimə edilən 17 fəal, habelə fevral 2014 Dünya Ana Dili Günündə Əhər şəhərində keçirilən tədbirlə əlaqədar mühakimə edilən 22 fəala bəraət hökmü verib.
Bəraət hökmü alan müttəhimlərdən yazar və türk dili müəllimi Məhəmməd Rəhmanifər ana dili günü tədbirinə qatılanların hamısına bəraət hökmü verilməsini müsbət bir addım kimi dəyərləndirib.
«Ana dili sahəsində fəaliyyət göstərən və bu məhkəmənin müttəhimlərindən biri olaraq, şəxsən bu qərarı müsbət qarşılayıram. Bu bəraət hökmünün ölkədəki dillərin inkişafı istiqamətində şəraitin yaxşılaşması ilə nəticələnməsinə ümid edirəm», deyə Rəhmanifər öz «Facebook» səhifəsində paylaşıb.
Keçən illərdə Əhərdən əlavə Azərbaycan vilayətlərinin müxtəlif şəhərləri və Tehranda onlarla türk dil haqları müdafiəçisi dünya ana dili günü və ya məktəblərin açılışı münasibəti ilə tədbirlərə qatıldıqları üçün nəzarət altına alınıb və mühakimə olunublar. Onlardan bəzisi həbs hökmü ilə qarşılaşıb, bir çoxunun isə məhkəmə prosesi davam etməkdədir.