Vaxt.Az

Ermənistanda tələbə etirazları


 

«Hərbi xidmətdən möhlət» Qanununa qarşı aksiyalar

Ermənistanda tələbə etirazları İrəvanda bir qrup ali məktəb tələbələri Ermənistan Müdafiə Nazirliyinin hazırladığı «Hərbi xidmət və hərbi qulluqçunun statusu barədə» Qanun layihəsinə qarşı etiraz aksiyasını keçiriblər.

Qanun layihəsi üzrə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydaları dəyişir.

Yeni layihə qəbul edilərsə, təhsilini davam etdirmək üçün yalnız Müdafiə Nazirliyi ilə müvafiq saziş imzalayan tələbələrə möhlət veriləcək.

Ermənistan hökuməti tərəfindən parlamentin müdafiə və təhlükəsizlik komissiyasının müzakirəsinə təqdim edilən qanun layihəsinə görə, hərbi xidmət keçmək üçün sağlamlıq problemləri olmayan 18 yaşı tamam olmuş kişi cinsli vətəndaşlar ümumtəhsil orta məktəbi bitirdikdən sonra ikillik məcburi hərbi xidmətə çağrılmalıdır.

 

Müqavilə

 

Təhsilini davam etdirmək istəyən gənclər möhlət almaq üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdırlar.

Həmin müqaviləyə əsasən, möhlət alan şəxs, seçdiyi ixtisasla yanaşı, müvafiq hərbi hazırlıq keçməyi və təhsilini başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən seçilən hərbi hissədə, lakin artıq üç il (zabit rütbəsi və vəzifəsində), qulluq etməlidir.

Etiraz aksiyasının iştirakçıları hesab edirlər ki, Müdafiə Nazirliyinin bu təşəbbüsü ölkədə bütün ali təhsil sisteminə böyük zərər vura bilər.

Tələbələr öz narahatlıq və mövqelərini bildirmək üçün İrəvan Dövlət Universiteti ərazisindən Təhsil və Elm Nazirliyinə yürüş təşkil etdilər.

 

Təhsil Nazirliyində müzakirə

 

Aksiya iştirakçılarını Təhsil və Elm Nazirliyinin nümayəndəsi Robert Sukiasyan qarşıladı və məsələni müzakirə etmək üçün etirazçıların 3-5 nəfərdən ibarət nümayəndə heyətini nazirliyə dəvət etdi.

Müzakirə baş tutmadı. Tələbələr Təhsil Nazirliyindən hərbiyyənin «ölkədə ali təhsil sistemi və elmin inkişafına ciddi zərər vuran» planlarının gerçəkləşməsinə yol verməməyi tələb edirlər.

Hüquq müdafiəçiləri «ölkədə hər şeyin ordu naminə, hərbiyyəyə tabe etdirilməsinin» yolverilməzliyinə işarə edirlər, lakin layihənin müzakirəsi ciddi müqavimətlərə rast gəlmir.

Hüquq müdafiəçisi Artur Sakunts deyir ki, belə bir qanunun qəbul edilməsi ölkəni tərk etmək meylinə düşənlərin sayını daha da artıra bilər.

Yaxın 1-2 həftədə «Ordu xidmətindən möhlət haqqında» Qanun layihəsi Ermənistan Parlamentinin gündəliyinə daxil edilə bilər.

 





23.10.2017    çap et  çap et