Virtualaz.org məhbusların qaçışının təfərrüatlarını öyrənə bilib. Məhbuslar Penitensiar Xidmətdə mövcud olan korrupsiya sayəsində qaça biliblər.
Məhbusların qatardan qaça bilməsinin səbəbi konvoy əməkdaşlarına rüşvətin verilməsi olub. İş burasındadır ki, məhbusların etap edildiyi qatarda pəncərəsi olan cəmi iki kupe var.
Bu kupelərdən biri iki konvoy əməkdaşı, digəri isə qatarı müşayiət edən şəxs üçündür.
İmkanlı məhbuslar tez-tez konvoy əməkdaşlarına rüşvət verərək, pəncərəli kupedə «səyahət» edirlər. Adətən, rüşvətin məbləği 20-40 manat təşkil edir.
Kriminal avtoritetlər konvoy əməkdaşlarına pul verərək pəncərəli kupeyə keçiblər. Adəti üzrə, kupenin qapıları bağlanmır, lakin məhbuslar inad ediblər ki, qapılar bağlansın, guya səs-küydən yata bilmirlər.
Bağlı qapı arxasında qaldıqdan sonra məhbuslar barmaqlıqları sındırıblar və səhər saat 6-da vaqondan qaçıblar. Məhbusların yoxa çıxması isə yalnız saat 11-də qatar Bakıya çatarkən məlum olub.