Vaxt.Az

Ermənilərin Gümrü qorxusu


 

«Rusiyanın Ermənistandakı hərbi bazası təhlükə mənbəyidir»

Ermənilərin Gümrü qorxusu Xəbər verildiyi kimi, oktyabrın 23-də «Alagöz» poliqonunda rusiyalı hərbi qulluqçu təsadüfən avtomat silahdan atəş açaraq öz əsgər yoldaşını öldürüb. Bundan sonra həmin hərbçi özü də intihar edib.

Sonuncu hadisə Rusiya, xüsusilə də Ermənistan mətbuatında geniş işıqlandırılıb. Erməni eksperlər isə həm Rusiya, həm də yerli mətbuata verdikləri açıqlamalarda hadisəni adi hərbi insident kimi qiymətləndirməyin doğru olmadığını söyləyirlər. Onlar ümumilikdə Rusiya hərbi bazasının erməni vətəndaşları üçün təhlükə mənbəyi daşıdığını bildirirlər.

«Rusiyanın Gümrü bazasında qulluq edən hərbçilərin seçilməsi və hazırlığı ilə bağlı bilinən meyar olmadığı üçün bu cür insidentlər insanlar üçün təhdid mənbəyi olaraq qalmaqda davam edəcək. Artıq hərbi hissədən kiminsə emosional affekt vəziyyətində, mənəvi-psixoloji gərginlik səbəbindən eyni hadisəni ictimai yerdə təkrarlamasını istisna etmək olmaz. Bütün bunlar Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etməklə bağlı öhdəliklərini sual altına qoyur», - Ermənistanın Siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Mehrabyan bildirib.

Politoloqun fikrincə, erməni tərəfinə Rusiyadan gələn hərbçilərin seçilmə meyarları izah edilməlidir. «Ermənistan özü bu məsələni qaldırmalıdır. Hərbi hissə cəmiyyətdən aralı yerləşmir və problem hər an kənara sıçraya bilər», - Mehrabyan qeyd edib.

«Rusiya hakimiyyəti hərbi bazasının yerləşdiyi ölkənin əhalisi qarşısında məsuliyyət daşıyır və burada intizam məsələlərinə daha çox fikir verməlidir». Bu sözləri Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts deyib.

Sakunts bu tip insidentlərin sözügedən bazada ilk olmadığı kimi, daima təkrarlanacağını söyləyib. Onun fikrincə, bu həm də hərbi rəhbərliyin hərəkətlərinə hüquqi qiymət verilməməsindən meydana gəlir. «Məsələn, Permyakov işində (2015-ci ilin yanvarında erməni Avetisyan ailəsinin bütün üzvlərinin əsgər Permyakov tərəfindən öldürülməsi nəzərdə tutulur - red.) hadisəni törədəndən başqa heç kim cəzalandırılmadı. Halbuki ayrıca hər insidentə görə günahkarlar layiq olduqları cəzaya çatmalı idilər», - Sakunts söyləyib.

Gümrüdə yerləşən «Asparez» jurnalist qrupunun rəhbəri Levon Barseqyan isə ümumiyyətlə Rusiya hərbi bazasının özünün təhlükə mənbəyi olduğunu bəyan edib. O da Mehrabyan kimi baza daxilində törədilən bu tip hadisələrin hər an sadə vətəndaşların başına gələ biləcəyini dilə gətirib.

Barseqyan hakimiyyətin öz vətəndaşlarının təhlükəsizliyini qorumaq qabiliyyətində olmadığını da sözlərinə əlavə edərək yeganə çarənin özünümüdafiə vasitələrindən ibarət olduğunu söyləyib. Erməni jurnalistin fikrincə, bu məqsədlə baza üzərində vətəndaş nəzarəti həyata keçirilməli, habelə onun ətrafında izləmə kameraları qoyulmalıdır.

Mətbuat isə 2015 və 2017-ci illər arasında Rusiya hərbi qulluqçuları ilə bağlı 13 insidentin olduğunu xatırladır.

Təkcə 2017-ci ildə 5 belə hadisənin adını çəkmək olar. Erməni mediası bu ilin sentyabrın ayının 10-da Gümrü şəhərinin Alabyan küçəsində 4 rus əsgərinin iştirakı ilə baş verən davanı, Göyçə gölündə hərbi qulluqçunun batmasını, 2017-ci ilin aprelində Dmitri Yalpayev adlı əsgərin bazada müəmmalı ölümünü, 2017-ci ilin aprelin 18-də Dmitri Loşmanov adlı əsgərin yoxa çıxmasını, habelə bu ilin yanvarında İrəvanın mehmanxanalarının birində Viktor Yemelyanov adlı rus zabitinin ölü olaraq tapılmasını diqqətə çatdırıb.

2016-cı ildə isə Rusiyalı hərbçilərinin iştirakı etdiyi 3 insidentin adı çəkilir. Həmin ilin oktyabrın 13-də rus hərbi qulluqçusunun naməlum adamlarla dava-dalaş salması onun bıçaqlanması ilə nəticələnib. İyulun 27-də isə müqavilə əsasında qulluq edən rus əsgəri fərarilik edib. Onu iki gün sonra İrəvanda tapıb ələ keçiriblər. Eyni ildə isə rusiyalı əsgər Gümrü şəhərində sərxoş vəziyyətdə zorla bir evə daxil olub. Lakin nədənsə ona qarşı heç bir cinayət işi qaldırılmayıb.

2015-ci ildə məlum Permyakov olayından əlavə daha bir neçə insident yadda qalıb. Həmin ilin noyabrın 20-də Şirak vilayətinin kəndlərinin birində Rusiya FTX-nin sərhəd idarəsinin əsgəri asılmış vəziyyətdə tapılıb. Bundan başqa, Gümrüdə, «Erməni ana» memorial abidəsinin yanında İvan Novikov adlı əsgərin meyidi aşkar edilib. Həmin hadisəyə görə onun əsgər yoldaşını tutublar. 2015-ci ilin martın 8-də isə yenə də Gümrüdə Artur Afyan adlı əsgərin asılmış meyidinə rast gəlinib. Həmin hərbçinin fevralın 21-dən yoxa çıxdığı bilinirdi.

Rusiya rəsmiləri bütün bu insidetlər barəsində susmağa üstünlük verir. Müdafiə nazirliyi «Alagöz» hərbi poliqonunda baş verən insidentə heç bir reaksiya göstərməyib.

 





26.10.2017    çap et  çap et