O mühafizəkar krallığın, öz vətəndaşlarını gücləndirəcək və investorları cəlb edəcək açıq cəmiyyətə çevrilməsi yolunda ölkəsi üçün qlobal dəstək istəyib.
«The Guardian» qəzetinə verdiyi müsahibəsində Səudiyyə taxt-tacının qüdrətli vəliəhdi deyib ki, son 30 ilin ifrat mühafizəkar dövləti normal bir hal sayıla bilməz.
O bildirib ki, İrandakı İslam inqilabına reaksiya olaraq Səudiyyədə təşəkkül tapan sərt doktrinalar ölkənin keçmiş liderlərini çarəsiz vəziyyətə salıb.
Şahzadə, investisiya konfransında Səudiyyə Ərəbistanı, İordaniya və Misiri əhatə edəcək müstəqil iqtisadi zonanın yaradılmasına 500 milyard dollar investisiya qoyacağını elan edib.
O deyib: «Biz G20 ölkəsiyik. Biz üç qitənin arasındayıq. Səudiyyə Ərəbistanını yaxşılığa doğru dəyişdirmək regiona və dünyaya kömək etmək deməkdir. Biz bunu etmək istəyirik. Biz bu işdə hamıdan dəstək gözləyirik».
«Son 30 ildə baş verənlər Səudiyyə Ərəbistanı deyil. Son 30 ildə regionda baş verənlər Yaxın Şərq deyil. 1979-cu ildə İranda inqilab baş verəndən sonra adamlar müxtəlif ölkələrdə bu modeli qurmaq istəyirdilər. Onlardan biri də Səudiyyə Ərəbistanı idi. Biz bilmirdik ki, bunu necə edək və bu problem bütün dünyaya yayılmışdı. Amma indi bu modeldən yaxa qurtarmağın vaxtı çatıb», - deyib Məhəmməd bin Salman.
Şahzadə Məhəmməd deyib ki, biz əslində vaxtilə olduğumuz yerə - mötədil İslama, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdırıq».
Ən emosional çıxış
O bildirib ki, hazırda səudların 70 faizi 30 yaşdan gənc olanlardır və o, ömrünün daha 30 ilini ekstremist düşüncələrə qarşı mübarizəyə həsr etmək istəmir.
«Biz bu zehniyyəti indi və dərhal məhv etməliyik», - deyib şahzadə.
«The Guardian» yazır ki, bu, son altı ayda mədəni və iqtisadi islahatlara başladığını deyən vəliəhdin ən emosional çıxışı olub.
«Belə bir çıxışın nə vaxtsa ediləcəyi son onilliklərdə heç ağla da gəlməzdi», «The Guardian» yazır.
Məqalədə deyilir ki, hazırkı monarxın vəliəhdi olan şahzadə Məhəmmədin bu çıxışı onun öz hakimiyyətini möhkəmləndirdiyi və ona dəstək verməyən ruhani liderləri iqtidardan kənarlaşdırdığı bir vaxta təsadüf edir.
«The Guardian» yazır ki, bu islahatların özəyində uzun illərdir milli xarakteri formalaşdıran mürtəce ruhanilərlə Səud xanədanı arasındakı bağların qırılması durur.
Ölkədə son zamanlar aparılan liberallaşdırma, qadınlara maşın sürmək icazəsinin verilməsi və kişi qəyyumluğunun ləğvi kimi addımlar bu siyasətdən xəbər verir.
Məqalədə deyilir ki, islahatların miqyası və gücü ölkənin yeni tarixində misilsizdir və buna görə də onun mühafizəkarların müqaviməti ilə üzləşəcəyi gözlənilir.
Yeni iqtisadi zonaya gəlincə isə, o Qırmızı dəniz sahili boyunca 470 kilometrlik ərazini əhatə edəcək. Plan buranı qadın və kişilərin eyni çimərlikdə istirahət etdikləri Dubayda olduğu kimi liberal turist məkanına çevirməkdir.
Lakin islahatların yolunda bir sıra obyektiv maneələr dayanır. Bunlar ölkənin neftdən tam asılılığı, iş etikasının qıtlığı və dəyişikliyə münasibətdə ümumi etinasızlıqdır.
Şahzadə müsahibəsində bunu da qeyd edib ki, iqtisadi transformasiya, sosial transformasiyasız mümkün deyildir. Onun fikrincə, üstəlik bu tandemdə sosial transformasiyanın sürətliliyi həlledici amildir.
«The Guardian» yazır ki, krallıqda alkoqol, kino və teatrlar, tanış olmayan kişilər və qadınlar arasında ünsiyyət hələ də qadağandır, lakin bir zamanlar qüdrətli olan dini polisin əl-ayağı yığışdırılıb. Bu qurum daha həbslər həyata keçirməkdən məhrum edilib.
Heç nə olmasa da, pul var
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının strateji investisiyalar yaratması və geniş sosial islahatlar həyata keçirməsi üçün nəhəng vəsaitlərə ehtiyacı olacaq.
Səud kral ailəsindən olan nüfuzlu fiqurlardan biri «The Guardian» qəzetinə deyib ki, «uşaqlara ictimai həyat imkanı, əyləncə imkanı verilməlidir. Qadınlar iş yerlərinə öz avtomobillərində gedə bilməlidirlər. Əgər bu baş verməsə, bizi uğursuzluq gözləyir».
Yeni islahatlara görə qarşıdan gələn 10 ildə 5 milyon səudiyyəli ölkənin işçi bazarına gəlməlidir. Lakin bu, rəsmiləri daha böyük bir vəzifə qarşısında qoyur. Bu insanlar üçün iş yerləri hələ yaradılmayıb.
Bu müddətdə iqtisadiyyat neftdən asılılığını minimum azaltmalı, bərpa olunan enerji növləri inkişaf etdirilməlidir.
Bütün bunlar üçün lazım olan pullar var. Ölkənin dövlət ehtiyat fondu 230 milyard dollar vəsaitə malikdir. «Aramco» dövlət neft şirkətinin 5 faizinin satışa çıxarılması daha bir neçə yüz milyard dollar gətirə bilər.