Bu barədə virtualaz.org-a S.Əliyeva məlumat verib. Onun sözlərinə görə, özünün xəbəri olmadan keçirilmiş ekspert komissiyasının qərarından təsadüfən xəbər tutub: «Vəkilim prokurorluğa zəng edərək işlə maraqlanmaq istəyib. Bu zaman ona bildiriblər ki, həmin iş oktyabrın 2-də rədd edilib. Mən isə bundan oktyabrın 18-də xəbər tutmuşam. Əslində, mənə bununla bağlı poçt vasitəsilə məlumat verilməli idi, lakin heç kim bu məlumatı verməyib. Sənədlərimi almaq üçün prokurorluğa getdim və işin niyə rədd olunmasını öyrənməyə çalışdım. O zaman məlum oldu ki, sən demə, məndən xəbərsiz Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya ETT Birliyində ekspertiza keçirilib. Sənəddə isə ekspertizanın mənim iştirakımla keçirildiyi qeyd olunub. Müəyyən edilib ki, mənim üzümdə yaranan ödem, ikincili hiperpiqmentasiyanın ekspertizaya təqdim edilən dərmanlarla əlaqəsi yoxdur, üzümün bu vəziyyətə düşməsinə səbəb «günəş altında olmağımdır», - deyə S.Əliyeva bildirir.
Şikayətçi deyir ki, ekspertizanın tələsik çıxardığı qərar həm də ona görə şübhə doğurur ki, orada zərərçəkmişin köhnə rekvizitləri qeyd olunub: «Mən şikayət ərizəsini iyulun 4-də yazmışam. Sonra təzə evə köçdüyümdən artıq 13 iyulda şəxsiyyət vəsiqəmi də dəyişmişəm. Elə buradan görünür ki, məhkəmə tibb ekspertizası «VİP Style» ilə əlbir iş görüb. Klinika ilə müqavilə bağlayarkən köhnə şəxsiyyət vəsiqəm qeyd olunub. Ekspertizanın aktı hazırlanarkən yeni şəxsiyyət vəsiqəsi almağımdan bir aydan çox vaxt keçməsinə baxmayaraq rəydə köhnə vəsiqə göstərilir», - deyə şikayətçi qeyd edir.
Şikayətçi deyir ki, onu ekspert komissiyasının üzvlərindən yalnız bir nəfər - Dəri-Zöhrəvi Dispanserin baş həkimi Rəşad İsmayılov müayinə edib. Amma bu müayinə komissiya ekspertizası təyin olunandan xeyli əvvəl – iyulun 21-də keçirilib. O, S.Əliyevaya «məlhəmlərin üzə sürtülməsi və fitoterapiyanın tətbiqindən sonra ödem, eritema, və ikincili hiperpiqmentasiya» diaqnozu qoyub. Həmin sənəd və komissiyanın tərtib etdiyi akt arasında da uyğunsuzluq var.
Digər tərəfdən isə, komissiyanın qərarından asılı olmayaraq tərtib olunan aktda bütün üzvlərin imza atmaları tələb olunur. Əgər bu yoxdursa, həmin sənəd öz hüquqi qüvvəsini itirir. Ekspert Komissiyasının tərtib etdiyi aktda da dörd komissiya üzvündən biri, dərini müayinə edən R.İsmayılov imza atmayıb.
«Mənim komission məhkəmə ekspertizasının hazırladığı aktda qoyulan suallara da etirazım var. Bəlkə də, üzümdə istifadə edilən kosmetik vasitələr yaxşıdır, bəlkə də, ondan İsraildə istifadə eləmək mümkündür, amma Azərbaycanın iqlimi fərqlidir, bizdə qadınların hormonları fərqlidir. Məni narahat edən bu kosmetik vasitələrdən istifadəyə Səhiyyə Nazirliyinin icazə verib-verməməsidir. Bu məhsullar Azərbaycana necə gətirilib? Kosmetoloji prosedur edən şəxslərin müvafiq sertifikatları varmı? Mən ekspertiza üçün verdiyim kosmetik vasitələrin üzərindən demək olar ki, heç bir nümunə götürüldüyü hiss olunmur. Necə vermişəmsə, elə də qayıdıb, mənə elə gəlir ki, heç nə istifadə etməyiblər», - deyə şikayətçi deyir.
Səidə Əliyeva ekspertizanın çıxardığı ədalətsiz qərarının ləğv edilməsini, işə prokurorluqda yenidən baxılmasını istəyir.