Vaxt.Az

Qiymət 60 dollara yaxınlaşır


 

Səudiyyə və Mario Draqidən açıqlamalar nefti bahalaşdırır

Qiymət 60 dollara yaxınlaşır Neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin çıxışından sonra «Brent» markalı neftin qiyməti 59 dolları keçib.

Hazırda bu markadan olan neft 59,30 dollardan satılır, analitiklər qiymətlərin gün ərzində 60 dollara kimi artacağını istisna etmirlər.

Qərbi Texas nefti isə 52,56 dollardan təklif olunur. İki marka arasında fərq ilk dəfə olaraq 7 dollara çatmaqdadır. Bu amil bazarda qiymətlərin spekulyativ əsaslarda formalaşması ehtimalını da artırmış olur.

Neftin bahalaşmasında Səudiyyə rəhbərliyinin bazarda balans yaratmaq üçün cəhdləri davam etdirəcəyi açıqlaması da mühüm rol oynayıb. Venesuela hökumətinin dövlət istiqrazları üzrə faizləri ödəyə bilməməsi təhlükəsi də nefti bahalaşdıran əsas amillərdən sayılır.

Bu gün ABŞ-da qaya nefti hasilatına cəlb olunan buruqların sayına dair yeni hesabat açıqlanacaq. Buruqların sayının beşinci həftə də azalması faktı təsdiqlənsə, o zaman neftin qiyməti yaxın on gün ərzində 58-60 dollar aralığında sabitləşə bilər.

 





27.10.2017    çap et  çap et