Vaxt.Az

Manat ABŞ dollarına nisbətdə möhkəmlənir


 

Qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım var

Manat ABŞ dollarına nisbətdə möhkəmlənir Manatın real effektiv məzənnəsinin azalması qeyri-neft ixracının artmasına kömək edir. Bu barədə Maliyyə Sabitliyi Şurasının baş nazir Artur Rasi-zadənin sədrliyi ilə oktyabrın 26-da keçirilən iclasında bəyan edilib. İclasda Maliyyə Sabitliyi Şurasının Katibliyinin hazırladığı hesabat və orta müddətli dövr üçün planlar müzakirə edilib.

Qeyd edilib ki, ölkənin tədiyə balansında profisit bərpa olunub, strateji valyuta ehtiyatları artıb. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, mal və xidmət idxalı üzrə azalma meyilinin davam etməsi, eləcə də qeyri-neft sektoru üzrə ixracın genişlənməsi təsir göstərib.

Valyuta bazarında vəziyyət sabitlləşib, valyuta təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib. «Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi isə 2015-ci ilin əvvəlindən bəri 38 faizdən çox ucuzlaşıb ki, bu da ixracın artımına və idxalın əvəzlənməsinə əhəmiyyətli təsir göstərir».

Makroiqtisadi sabitliyin bərpası qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradır. Yanvar-sentyabr aylarında qeyri-neft sektorunda 2.5 faizlik iqtisadi artım qeydə alınıb.

Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və bank sisteminin kapitallaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

MSŞ ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə 2016-cı ilin iyulunda prezidentin Fərmanı ilə yaradılıb. Şuranın tərkibinə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, maliyyə qurumlarının rəhbərləri daxildir.

Müstəqil ekspertlər isə öz növbəsində hesab edir ki, ciddi siyasi və iqtisadi islahatlar keçirilmədən orta və uzunmüddətli perspektivdə maliyyə sistemində və iqtisadiyyatda davamlı inkişaf mümkün deyil. İnzibati qərarlarla problemi köklü həll etmək olmaz.

 





27.10.2017    çap et  çap et