Vaxt.Az

Azərbaycan Kataloniyanın müstəqilliyini tanımadı


 

XİN: «İspaniya Krallığının ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik»

Azərbaycan Kataloniyanın müstəqilliyini tanımadı «Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir». Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Açıqlamada qeyd olunub ki, xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd şəkildə, Konstitusiya və qanunların pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir: «Azərbaycan Respublikası artıq 30 ilə yaxındır bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ Konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi, həmin ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir».

Qeyd edək ki, oktyabrın 27-də İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb.

 





28.10.2017    çap et  çap et