Vaxt.Az

«Aktiv fəaliyyət göstərirlər»


 

Rusiya rəsmi KİV-ləri Qarabağ separatçılarının Puçdemona dəstəyini niyə tirajlayır...

«Aktiv fəaliyyət göstərirlər» İspaniyanın Kataloniya bölgəsinin parlamentinin müstəqillik barədə bəyannaməni qəbul etməsi Madridlə Barselona arasında qarşıdurmanı daha da gərginləşdirib. Xəbər verildiyi kimi İspaniya hökuməti buna cavab olaraq Kataloniya hökumətini buraxıb, bölgənin separatçı lideri Karlos Puçdemonu Konstitusiyaya əsaslanaraq işdən azad edib. Lakin Puçdemon təslim olmur və kataloniyalıları «demokratik müqavimətə» səsləyib. Ekspertlər bu qarşıdurmanın İspaniyada vətəndaş müharibəsinə qədər gedib çıxa biləcəyini deyirlər.

Kataloniyanın müstəqillik elan etməsinə baxmayaraq hələlik dünya dövlətlərindən heç biri bu bölgəni müstəqil dövlət kimi tanımağa hazırlaşmır. Lakin keçmiş sovet respublikası ərazisində fəaliyyət göstərən və Rusiyadan dəstəklənən psevdo «dövlətlər», - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ bölgələrindəki separatçı rejimlər dərhal Kataloniyadakı həmkarlarına dəstək bəyanatları səsləndiriblər.

Və görünür heç də təsadüfi deyil ki, Rusiya KİV-ləri, əsasən da aparıcı rəsmi KİV-lər həmin separatçı rejimlərin Kataloniya hadisələrinə dair mövqelərini xüsusi canfəşanlıqla tirajlayırlar. Məsələn, qondarma «dqr xarici işlər nazirliyi» ötən gün Kataloniya parlamentinin qərarına dərhal dəstək ifadə edib və bəyanat verib. Həmin qondarma «dqr»in özünü dünyada heç kim dövlət saymadığına görə onun Kataloniyaya dair bəyanatının da əlbəttə ki, heç bir dəyəri ola bilməz. Ciddi media heç bu qondarma rejimin bəyanatından xəbər də düzəltməzdi. Lakin Rusiyanın rəsmi təbliğat ruporu «RT», RİA Novosti, TASS kimi rəsmi agentlikləri, o cümlədən digər aparıcı KİV-ləri dərhal bu bəyanatı hansısa önəmli xəbər kimi tirajlayıblar.

Bu, harada separatizm ocağı varsa orada Rusiyanın barmağı olduğuna bir daha dəlalət etmirmi? Axı elə İspaniyanın özündə də Rusiyanı Kataloniya separatizminə dolayısı və birbaşa dəstəkdə ittiham edirlər. Həm Kataloniyada referendum ərəfəsində və referendum dövründə, eləcə də ondan sonrakı proseslərdə Rusiya təbliğatı Puçdemon tərəfdarlarına açıq dəstək ifadə edib, Kataloniyanın müstəqilliyini Avropanın dağılması prosesi kimi çatdırıb.

Yaxud faktiki olaraq Rusiyanın nəzarətində olan Cənubi Osetiyanın qondarma «xarici işlər naziri» Dmitri Medoyev tələm-tələsik Kataloniyaya gedib və Puçdemona dəstək ifadə edib. Bildirib ki, müvafiq müraciət olsa Cənubi Osetiya «dərhal» Kataloniyanın müstəqilliyini tanıyacaq. Və təbii ki, Rusiya KİV-ləri bunu da geniş tirajlayır.

İspaniyanın «El Pais» qəetinə müsahibəsində Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves deyir ki, Rusiyanın Kataloniyanı dəstəkləməsi Qərb institutlarını, demokratiyasını dağıtmaq məqsədlərindən irəli gəlir.

İlves bildirir ki, Rusiya ABŞ-da, Avropada ifrat sağçı və ifrat solçu qruplara dəstək verir, onlarda etirazçı əhvalı qızışdırır və xaos yaratmağa çalışır. Çünki xaos hakimiyyət strukturlarının legitimliyinin itirilməsinə gətirib çıxarır. «Avropa İttifaqının, NATO-nun və ya ayrıca götürülmüş Avropa ölkəsi İspaniyanın dağılması Qərb üçün böyük təhdiddir. Rusiya bu istiqamətdə aktiv fəaliyyət göstərir», - o deyib.

 





29.10.2017    çap et  çap et