Ermənistanda səbəbin texniki xarakterli olduğu iddia edilsə də, əslində başqa, siyasi və iqtisadi xarakterli motivlərin rol oynadığı da istisna olunmur. Məsələn, sənəddə İrəvan qarşısında qəzalı vəziyyətdə olan Metsamor AES-in bağlanması tələbi var. Bu bəndə isə Ermənistanda ictimaiyyət və müxalifət səviyyəsində ciddi etiraz edilir.
Səbəb də o göstərilir ki, o halda işğalçı ölkə enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşə bilər. AES-in bağlanması həmçinin, onun əsas istismarçısı olan Rusiyanın da marağında görünmür. Hər necə olmasa, Metsamor AES satellit Ermənistanı Kremlə bağlayan mühüm tellərdən biridir.
Bundan əlavə, bəzi məlumatlara görə, Ermənistan AB ilə ikitərəfli anlaşma sənədində Qarabağla bağlı məsələnin həll formulu kimi «öz müqəddəratını təyinetmə» prinsipinin də əks olunmasına çalışır. Bu isə təbii ki, Azərbaycanı qane edə bilməz. Rəsmi Bakı bununla bağlı öz birmənalı mövqeyini artıq prezident İlham Əliyevin dilindən bəyan edib: Azərbaycanla imzalanacaq ikitərəfli sazişdə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əksini tapmalıdır. Əgər Ermənistanla sənəddə fərqli yanaşma olsa, bu, Bakının mövqeyinə də təsir edə bilər.
Yeri gəlmişkən, İlham Əliyev Brüssel sammitində iştirak edəcəyini də bildirib.
***
Yəqin ki, Ermənistanla tərəfdaşlıq sənədi daha tez imzalanacaq. Bunu AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə ali komissarı Yohannes Hanın hər iki məsələ ilə əlaqədar dünən verdiyi açıqlamalar da təsdiqləyir. Belə ki, o, Ermənistanla sazişin noyabrın 24-də - AB-nin sammitində deyil, «bir azca sonra, lakin mütləq imzalanacağını» deyibsə, Azərbaycanla tərəfdaşlığa dair danışıqların yaxın iki ayda başa çatmalı olduğunu söyləyib.
Musavat.com-un məlumatına görə, bu barədə o, Tallində keçirilən «Şərq tərəfdaşlığı»nın 4-cü biznes-forumunda bildirib. Yəni, Azərbaycanla çərçivə anlaşması təxminən ilin sonuna yekunlaşmalıdır. Demək, Azərbaycanın bir daha öz əsas şərti ilə bağlı situasiyaya qiymət vermək imkanı olacaq - hərçənd, AB-nin Azərbaycan və Ermənistanla çərçivə sənədləri eyni tarixdə imzalayacağını da tam istisna eləmək olmaz.
***
O da maraqlıdır ki, AB yetkilisi Ermənistanla sazişin ertələnməsinin konkret hansı səbəbdən baş verdiyinə aydınlıq gətirməyib. Ali komissar yalnız onu əlavə edib ki, «Ermənistanda islahatlar üçün büdcə vəsaitlərinin ayrılması şərtləri olduqca sərt olacaq və çatışmazlıqların heç biri nəzərdən qaçmayacaq».
Azərbaycana gəlincə isə Yohannes Han bunu da deyib ki, hazırda danışıqlar davam edir: «Müəyyən vaxt tələb olunurdu ki, anlaşmanın hansı sferaları əhatə edəcəyi dəqiq müəyyənləşdirilsin. Əminəm ki, anlaşma növbəti iki ayda əldə olunacaq».
Onu da qeyd edək ki, Azərbaycanla yeni anlaşma sazişi 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqda sazişi əvəz eləməlidir. Bu isə həm Avropa Birliyinə, həm də Azərbaycana imkan verəcək ki, ümumi hədəfləri və problemləri daha çox nəzərə alaraq əməkdaşlığa davam eləsinlər.
***
AB ilə çərçivə sazişinin imzalanması sözsüz ki, ölkəmizin Avropa ilə, bütövlükdə Qərblə münasibətlərə önəm verdiyinin nümayişi olacaq. Bunu ən əvvəl milli maraqlarımız, o sırada Dağlıq Qarabağ məsələsinin ədalətli həll zərurəti diktə edir.
Əksinə, xüsusən də Ermənistanın təşkilatla çərçivə sənədi imzalaması fonunda Azərbaycanın hansısa səbəbdən eyni addımı atmaması işğalçıya yaxşı bir sürpriz olardı - təbii ki, Qarabağ şərti təmin olunmayacağı halda. Bu şərti isə AB qəbul etməyə bilməz. Çünki Avropa Parlamentinin (AB-nin əsas orqanı) Ermənistanı işğalçı kimi tanıyan qərarı var.
O da maraqlıdır ki, məhz bu ərəfədə mənzil-qərargahı Strasburqda olan Avropa Şurasının Nazirlər Kabineti həbsdə olan REAL sədri İlqar Məmmədovun işi ilə bağlı noyabrın 29-dək Azərbaycana möhlət verib. Bu da Bakının Brüssellə anlaşma sənədinə dair müzakirələrin pik dövrünə təsadüf edəcək. Narahatedici məqam odur ki, bu dəfə də anlaşma olmasa, yəqin ki, məsələ Avropa Şurasının gələn ilin əvvəlində (yanvarda) keçiriləcək qış sessiyasına çıxarılacaq - nə vaxt ki, faktiki, Azərbaycanla Avropa Birliyi arasında çərçivə sənədi ilə bağlı müzakirələr də yekunlaşmalıdır.
***
Əlbəttə ki, Azərbaycanın düşmənləri çox istərdilər ki, İlqar Məmmədovun işinə görə Bakı-AB danışıqlarına da zərbə dəysin və Azərbaycan həm Avropa Şurasından çıxarılsın, həm də Avropa Birliyi ilə anlaşma sənədi baş tutmasın.
Yəqin ki, rəsmi Bakı bütün bunların fərqindədir və o, Avropa Şurasının möhləti ilə bağlı yekunda düşmən çevrələri məyus edəcək bir qərarı alacaq. Bununla da Azərbaycan Brüssellə Strasburq arasında seçim eləməli olmayacaq. Həm AB ilə həm də Avropa Şurası ilə konstruktiv əməkdaşlığa, yola davam edəcək.