Bəs bitkoin nədir? Azərbaycanda bu valyutadan istifadə nə dərəcədə realdır?
Bitkoin 2008-ci ildə Satoşi Nakamuto tərəfindən yaradılmış, hər hansı bir bankla, rəsmi təşkilatlarla əlaqəsi olmayan, ancaq ölkələrin pul vahidləri ilə alınıb satıla, transfer edilə bilən rəqəmsal pul vahididir. Bitkoinin özündən asılı bir dəyəri olmadığı üçün insanların istəyi ilə dəyər qazandığını söyləmək doğru olar. Onun dəyərini bazardakı tələb və təklif şərtləri təyin edir. Tələb artdıqca qiyməti artır, düşdükcə dəyəri azalır. Dövriyyədə məhdud miqdarda bitkoin var, yeni bitkoin yalnız tələb olduğu hallarda yaradılır.
Bitkoindən istifadə etmək üçün əvvəlcə cüzdan yaratmaq lazımdır. Bu virtual pulqabı həm mobil telefonda, kompüterdə, həm də internet vasitəsilə web xidmətlərindən istifadə etməklə yaratmaq olar. Adambaşına cüzdan limiti yoxdur. İstədiyiniz qədər cüzdan yarada bilərsiniz. Həm də bu cüzdan üçün xüsusi məlumatları verməyə də ehtiyac yoxdur. Yaradılan bu virtual pulqabı ilə pul almaq, göndərmək, hətta alış-veriş etmək də mümkündür.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, son vaxtlar bitkoinə atran maraq virtual kriptovalyutanın mübadilə məzənnəsinin 5 min dollara çatması ilə əlaqədardır. Ekspert bildirir ki, son vaxtlar böyük populyarlıq qazansa da, mərkəzləşdirilmədiyindən onun zəmanət mexanizmi yoxdur: «Bitkoin kriptovalyuta ehtiyatıdır və kriptovalyutanın yeganə növüdür ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bitkoinlər xüsusən də plastik kart funksiyasını yerinə yetirir. Bu virtual valyuta ilə internet üzərindən alış-veriş etmək mümkündür və bəzən internet səhifələrində bitkoindən istifadə zamanı güzəştlər də təklif olunur. Bitkoinlər həm plastik kart funksiyasını daşıyır, həm də qiyməti qalxırsa, istifadəçi yığım vasitəsi kimi ondan gəlir əldə edir. Yəni o həm də yığım vasitəsi kimi istifadə olunur. Amma bitkoinin əsas çatışmazlığı bu kriptovalyutanın çox həssas olmasıdır. Bitkoinlərin qiyməti xüsusən xarici ölkələrin qəbul etdiyi qərarlardan asılı olaraq müəyyənləşdirilir. Ondan yığım vasitəsi kimi istifadə xeyli risklidir. Bitkoinlərlə bağlı Beynəlxalq Valyuta Fondu da insanlara xəbərdarlıq etmişdi. Çünki bu valyuta mərkəzləşdirilməyib və mərkəzləşdirilmədiyinə görə də, onun zəmanət mexanizmi yoxdur. Hansısa ölkə bitkoinlərdən istifadəni qadağan edirsə, bu, nəticə etibarı ilə onun dəyərini itirməsinə gətirib çıxarır. Məsələn, bir müddət əvvəl Çin bitkoinlərdən istifadənin məhdudlaşdırılacağı ilə bağlı açıqlama vermişdi, bundan sonra bitkoinlərin qiyməti aşağı düşdü».
Ekspert deyir ki, istənilən halda, bitkoinlərin internet səhifəsinə daxil olmaqla hər kəs pul qabı yarada və bitkoin ala bilər. Eyni zamanda bitkoinin internet saytından qeydiyyatdan keçməklə yaxın ərazidə - Bakı şəhərində kimlərin bitkoinə sahib olduğunu, kimlərin bitkoin satdığını müəyyənləşdirmək olar. İşlənmə coğrafiyası ilə bağlı hər hansı bir məhdudiyyət olmadığına görə Azərbaycanda da işlənməsi realdır.
Bəzi iqtisadçılar isə hesab edirlər ki, bu ödəniş sisteminin tətbiq olunması üçün ilk növbədə cəmiyyətdən hökumətə təklif getməlidir. Yəni ilk növbədə bitkoinin ödəniş vasitəsi kimi bazarı yaranmalıdır. Həmçinin Azərbaycan əhalisi arasında kriptovalyutanın tətbiqi barədə informasiya çox aşağıdır.
İqtisadçı Rəşad Həsənov hesab edir ki, bunun üçün təbliğat işi aparılmalıdır. İnvestorlar və digər fərdi şəxslər tərəfindən bu ödəniş vasitəsinə tələb yarandıqda, artıq hökumət də hərəkətə keçər və sistemin tətbiqi üçün işlər görməyə başlayar. Əsas məsələlərdən biri bitkoinin ödəniş vasitəsi kimi hüquqi bazasının yaradılmasıdır. Bunun üçün isə əvvəlcə bazar formalaşmalıdır.
İqtisadçının sözlərinə görə, Azərbaycanda bitkoinlərin ödəniş vasitəsi kimi tətbiq olunması növbəti mərhələlərdə mümkün olacaq: "Dünyada bu virtual ödəniş vasitəsi sürətlə genişlənməkdədir. Artıq bir çox ölkələr bitkoinlərin tədavülünə icazə verirlər. Bitkoinlərin dəyəri qısa müddət ərzində 100 dəfərlərlə artıb. Bir çox ölkələr hazırda bu ödəniş vasitəsinin hüquqi bazasını yaradır. Məsələn, artıq Yaponiyada bitkoinlər rəsmi ödəniş vasitəsi kimi qəbul olunub. Həmçinin ABŞ-da bu ödəniş vasitəsinə keçidlə bağlı müzakirələr aparılır. Sürətlə qloballaşan dünyada bu sistemin Azərbaycana qısa müddət ərzində tətbiq edilməsi üçün təbliğat işi genişləndirilməlidir. Azərbaycanlılar nağd pulla ödəniş etməyə daha maraqlıdırlar. Ona görə də, bu sistemin kütləviləşməsi üçün böyük iş görülməlidir. Təbliğat aparmaqla bitkoinləri insanlar üçün etibarlı ödəniş vasitəsinə çevirmək mümkün olar.
Bitkoinlər barədə informasiyanın aşağı olmasına baxmayaraq, Azərbaycanda da bu ödəniş vasitəsini əldə edən və internet üzərində əməliyyat aparan şəxslər var».
Xatırladaq ki, bu il sentyabrın 30-dan etibarən Azərbaycanın internet məkanına azcoin.az adlı sayt daxil olub. O hələlik tam fəaliyyətə başlamayıb, pilot layihə kimi təqdim olunub. Bununla da Azərbaycanda milli kriptovalyutanın yaradılması prosesinə start verilib.
Məlumat üçün bildirək ki, bitkoinlə ilk real alış 7 il bundan öncə baş tutub. Lazlo Xaqneş 10 min bitkoinə «Papa John’s» restoranından iki pizza sifariş edib. O vaxt 1 bitkoin 1 dollardan aşağı qiymətə satılırdı. Bu gün həmin o iki pizzaya xərclənən bitkoinləri 21 milyon dollardan daha çox məbləğə dəyişmək olardı.
Əvvəl tranzaksiyaların anonimliyindən istifadə edərək, bitkoinləri narkotik, silah və saxta sənədlərin alış-satışının hesablamaları üçün istifadə edirdilər. Daha sonra bitkoinləri dünyada qəbul edən şirkətlərin sayı artdı. Məsələn, 2013-cü ildə «Lamborghini» bu kriptovalyutanı qəbul edən ilk avtomobil şirkəti oldu. Həmçinin, həmin il «Skycraft Airplanes» aviaşirkətinin təyyarəsi bitkoinlərlə satılan ilk təyyarədir.