Vaxt.Az
Qrip yenə can alır
Meksikada 16 gündə 32 nəfər ölüb, Çində isə 96 nəfər yoluxub ...
İlin ilk 23 günü ərzində Meksikada qrip epidemiyası səbəbindən həyatını itirənlərin sayı 130-u ötüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2014-cü il, yanvarın 16-sı ilə müqayisədə, ölənlərin sayı həftə ərzində 322% artıb (ayın ilk 16 günündə 32 nəfər ölüb).
Belə ki, 123 nəfər «donuz qripindən» dünyasını dəyişib, 10 nəfər – «A», 2 nəfər «B» və H3N1 viruslarının qurbanı olub.
Ölüm hallarının ən çoxu Aşağı Kaliforniya ştatında (21), İdalqo ştatında (12) və ölkənin Federal dairəsində baş verib (13).
Xatırladaq ki, ilk dəfə «donuz qripi» epidemiyası 2009-cu ildə məhz Meksikada baş qaldırıb.
Çində isə H7N9 quş qripinin yayılması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin səhiyyə orqanlarının məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib.
Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb.
Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb.
Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib.
28.01.2014 çap et