«Manafortla keçmiş biznes tərəfdaşı Rik Geytslə birlikdə federal hakimiyyətə təslim olmalıdır», - «The New York Time» qəzeti belə yazır.
CNN-in məlumatına görə, Manafort bu əmr yerinə yetirməyə, təslim olmağa hazırlaşır. «Reuters» xəbər verir ki, Manafortu oktyabrın 30-da evindən çıxan görüblər, amma hara getdiyi, hələlik, bəlli deyil. İttihamlar dərhal açıqlanmasa da, bu xüsusi prokuror Robert Müllerin istintaqında ciddi dönüş sayılır.
ABŞ kəşfiyyat rəsmiləri yanvarda belə bir qənaətə gəliblər ki, Rusiya prezidenti Vladimir Putin ötən il ABŞ-da seçki kampaniyasına «təsir göstərmək» göstərişi verib, məqsəd ABŞ demokratiyasına inamı sarsıtmaq, Trampın rəqibi Hillari Klintonun nüfuzunu zədələmək, Trampa kömək etmək olub.
ABŞ mediası yazır ki, Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı istintaq çərçivəsində ilk həbs oktyabrın 30-da gerçəkləşə bilər. İstintaqı xüsusi müşavir Robert Müller aparır. Əvvəlcə CNN, daha sonra NBC, «Reuters» və digərləri ötən həftə xəbər yayıblar ki, artıq istintaq çərçivəsində ilk ittihamlar irəli sürülüb. Ancaq hədəfin kimliyi açıqlanmır. Anonim mənbələrə istinadla yayılan xəbərlərə görə, federal böyük jüri ittihamnaməni təsdiqləyib, federal hakim də onu möhürləyib.
İttihamnamənin oktyabrın 30-da ictimaiyyətə açıqlanacağı gözlənir. Müller Rusiyanın ötənilki seçkiyə iddia olunan müdaxiləsini araşdırır, onu bu vəzifəyə Ədliyyə Departamenti təyin edib. Rusiyanın prezident postuna seçilmiş Donald Trampın seçki kampaniyası, yaxud keçid komandasıyla mümkün əlaqələri araşdırılır.
***
14:00
ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller şübhəlilərdən ilk qrupuna qarşı rəsmi ittiham irəli sürüb. Virtualaz.org xəbər verir ki, bu xəbər ötən həftə sonu mətbuata sızdırılıb. Lakin kimlərə qarşı ittiham irəli sürüldüyü məlum deyil, gözlənilir ki, həmin ittihamlar əsasında prezident Donald Trampın yaxın ətrafında bu gün ilk həbslər aparılacaq.
«The Guardian» yazır ki, xüsusi prokuror Robert Müllerin Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı ilk həbs orderlərini imzaladığı barədə yayılan xəbərlərin ardınca Donald Tramp qəzəb püskürən «twit» hücumuna başlayıb. O yazıb ki, Müller «mövcud olmayan Tramp-Rusiya sövdələşməsi məsələsini» araşdırır.
Prezident bunun əvəzində diqqətin Hillari Klintonla bağlı qalmaqalların üzərində cəmləşməsini istəyir və «nə isə edin» yazır.
Tramp özünün son tənqidləri ilə Müllerin qərəzsizliyinə şübhə yaratmağa çalışıb. Bu arada Nyu Cersi ştatının qubernatoru Kris Kristi ABC kanalına verdiyi müsahibədə deyib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdıran böyük andlılar heyətinin qərarları məxfi qalmalıydı.
Kristi və Tramp öz qəzəblərini Müllerin üzərinə yağdırdığı bir vaxtda xüsusi prokurorun sanksiyası ilə ilk həbslərin həyata keçirləcəyi gözlənir.
CNN, «Reuters» və «Wall Street Journal» yazırlar ki, xüsusi prokurorun göstərişi ilə elə bu bazar ertəsi bir və ya daha çox həbs ola bilər.
Tramp həbs sanksiyalarının üstünü vurmadan qəzəbli «twit»lər yazıb. O bəyan edib ki, «indiyədək görünməmiş qəzəb və həmrəylik nümayiş etdirən respublikaçılar Hillari Klinton məsələsinin araşdırılmamasından narahatdırlar».
Prezidentin «twit»ində deyilir ki, «Rusiya və uran sazişi, 33 min silinmiş e-mail və Ceyms Komi məsələsi araşdırılmalıdır».
«Əvəzində onlar mövcud olmayan saxta Tramp-Rusiya məsələsini araşdırırlar. Demokratlar bu dəhşətli (və ölkəmiz üçün çox ziyanlı) əcinnə ovundan şər siyasəti üçün istifadə edirlər. Demokratların və Klintonun o qədər günahı var ki… Amma respublikaçılar misilsiz bir qəzəblə buna qarşı çıxırlar».
O bu bəyanatının sonunda bildirir ki, «bütün bu Rusiya söz-söhbəti» respublikaçıların «tarixi vergi ixtisarları və islahatları həyata keçirmək istədikləri vaxt baş verir».
Mümkün həbslər barədə xəbərlərin bir neçə mediada yayılmasından sonra davakar Kris Kristi Müllerin komandasını «cinayətkar xəbər sızdırmasına» görə ittiham edib.
O, CBS-in «Face the Nation» proqramına deyib ki, bütün araşdırma məxfi olmalı idi. Kristi bildirib ki, böyük andlılar heyətinə aid məlumatın məxfiliyini tələb edən qanunlar var və bu xəbərlərin CNN-ə sızdırılması cinayət sayıla bilər.
Habelə ABC-nin «This Week» proqramında çıxış edən Kristi ümid etdiyini bildirib ki, bu sızmaların Müllerin komandasından qaynaqlanmadığına ümid etmək istərdi. O bildirib ki, bir keçmiş prokuror kimi belə sızdırmalara görə cinayət məsuliyyətinin daşındığını yaxşı bilir.
Müller tərəfindən barələrində cinayət işi qaldırılanalrın adları bazar günü sirr olaraq qalırdı, amma bəzi mənbələr söhbətin nisbətən «xırda fiqurlardan» getdiyini bildirirdilər.
Rusiyanın 2016-cı ilin ABŞ seçkisinə müdaxiləsi məsələsi Trampın prezidentliyinə lap əvvəldən kölgə salıb. Yanvar ayında ABŞ kəşfiyyat orqanları bildirmişdilər ki, Rusiya Trampın Klinton üzərində qələbəsini təmin etməkdən ötrü sosial mediada təbliğat kampaniyası aparıb.
Xüsusi prokuror Müller Trampın seçki kampaniyası komandasının Rusiya ilə mümkün sövdələşməsini araşdırır. Bəzi xəbərlərə görə Müllerin araşdırdığı məsələlər arasında həm də çirkli pulların yuyulması və vergidən yayınma da var.
Bu arada Trampın düşərgəsində olan respublikaçılar xüsusi prokurorun istefasına çağırıblar. Lakin Müllerin vəzifəsindən kənarlaşdırılması Konqresdə prezidentə qarşı hərəkətlərin başlanmasına səbəb ola bilər.