Kataloniyanın keçmiş ərazi məsələləri üzrə naziri bazar ertəsi səhər işə çıxıb və vəzifələrini icra etməyə davam edəcəyini vəd edib.
Lakin qısa müddət sonra o, polisin müşayiəti və müstəqillik tərəfdarlarının alqışları altında binanı tərk edib.
O, mümkün həbslə üzləşən bir çox Kataloniya liderindən biridir. Bazar ertəsi İspaniyanın baş prokuroru keçmiş Kataloniya hökumətinin liderlərinə qarşı ittiham irəli sürəcəyini bildirib.
«Kataloniyanın regional hakimiyyətinin əsas siyasi liderlərinə qarşı üsyan, qiyama çağırış, mənimsəmə ittihamları sürülüb. Onlar son illərdə verdikləri qərarlar və atdıqları addımlar ilə beynəlxalq böhrana səbəb olub», deyə baş prokuror Hose Manuel Maza bildirib.
Həmin ittihamlarla maksimum 30 il müddətinə həbs cəzası nəzərdə tutulur. İndi artıq hakim prokurorun tələbini nəzərdən keçirəcək.
İttihamlarla üzləşən Kataloniyanın keçmiş prezidenti Karles Puçdemon köhnə kabinet üzvləri ilə birlikdə Belçikaya qaçıb. Siyasi bloqqer Luis Kornaqo deyir ki, Madrid onun hərəkət edə bilməsini məhdudlaşdırmağa cəhd edə bilər.
«Məncə bu addım əks təsir yaradacaq, çünki bu, onun həbs edilmək şansını artırır. Lakin bəziləri deyir ki, onların istədikləri də məhz budur. Onlar cəfakeş olmaq istəyir», Kornaqo deyir.
Puçdemonun partiyasının rəsmiləri İspaniya hökumətinin böhrana cavab olaraq dekabrda keçirəcəyi regional seçkilərdə iştirak etmək istədiklərini bildirib.
«Biz Kataloniya institutlarını yox etmək cəhdinə qarşı mübarizə aparacağıq», Kataloniyanın Demokratik Partiyasından Marta Paskal bildirir.
Kornaqo deyir ki, bu seçkilərin böhranı aradan qaldırmaq ehtimalı çox azdır.
«Məncə Kataloniya hökuməti ilə İspaniya hökuməti arasında danışıqlar olmalıdır. Əgər nəticə eyni olsa və Kataloniyanın müstəqillik tərəfdarı partiyaları 2015-ci ildə olduğu kimi parlamentdə çoxluq təşkil etsə - vəziyyət çətin olacaq», Kornaqo deyir.
Müstəqillik tərəfdarları ilə rəqib birlik tərəfdarları son günlərdə böyük nümayişlər həyata keçirib və bu, katalanlar ilə İspaniya cəmiyyəti arasında dərin bölgülərin yaranmasına səbəb olub.
Həftənin başlaması ilə nisbi sakitlik yaranıb. İspaniya hökuməti sülhün bərqərar olunması üçün Kataloniya polisinə arxalanır.