Vaxt.Az

Yeni baş məşqçi kim olmalıdır və niyə?


 

Futbol biliciləri Prosineçkinin milidəki işini qiymətləndirirdi

Yeni baş məşqçi kim olmalıdır və niyə? «Son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?» adlı layihənin icrasını davam etdiririk.

Dünən millimiz üçün mühüm qərar qəbul edildi. Bu ilin dekabrında yığmamızla müqavilə müddəti başa çatacaq Robert Prosineçki AFFA rəhbərliyi ilə görüşərək, müqavilə müddətinin artırlmaması ilə bağlı razılığa gəldi. Xorvat mütəxəssisin millimizdən ayrılacağı ilə bağlı iddialar daha öncədən yayıldığından, onun postuna kimin təyin edilməli olması əvvəldən müzakirə edilməyə başlanmışdı. İndi isə millimiz rəsmən baş məşqçisizdir. Bəs 2014-cü ildə yığmamıza baş məşqçi təyin olunan Prosineçkinin son seçmə mərhələdəki işini necə qiymətləndirmək olar? Millimizə tarixi ərzində rekord xal (10 xal) qazandıran mütəxəssisin son tsikldəki işini qənaətbəxş saymaq olarmı? Onu kim əvəz edə bilər?

 

Məsələylə bağlı futbol ictimaiyyətinə iki sualla müraciət etdik:

 

1. Robert Prosineçkinin milidə son tsikldəki işini necə qiymətləndirirsiz?

2. Sizcə, yeni baş məşqçi kim olmalıdır və niyə?

 

Vaqif Sadıqov, AFFA Məşqçilər Komitəsinin sədri

1. Məncə, Prosineçki komandada özünəinamı qaytara bildi. Ümumiyyətlə, onun fəaliyyətini müsbət qiymətləndirərdim. Fikrimcə, çalışdığı dövrdə Azərbaycan futboluna yalnız xeyir verdi. Ona minnətdar olmalıyıq ki, getmək barədə qərarında da bizə qarşı səmimi oldu. Açıq-aşkar bildirdi ki, «mən bu komanda ilə bundan artığına nail ola bilmərəm». Baxmayaraq ki, bir çox ilklərə imza atdı və bir çoxu da onun işindən razı idi. O isə özündə güc taparaq, doğrunu etiraf etdi.

 

2. Əcnəbi mütəxəssis gətiriləcəksə, məncə, elə Prosineçkinin qalıb işləməsi məsləhətli idi. O, son 3 ildə burda çalışıb. Daha 3 il qalıb, işini davam etdirə bilərdi. Prosineçki Azərbaycan futboluna yaxşı bələddir. Lakin o gedibsə, məncə, milli yerli mütəxəssislərdən birinə həvalə edilməlidir. Hamımız da onun ətrafında birləşib, həmin məşqçiyə tam dəstək olmalıyıq. Uğurlu nəticə üçün ona hər cür kömək etməliyik. Bu gün millini çalışdıra biləcək bir çox yerli mütəxəssis var. Onların başında da Qurban Qurbanov gəlir. O, yerli futbolda uğur qazanmış mütəxəssisdir. Qurbana etimad göstərməklə yanılmarıq. Məncə, o, millinin baş məşqçisi təyin edilsə, Azərbaycan futbolunu bundan da yüksək nailiyyətlər qazandırmağa qadir mütəxəssisdir. Amma təbii ki, bu, mənim subyektiv fikrimdi.

 

Mahir Rüstəmli, «Futbol+» qəzetinin baş redaktoru

1. Komanda pis təsir bağışlamadı. Sadəcə, Robert Prosineçki və yetirmələri uğurlu startın davamını gətirə bilmədi. Ötən ilin noyabrında Şimali İrlandiyaya səfərdəki acı məğlubiyyətdən sonra belə, işləri yoluna qoymaq mümkün idi. Amma Prosineçki və komandası elə həmin rəqiblə ev oyununda qəhrəmanlığı bacarmadı və faktiki üstün olduğu oyunu məğlubiyyətlə bitirdi. Yekun fikrim budu ki, xorvat mütəxəssis həlledici anda komandanı toparlaya, ona düzgün yol göstərə bilmədi. Bu başqa məsələ ki, Prosineçkili yığma oyun planında Berti Foqtsun dövrü ilə müqayisədə daha yaxşı təsir bağışladı, lazım gələndə hücum futbolu oynamağı bacardığını da göstərdi.

 

2. Fikrimcə, yığmanın növbəti baş məşqçisi əcnəbi yox, yerli çalışdırıcı olmalıdır. Ölkənin indiki futbolçu resursu böyük turnirlərin final mərhələsinə qatılmağa imkan vermirsə, əcnəbiyə və onun məşqçi korpusuna çox pul xərcləməyin mənası yoxdur. Komandanı indiki səviyyəsindən ən azı bir addım irəli apara biləcək yerli məşqçilər var ki, onların da önündə Qurban Qurbanov gəlir. Adam artıq 45 yaşı arxada qoyub, ortada uğurlu «Qarabağ» nümunəsi var, yığmanı çalışdırmaq istəyini də heç vaxt gizlətməyib - sadəcə, AFFA nəyi gözləyir, anlamıram...

 

Ceyhun Əliyev, «Sport24.az» saytının baş redaktoru

1. Prosineçkinin işini iki hissəyə bölərdim: Türkiyədən gələn təklifədək olan iş və bundan sonrakı. Xorvatiyalı həqiqətən də milli komandamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Doğrudu, Berti Foqts kimi yaramazdan sonra bunu etmək elə də müşkül məsələ deyildi, yetərdi ki, milli komandanı alçaldan axmaq-axmaq müsahibələr verməyəsən. Ancaq insafən Robert futbolçularımıza özünəinam hissini qaytarmağı bacardı. Elə bu inamın nəticəsi idi ki, 3 oyundan sonra millimiz adət etmədiyi yerdə qərarlaşmışdı. Ancaq Bakıda Şimali İrlandiya ilə oyundan əvvəlki məlum olay və həmin görüşün son dəqiqəsində buraxılan qol Prosineçkini işindən soyutdu. Orasını deyə bilmərəm ki, «Kürən»ə qrup ikincisi olacağımız təqdirdə hansısa astronomik mükafat vəd edilmişdi və o da britaniyalılarla qarşılaşmadan sonra bu bonusdan əlinin üzüldüyünü gördükdən sonra işindən soyuyub. Ancaq fakt faktlığında qalır ki, məhz Şimali İrlandiya ilə matçdan sonra xorvatiyalı işləmədi. İlk sualın cavabını yekunlaşdıraraq, qeyd edim ki, Prosineçkinin işinin ilk mərhələsini yaxşı, ikinci hissəsini isə qeyri-kafi qiymətləndirirəm.

 

2. İkinci suala gəlincə, burda prioritetlər bilinməmiş, konkret mütəxəssisin üzərində fokuslanmaq doğru olmaz. Yaxın 2 ildə nəticədən danışırıqsa, onda əcnəbi mütəxəssis gətirilməlidir. Yox, planlı şəkildə görüləcək işlərə söykəniləcəksə, belədə, Qurban Qurbanovu ideal namizəd sayıram. Ancaq çətin ki, AFFA 6-8 illik plan həyata keçirmək niyyətini güdə. Deməli, prioritet növbəti 2 il olacaq. Millimizin Avropa çempionatının final mərhələsinə qatılmaq şansını dəyərləndirərkən, utopik seçmə mərhələ xülyasından kənar dayanmaq lazımdı. Millətlər Liqasından keçən yol daha rəvan görünür. Baş məşqçinin adını söyləmək müşküldür, mümkünsüzdü. Lakin portret cizgilərini aşağıdakı kimi görürəm:

 

1) Milliyə namizəd futbolçularla xoş münasibət qurmalıdır;

2) Azərbaycanda yaşamalıdır;

3) Verdiyi müsahibə/açıqlamalarında yığmamızın uğur qazanacağına əminliyini büruzə verməlidir;

4) Media ilə münasibətlərə xüsusi diqqət yetirməlidir;

5) AFFA rəhbərliyi ilə bağladığı müqavilənin dərc olunmasında maraqlı olmalıdır. Ki, hansısa KİV sabah müxtəlif iddialarla çıxış etməsin;

6) Seçmə mərhələni Millətlər Liqasına (ML) qurban verəcəklərini əvvəlcədən bəyan etməlidir ki, hər kəs məhz nəticəni ML-dən gözləsin və seçmə mərhələyə görə yetirmələrini əvvəlcədən tənqiddən azad etsin.

 

Araz Əhmədov, «Sportfm.az» saytının baş redaktoru

1. Düşünürəm ki, Robert Prosineçki millimizə bəzi yeniliklər gətirə bildi. Oyun üslubunda da dəyişiklik oldu. Onun rəhbərlik etdiyi oyunlarda millimiz müdafiədən hücuma daha tez sürətli çıxırdı. Ancaq son zamanlar həvəssiz çalışdığı açıq-aşkar sezilirdi. İşini qənaətbəxş dəyərləndirirəm.

 

2. Hazırda Qurban Qurbanovun adı tez-tez hallanır. Mənim fikrimcə, Qurbanov millimizlə paralel «Qarabağ»ı çalışdırsa, lazımi effekti olmayacaq. Üstəlik, «Qarabağ»ın zəifləcəyi qaçılmazdı. Qurbanı millidə qazanmaqdan çox, itirə bilərik. Almaniyalı mütəxəssisə üstünlük verilməlidir. Almanlar tapşırığa baxmırlar. Təbii ki, Berti Foqts kimi almana yox.

 

Tahir Süleymanov, keçmiş hakim, futbol mütəxəssisi

1. Millinin çıxışına tək baş məşqçi prizmasından yanaşmaq doğru deyil. Son 12 ildə Torres, Foqts, Prosineçkiyə milyonlarla vəsait xərclənib. Heç bir ciddi uğur qazanılmayıb. Yalançı rekordlar fonunda müqayisə oluna biləcək millilər var. Sloveniya, İrlandiya, Slovakiya və s... Bu ölkələrdə Azərbaycanla müqayisədə yığmalara qat-qat az vəsait xərclənir. Azərbaycan millisində baş məşqçi problemi əsas deyil, futbol sistemsizliyi mövcuddur. Futbolu bilməmək, şəxsi maraqlar, onlarla milliləşdirilmiş səviyyəsiz futbolçular, idarəçilikdə olan səriştəsizlik nəticəsində klubların kütləvi dağılması, uşaq-gənclər futbolundakı biabırçı durum, yüz milyonlarla dollarların mənasız layihələrə sərf olunması...Vaxtilə qrup adını dilə gətirməyə qorxan futbolumuzda ilk dəfə olaraq bu iddianı və nəticəni həyata keçirən insanlardan biri kimi tam əminliklə bildirirəm: millimizin Avropa və dünya çempionatlarına vəsiqə qazanması xəyal deyil, həyata keçirmək mümkündür və belə də olmalıdır. Yetər ki, işlər düzgün qurulsun. Həvəskar San Marino üzərində qələbələr qazanıb tarixi uğurdan dəm vurmaq futbol qalsın bir kənara, mənəviyyatsızlıqdan başqa bir şey deyil. Foqts, Prosineçki kimi dünyaca təcrübəli simalar qarşılarında səlahiyyətli futbol diletantlarını görəndə milyonlarını qazanıb sonda futbolumuz və «niyə də yox»lar haqqında «xoş» sözlərini bildirirlər. Foqtsun son açıqlamaları, Prosineçkinin Azərbaycana son gəliş-gediş oyunları dediklərimə sübutdur. Xatırlayırsınız, 7-8 il öncə federasiyanın verdiyi bəyanatlarla 2016-da finallarda olmalıydıq. 2017-ci il bitir artıq... Yenə beşinci yer və qazanan işbazlar, «menecerlər», eddilər oldu. Uduzan isə yenə Azərbaycan futbolu. U-21, digər yığmalarımızın çıxışlarını nəzərə alsaq, vəziyyətin necə acınacaqlı durumda olduğunu görmək çətin deyil. Azərbaycan futbolunda təfəkkür, idarəçilik, işə yanaşma, sistem dəyişilməsə, məşqçilər əlcək kimi dəyişiləcək, milyonlar qazanılacaq, milli isə yerində sayacaq...

 

2. Yuxarıda böyük ölçüdə sualın cavabını bildirdim. Dövlət tərəfindən ayrılan milyonların qarşılığında Azərbaycan millisinə UEFA yerini göstərdi. Lüksemburq, San Marino, Kosova, Andorra, Lixtenşteynlə daldalanmaq. Görək bəy tərifləri ilə zəiflərin arasında duruş gətirib böyüyə biləcəklərmi?! Yəqin dünya çempionatı səviyyəsində mükafatlar da olacaq. Daldalananlar arasında 3-4 qələbə qazanıb yeni «tarix»lərdən geniş danışmaq olacaq. Daldalanlar arasında baş məşqçi müzakirəsinin özü daldan atılmış daşa bənzəyir. Azərbaycan futbolunda baş məşqçi müzakirəsi yox, sistem müzakirəsi aparılmalıdır. «Baş məşqçilər» yerindədir...

 

Cavid Hüseynov, millinin üzvü və «Qəbələ» FK-nın futbolçusu

1. Bundan da yaxşı ola bilərdi. Ancaq ümumi olaraq pis dəyərləndirmək də olmaz. 10 xal topladıq. Lakin nəticə olaraq, bundan daha yaxşısına nail ola bilərdik. Məsələn, Çexiya ilə ev oyununda qələbə qazana bilərdik, Şimali İrlandiya ilə qarşılaşmada da. Elə oyundan sonra ən azı heç-heçə edə bilərdik. Məncə, yığmanın oyununda əvvəlki illərə nisbətən irəliləyiş var idi. Rəqibin kimliyindən asılı olmayaraq, bütün komandalara qarşı müdafiə yox, hücum futbolu oynayırdıq. Məncə, bu cəhətdən irəliləyiş var.

 

2. Milli bütün ölkəni təmsil edir. Mən istəyərdim ki, yerli və ya əcnəbi məşqçi olmasından asılı olmayaraq, yığmaya yeni təyin olunan məşqçi qorxaq futbol oynatmasın. Bizdən qat-qat güclü, məsələn, Almaniya ilə oyunda belə, müdafiə futbolu, qorxaq futbol oynatmasın. Əcnəbi mütəxəssis dəvət olunacaqsa, futbolu bizim oynadığımız futbola bir qədər yaxın olduğuna görə, istəyərdim ki, İspaniyadan olsun. Ancaq ümumilikdə, əcnəbi və ya yerli mütəxəssisin təyin edilməsinin mənim üçün elə də fərqi yoxdur. Əsas odu, milliyə qorxaq futbol oynatmasın. (Komanda.az)

 





01.11.2017    çap et  çap et