Vaxt.Az

«Halal bərəkət»də haram çıxdı


 

Süd məhsulları reseptlə deyil, gözəyarı hazırlanırmış

«Halal bərəkət»də haram çıxdı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, süd məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Dördyol Adil Mustafa oğluna məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı «Halal Bərəkət» nişanlı süd məhsullarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, xammal və istehsal olunmuş məhsulların temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar edilib. Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində məhsulların markalanmasının da standartların tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, məhsullar üzərində onların saxlanma şəraiti, yararlılıq müddəti, tərkibi haqqında təhrif olunmuş məlumatlar göstərilib.
Reseptura üzrə yararlılıq müddəti 10 faiz yağlı xamada 72 saat, 3,2 faiz yağlı qatıqda 14 sutka, dovğada 14 sutka, ayranda 72 saat olduğu halda hər birində əsassız olaraq 20 sutka qeyd edilib. Həmçinin 1,4 faizli ayranın yağlılığı 1,6 faiz göstərilib. Pendir istehsalı zamanı texnoloji prosses bitdikdən sonra istehsalçı müəssisədə 8 dərəcədən yuxarı olmayan temperaturda duz məhlulunun içərisində saxlanılmalı olduğu halda, məhsul dəmir qablarda polietilen klyonkaların içərisinə qoyularaq soyuducularda saxlanılıb.
Müəssisədə yoxlama zamanı istehsalda istifadə üçün nəzərdə tutulmamış tərkibi saflaşdırılmış, dezodorasiya edilmiş bitki yağlarından ibarət süd yağı əvəzedicisi aşkar edilib.
Müəssisənin resepturalarında bitki yağından istifadə edilməsi nəzərdə tutulmadığı halda, normativ sənədlərin tələblərinə zidd olaraq məhsulların istehsalında bu yağdan istifadə edilib.
Aşkar edilən bu və digər nöqsanlarla bağlı normativ sənədlərin tələblərinə cavab verməyən məhsul partiyası aktlaşdırılaraq satışının qadağan olunması barədə tələbnamə verilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub.
 





28.01.2014    çap et  çap et