Vaxt.Az

Şeyx fətva verdi


 

«Xarici ölkələrdə döyüşən şəxslərin şəhidlik məqamına aid edilməsinin əsası yoxdur»

Şeyx fətva verdi Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazilər Şurasının fətva verib. QMİ-nin mətbuata verdiyi məlumata görə, fətvada qeyd edilir ki, son zamanlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq aşağıdakıları bildirməyi vacib sayır:
«İslam dinində şəhidlik - iman, haqq, ədalət, vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 yanvar, Qarabağ şəhidlərimizin haqqı var. Odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur. Onların ruhlarını böyük ehtiramla yad edir». 
Fətvada qeyd edilib ki, şəhidlik fəlsəfəsinə görə, müqəddəs Hədisi-Şərifdə buyurulduğu kimi vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhidliyin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. «Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifi düşüncələri məqsədli şəkildə cəmiyyətimizə sirayət etdiriməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlilərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır». 
QMİ bəyan edir ki, bu şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. 
«Əqidə iman təşəbbüsü ilə tamamlanmırsa kamil deyil. Belə ki, Peyğəmbərimiz Məhəmməd Salavatullahın buyurduğu kimi «vətəni sevmək, qorumaq imandandır». 
Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi erməni ekstremistləri tərəfindən işğala məruz qalıb, Xocalı qətliamının acısını bu günədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Mühəmməd Salavatullah buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil.
Belələrinin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Onlar əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar.
Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucaltmışıq. Biz xalqımızın milli mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgələrimizdə xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənləri təsirinə düşərək dövlətimizin «dini etiqad azadlığı haqqında» qanununa zidd hərəkətlərə yol verən şəxsləri həm müqəddəs dinimizə, həm də xalqımızın dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. 
Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzər alaraq belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir». 
Qazilər Şurası qərar alıb ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini bu fətvada əksini tapan məqamları dindarlara, xüsusilə gənc nəslə çatdırsınlar. «Ümidvarıq ki, xalqımız dindarlarımız İslamın şəhidlik cihad fəlsəfəsini mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərini hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünə, vətənimizin davamlı tərəqqisini, müqəddəs dini mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcək».
 





28.01.2014    çap et  çap et