Onu da qeyd edək ki, Azərbaycanda iqtisadi islahatların aparılmasını zəruri sayan müstəqil ekspertlər neftin qiymətinin düşməsinin bu sahədə irəliləyişə səbəb olacağını gözləyirdilər. Bir sıra müxalifət nümayəndələri də bu prizmadan yanaşaraq, neftin ucuzlaşmasını Azərbaycan üçün müsbət tendensiya kimi qiymətləndirirdilər. Lakin proseslərin gedişi göstərdi ki, neftin ucuzlaşması sadə insanların həyatında, sosial vəziyyətində problemlərə yol açdı, iş yerlərinin bağlanmasına, əhalinin gəlirlərinin azalmasına gətirib çıxardı. Bütün bunları nəzərə almaqla, «Neftin yenidən bahalaşmasına sevinirsinizmi» sualı ilə müxalifət və media nümayəndələrinə üz tutduq.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, neftin qiymətinin yüksəlməsi müvəqqətidir: «Neftin qiymətini bahalaşdıran iqtisadi deyil, siyasi amillərdir. Bildiyiniz kimi, İraqda Kürdüstanla bağlı böhran qiymətlərin artmasına səbəb olmuşdu, o məsələ tədricən həllini tapır və buna görə də yaxın vaxtlarda neftin qiyməti yenidən düşməyə başlayacaq».
Partiya sədri neftin qiymətinin düşməsini təəssüf doğuran hal kimi qiymətləndirir: «Ona görə ki, Azərbaycanın gəlirlərinin çox böyük hissəsi neft hesabınadır».
İ.Ağazadənin fikrincə, hökumət neftin qiymətinin düşməsini gözləmədən aqrar sektorda hərtərəfli islahatlar paketi işləyib, ona uyğun tədbirlər həyata keçirməliydi: «Əvəzində Neft Fondundan büdcəyə transfertlər artırıldı, müxtəlif istiqamətlərə xərcləndi, son nəticədə qeyri-neft sektorunda hər hansı inkişafa nail olunmadı. Görünən budur ki, neftin qiymətinin düşməsi də hökuməti ciddi islahatlara getməyə sövq etmədi. Elə indinin özündə də cari islahatlar yolu tutulub ki, bu da ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa imkan vermir».
Partiya sədri neft və neft məhsullarından gələn gəlirlə əhalinin həyat səviyyəsinin sabit saxlanmasına nail olunduğunu və bunun davam etdiriləcəyini bildirir: «Rəsmi məlumatlara görə, neft bumu vaxtı dövlətin maliyyələşdirdiyi investisiya layihələri çərçivəsində işlərə cəlb olunanların sayı 950 min nəfər idi. İndi belə işçilərin sayı təxminən 300 min nəfər civarındadır. Yəni neftin ucuzlaşması dövlət investisiyalarını azaltmağa, bu isə öz növbəsində yüz minlərlə insanın iş yerindən məhrum olmasına səbəb oldu. Bu baxımdan, hesab edirəm ki, neftin qiymətinin artması büdcədən maliyyələşən təşkilatlarda, dövlət investisiyası ilə həyata keçirilən layihələrdə çalışan insanların durumunu sabit saxlamağa imkan verir. Eyni zamanda bununla hökumət manatın məzənnəsini də qoruya bilir. Lakin düşünürəm ki, belə siyasətlə uzun müddət davam gətirmək mümkün olmayacaq. Manatın məzənnəsini inzibati yollarla sabit saxlamaq o zaman effektli olardı ki, paralel olaraq ölkəyə yeni investisiyaların cəlbi üçün təsirli tədbirlər həyata keçiriləydi, iqtisadiyyata əlavə pulların gəlişi təmin olunaydı. Bunu etmədilər, süni yollarla sabitliyi saxlamağa çalışırlar. Beləliklə, uzağa getmək mümkün deyil, buna görə də ən uzağı gələn ilin yazında növbəti devalvasiyaya gediləcəyini gözləyirəm».
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, gəlirlərin azalmasının islahatları sürətləndirəcəyi barədə təsəvvürlər yanlışdır: «Mən qəti şəkildə bu fikri bölüşmürəm. Çünki gəlirlər nə qədər çox olarsa, iqtisadi islahatlar bir qədər rəvan və ağrısız keçər. Bunun əksini deyən insanlar hansısa merkantalist maraqlarından çıxış edirlər. Azərbaycanda iqtisadi islahatlar neftə bağlı deyil. Hər bir istiqamət üzrə islahatı həyata keçirən qurumlar müəyyənləşdirilib, lazım olanda yeniləri yaradılıb. Yəni bu islahatlar neftsiz də həyata keçirilib, keçirilməkdə də davam edir».
Neftin qiymətinin artması baş redaktoru sevindirir: «Neft və ya ixrac etdiyimiz digər hər hansı məhsulun qiymətinin bahalaşmasını çox müsbət hal hesab edirəm. Çünki bu, ölkəyə daha çox gəlirin gəlməsi deməkdir. Daha çox gəlir isə yüz minlərlə insanın əmək haqqının, 1 milyon yarımdan çox insanın pensiyasının artırılması, dövlətin sosial layihələrinin daha sürətlə həyata keçirilməsi üçün baza rolunu oynayır».