Vaxt.Az

«Dollardan birdəfəlik imtina mümkünsüzdür»


 

Ekspertlər İranın Azərbaycana çağırışını şərh etdi

«Dollardan birdəfəlik imtina mümkünsüzdür» İran və Azərbaycan prezidentlərinin 2 gün əvvəl Tehranda keçirilən görüşündə qarşılıqlı-iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub. Müzakirələr zamanı İran prezidenti Həsən Ruhani qarşılıqlı ticarət əlaqələrində dollardan imtina olunmasını, hesablaşmaların milli valyutalarla aparılmasını təklif edib.

İran prezidentinin rəsmi saytının yazdığına görə, H.Ruhani görüş zamanı «iki ölkə iqtisadi-ticarət münasibətlərindəki hesablaşmalarında öz milli valyutalarından istifadə edə bilərlər», - deyə qeyd edib.

İranla Azərbaycan dollardan imtina edərək, qarşılıqlı iqtisadi əlaqələri milli valyutalar üzərinə keçirə bilərlərmi? Bu, Azərbaycan üçün hansı üstünlük və ya təhlükələr yarada bilər?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, dollardan imtina olunması məsələsi illər boyudur müxtəlif dövlətlər tərəfindən gündəmə gətirilir: «Bu məsələdə əsas təşəbbüskarlıq Çinə məxsusdur. Son illərdə Rusiya və Türkiyə də dollardan imtina məsələsini gündəmə gətiriblər. Lakin dolların dünyadakı mövqeyi o qədər güclüdür ki, indiyədək heç bir dövlət ondan imtinaya nail ola bilməyib. Bu baxımdan, İran prezidentinin təklifi hətta icrasına başlansa belə, düşünmürəm ki, müsbət nəticə versin. Təklifin olması hələ Azərbaycanın onu qəbul etməsi, dərhal həyata keçirməsi demək deyil. Aydın məsələdir ki, Azərbaycan təklifə dərhal yox deməyəcək. Hətta mümkündür ki, müəyyən dövr ərzində qarşılıqlı iqtisadi əlaqələr milli valyutalarla həyata keçirilsin. Azərbaycan bundan xeyir görəcəksə, davam etidiriləcək. Lakin bundan zərər çəkiləcəksə, Azərbaycan tərəfi imtina edəcək».

Politoloq hesab edir ki, İranla Azərbaycanın qarşılıqlı ticarətdə dollardan imtina etməsi məsələsini hansısa sənədlə rəsmiləşdirmək mümkün deyil: «Bu elə məsələdir ki, onun hansısa sənədə salınması mümkünsüzdür. Çünki bunun İranın özünə nə qədər xeyirli olacağı belə bəlli deyil. Dünya iqtisadiyyatı çox dinamikdir, dəyişikliklər sürətli gedir. Dolların kursu, həmçinin İran və Azərbaycanın rəsmi valyutalarının kursu da tez-tez dəyişir. Belə bir vaxtda Həsən Ruhaninin təklifinin reallaşması mümkün görünmür».

Məlumdur ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin mümkün qədər tez işə düşməsində maraqlıdır. Hətta işlərin sürətlənməsi üçün dəhlizin İran ərazisindəki hissəsinin - Astara-Rəşt dəmiryol xəttinin tikintisi üçün qonşu dövlətə böyük həcmdə kredit də ayırıb. İran tərəfi bu amildən Azərbaycanı dollardan imtinaya razı salmaq məqsədilə təzyiq vasitəsi kimi istifadə edə bilərmi? E.Şahinoğlu hesab edir ki, Şimal-Cənub nəqliyyat dəhlizinin mümkün qədər tez işə başlamasında maraqlıdır: «Düzdür, Şimal-Cənub nəqliyyat dəhlizinin tez işə düşməsində Azərbaycan maraqlıdır. Lakin İran da bu məsələdə maraqsız deyil, hətta deyərdim ki, bəlkə də Azərbaycandan daha çox maraqlıdır. Bu baxımdan, layihənin yubanması İrana da sərf etmir. Bu gün iqtisadi sanksiyalar altında yaşayan İrandır, Azərbaycan deyil. Azərbaycana qarşı heç bir ölkə iqtisadi sanksiya tətbiq etməyib. Biz Ermənistan istisna olmaqla, bütün ölkələrlə sərbəst iqtisadi əlaqələr qura bilirik. İranın isə belə imkanları elə də geniş deyil. Hazırda İranın sanksiyaların yumşalmasından istifadə etməklə dünyaya açılması daha vacibdir, nəinki dollardan imtina. Digər tərəfdən, İran üçün elə əhəmiyyətlidirsə, birinci özü imtina etsin dollardan - neft-qazını dollarla satmasın. Yaxud elə Azərbaycandan aldığı krediti dollarla alıb, milli valyuta ilə ticarət, iqtisadi əlaqə qurmaq yaxşıydı elə öz milli valyutası ilə istəyərdi də».

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, dollardan birdəfəlik imtina mümkün deyil: «Hətta Rusiya və Çin öz qarşılıqlı ticarətində də bunu edə bilmir. Səbəb budur ki, hər bir ölkənin xarici valyutaya, o cümlədən ABŞ dollarına ehtiyacı var. ABŞ dollarına ehtiyacın ödənməsi üçün dövlətlər ticarət əlaqələrinin milli valyutada deyil, məhz dönərli xarici valyutada aparılmasında maraqlıdır».

Onu da qeyd edək ki, 2016-cı ildə İranla Azərbaycan arasında qeydı alınan 210,7 milyon dollarlıq qarşıqlı ticarət dövriyyəsinin 161 milyon dollarını, bu ilin 1-ci yarısında isə 134,5 milyon dollarlıq qarşılıqlı dövriyyənin 125 milyon dollarını bizim İrandan idxalımız təşkil edib. Bu şəraitdə heç də həmişə sabit olmayan milli valyutalarla alver Azərbaycan üçün nə qədər xeyirli ola bilər? İqtisadçı-ekspert deyir ki, milli valyutaya keçid idxalı çox olan ölkə üçün əlverişli ola bilər: «Kənardan məhsul idxalı çox olan ölkələr daha çox dollara - yəni bugünkü dünyanın ən dönərli valyutasına ehtiyac duyurlar. Bu baxımdan, hansısa ölkə ilə hesablaşmanın milli valyutalarla aparılması həmin ölkədə dollara tələbatı azalda bilər. Lakin məsələ burasındadır ki, hətta hesablaşma İran və Azərbaycan milli valyutası ilə aparılsa belə, bu, dollardan tam imtina demək olmayacaq. Çünki İranla Azərbaycanın valyutası arasında məzənnə birbaşa müəyyənləşdirilmir. Milli valyutaların kursunu  müəyyənləşdirmək üçün də onların dollarla olan kursundan istifadə olunur. Yəni kros məzənnə təyini tətbiq olunur. Bu isə o deməkdir ki, hətta qarşılıqlı ticarət milli valyutalarla həyata keçirildiyi təqdirdə də dollarsız keçinmək mümkün deyil».

 





03.11.2017    çap et  çap et