Təfərrüatlarına varaq.
Qurban Qurbanovun «Qarabağ»ı əslində AFFA rəhbərliyində həmişə qıcıq yaradıb. Nöşün ki, «Qarabağ» klub futbolunda Azərbaycan reallığını nəzərə alsaq, əla nəticələr göstərib. Hətta Azərbaycan futbolunun imkanlarından qat-qat yaxşı nəticələr. Amma bunun fonunda yığma komanda həmişə biabırçı çıxışla yadda qalıb. Təbii ki, belə amil elə ölkə rəhbərliyinin də diqqətini cəlb etməliydi. «Nəyə görə «Qarabağ» uğur qazanır, amma yığma komanda yox» sualı Rövnəq Abdullayevə verilməliydi. O Rövnəq Abdullayevə ki, AFFA prezidenti postuna gələrkən, vəd vermişdi: «Yığma komanda 2016-cı ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq».
Milli nəinki Avro-2016-ya, DÇ-2018-ə də vəsiqə qazana bilmədi. Vəsiqə bir yana, heç turnir cədvəlində də irəliləyə bilmədik. Ancaq Abdullayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə futbola təxminən yarım milyard vəsait xərclənib. Bəs bu vəsait hara gedib? Rövnəq Abdullayev və komandası sorğu-sualdan özünü bir səbəbə görə xilas edə bildi: Bakı Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında idi. İndi başqa vəd verirdi Rövnəq Abdullayev. Bakının da ev sahibliyi edəcəyi çempionatda mütləq təmsil olunmalıyıq. Ancaq nə ilə, kiminlə? Təbii ki, AFFA prezidenti hansı əcnəbi baş məşqçinin gətirilməsindən asılı olmayaraq, bu tapşırığın yerinə yetirilməsinin çətin olduğunu bilirdi. Və sevgidən yox, qorxudan, sabahını sığortalamaq məqsədiylə Qurban Qurbanovu tələyə saldı.
AFFA rəhbərliyi həmişə Qurbanın nüfuzunu qısqanıb. Elə ona görə də, bu mütəxəssisin daha əvvəllər yığmaya yolunu kəsiblər. Rövnəq Abdullayev və komandası hesab edirdi ki, «Qarabağ»la uğur qazanan Qurban milli ilə də uğur qazansa, Azərbaycan futbolunun inkişafı onun adı ilə bağlı olacaq. Bunu isə onlar heç istəmirdilər. Ona görə də, qarşıya qoyulan tapşırığı əcnəbi məşqçi ilə həll etmək niyyətində idilər. Bu alınmayınca, çıxılmaz duruma düşdülər. Artıq Avro-2020 Rövnəq Abdullayev və komandası üçün son şans idi. Qurban Qurbanovun «Qarabağ»ı Çempionlar Liqasında uğurla çıxış etdikcə, milli komandanın nəticələrinə görə AFFA rəhbərliyinə yönələn tənqidlərin kəsəri daha da artır. Üstəlik, Avro-2020-yə vəsiqə qazanılmasa, Rövnəq Abdullayev həm də ölkə rəhbərliyi qarşısında cavab verməli olacaq. Belə olan təqdirdə, başqa çıxış yolu qalmırdı. Yığma komanda Qurban Qurbanova tapşırılır və Avro-2020-nin də bütün məsuliyyəti onun üzərinə yüklənir. Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməsə, Rövnəq Abdullayevin alibisi hazırdır: «Qurban Qurbanov da bunu bacarmadısa, biz neynəyə bilərik?»
Təbii ki, yığma komandanın Avro-2020-yə vəsiqə qazana bilməyəcəyi təqdirdə, elə ictimaiyyətin də tənqid hədəfi Qurban Qurbanov olacaq.
Çox bic gediş edib AFFA rəhbərliyi. Ancaq Qurban Qurbanovun bu tələyə necə düşməsi də maraqlıdır. Doğrudanmı, o, özünə bu qədər arxayındır, yığmanın potensialının olduğunu düşünür? Yoxsa, təzyiq nəticəsində bu yükü boynuna götürməli olub? Bütün hallarda, Qurban Qurbanov artıq tələdədir. Onu kiminsə xilas etməsi mümkünsüzdür. Əlac ona qalıb ki, futbol ictimaiyyəti ancaq dua etməli olsun. Dua etsin ki, yığma komanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazansın. Dua etsin ki, bundan sonra «Qarabağ»ın çöküşü başlamasın. Hər şey dualarla həll olunsaydı...