Bu sensasiyalı bəyanatı Britaniyanın keçmiş baş naziri Qordon Braun (Gordon Brown) verib.
Keçmiş baş nazir fövqəladə bəyanatında açıqlayıb ki, ABŞ kəşfiyyat məlumatı Britaniyaya təqdim olunmayıb və bu da hadisələrin sonrakı inkişafını tamamilə dəyişdirib.
O həm də vurğulayıb ki, İraq müharibəsini araşdıran Çilkot (Chilcot) komissiyası bu məsələyə baxmayıb.
Bu bəyanatdan belə çıxır ki, Britaniya hələ ortalıqda dinc variantlar olduğu halda müharibəyə qoşulub.
Beləliklə Braun faktiki olaraq Londonun ABŞ tərəfindən bilərəkdən azdırılıdığını iddia edib.
Braun bu barədə özünün təzəcə çapdan çıxmış «Mənim həyatım, bizim dövrümüz» kitabında yazır. Keçmiş baş nazir dəfələrlə öz-özündən sual edir: Görəsən o müharibəni dayandırmaq üçün daha nələrisə edə bilərdimi?
O yazır ki, maliyyə naziri kimi onun kəşfiyyat informasiyasına çıxışı məhdud olsa da, MI6 onu İraqda kütləvi qırğın silahının olmasına əmin etmişdi.
«The Guardian» qəzetində dərc olunmuş məqalədə deyilir ki, keçmiş baş nazirin bu bəyanatı ölkədə İraq müharibəsinə dair debatları yenidən qızışdıra bilər.
Braun 2002-ci ilə aid çox həyati sənədlərə toxunur və qeyd edir ki, bu sənədlərdə İraqın kütləvi qırğın silahına malik olduğuna dair dəlillər «yox dərəcəsində zəif idi».
«Nəzərə alsaq ki, İraqın istifadə oluna biləcək kimyəvi, bioloji və nüvə silahı yox idi, deməli ona qarşı müharibə də ədalətli ola bilməzdi», - yazır Braun.
O yazır ki, 2007-ci ildə baş nazir vəzifəsinə gələn kimi Britaniya qoşunlarını İraqdan çıxarmaq istəyib. Qoşunlar nəhayət 2009-da çıxarılıb.