Ancaq kilsə xadimlərinin fonda nə qədər pul verməli olduqlarını bilmək üçün Vebster və Uolles bilməli idilər ki, hər il nə qədər «iş yoldaşları» həyatdan köçəcək, onların neçəsinin dul arvadları və uşaqları qalacaq, o cümlədən qalan həyat yoldaşları onlar öləndən neçə il sonra dünya ilə vidalaşacaqlar. Yuval Xarari yazır: «Fikir verin, bunun üçün onlar gedib kilsədə dua edib Tanrıdan işarə gözləmədilər. Nə gedib İncili açdılar, nə də hansısa din xadiminə müraciət etdilər. Sadəcə praktik şotlandiyalı kimi Edinburq Universitetinin riyaziyyat professoru Kolin Maklorinə müraciət etdilər». (Bir daha diqqət yetirək: 1744-cü ildə universitet və riyaziyyat professorları varmış. O vaxt görən bizimkilər neynirdi?).
Üçlükdə onlar rəhmətə gedən rahiblərin sayı, onların neçə yaşında öldükləri, öləndə neçəsinin evli, neçəsinin subay olması, öləndən sonra arvadlarının neçə yaşda qaldıqlarını, onların neçə ildən sonra öldüklərinə, rəhmətliklərinin neçə nəfər uşaq qoyub getdiklərinə və s. dair statistik məlumatları toplayırlar. Alimlərin fikrincə, bu araşdırma nisbilik nəzəriyyəsi və statistika sahəsində mühüm bir sıçrayış sayılır. Bu isə öz növbəsində Yakob Bernullinin Böyük rəqəmlər qanununun meydana gəlməsinə təkan oldu. Bernullinin müəyyən etdiyi prinsipə görə, bir insanın nə vaxt öləcəyini dəqiq demək çətindir, ancaq buna oxşar hadisələrin nə vaxt olacağını böyük ehtimalla proqnozlaşdırmaq olar. Başqa sözlə, Maklorin Vebster və Uollesin nə vaxt öləcəklərini deyə bilməzdi, ancaq Şotlandiyanın hər il neçə rahibsiz qalacağına dair dəqiq rəqəm çıxarmağa müvəffəq olmuşdu. Bu işdə ona yarım əsr qabaq Edmond Qalleyin hazırladığı statistik cədvəlin əhəmiyyətli köməyi dəymişdi. Məsələn, Qalleyin hazırladığı Almaniyanın Breslau şəhərində 1238 doğum və 1174 ölüm hadisəsinə dair arxiv sənədlərindən müəyyən etmək olardı ki, bir ildə 20 yaşlı şəxsin ölmə ehtimalı 1:100, 50 yaşlı insanın isə həyatla vidalaşma ehtimalı 1:39 nisbətindədir.
Bu cədvələ istinad edən Vebster və Uolles hesablayırlar ki, bir ilə Şotlandıyada olan 930 kilsə nümayəndəsindən 27-i öləcək, onlardan 18-nin dul arvadı qalacaq. Bu dul qadınlardan 5-nin kiçik yaşlı uşaqları olacaq. Bu, kifayət qədər dəqiq və əhatəli proqnoz idi. Sonra onlar bu dul qadınlardan neçəsinin və neçə ildən sonra ikinci dəfə ərə gedəcəklərini hesablayırlar (məsələ burasındadır ki, qadın ikinci dəfə ərə getsə, ona pensiyanın verilməsi dayandırılırdı).
Beləliklə, Vebster və Uolles rahibin ölənədək fonda ildə nə qədər pul yatırmalı olduğunu müəyyən edirlər: 2 funt 12 şillinq və 2 pens. Bu imkan verir ki, öləndən sonra rahibin ailəsi ildə təqribən 10 funt yardım alsın. O vaxt üçün bu, kifayət qədər yaxşı pul idi. Əgər rahib ildə 6 funt 11 şillinq və 3 pens ödəsəydi, öləndən sonra ailəsi yağ-bal içində üzəcəkdilər: bir ilə 25 funtları olacaqdı!
İki din xadimi və bir riyaziyyatçı hesablamışdılar ki, 1765-ci ilədək Şotlandiya kilsəsinin dul qadınlar və yetimlərə yardım Fondunun hesabında 58348 funt olacaq. Həqiqətən də belə olur, ancaq kiçik bir fərqlə: 58347 funt. Hazırda «Şotlandiyanın dul qadınları» adıyla fəaliyyət göstərən fond dünyanın ən iri sığorta və pensiya şirkətlərindən biridir. 100 milyard funtluq kapitalı olan fond tək dul qadınları deyil, istənilən şəxsi sığortalamaq iqtidarındadır.
İki şotland sadə kilsə xadiminin bu hesablamaları sonradan «aktuar hesablama metodu»nun və demoqrafiyanın əsasını təşkil etdi. Bu metodsuz sığorta biznesi mümkün deyil. Demoqrafiya öz növbəsində həm də Çarlz Darvinin təkamül nəzəriyyəsinin yaranmasına təkan verdi (Demoqrafiyanı da başqa kilsə xadimi Robert Maltus kəşf edib). Yeri gəlmişkən, Darvin az qala anqlikan pastoru olacaqmış, talenin işinə bax!
Əlbəttə, Avropanın tarixində inkvizasiyalar, elmin təqibi halları var. Ancaq Xarari yazır ki, təqribən 1500-cü illərdən sonra kilsə də, hakimiyyət də anlamağa başlayırlar ki, elmə vəsait xərclənməlidir. Müqəddəs kitablarda müəyyən suallara cavab verilir, bunu inkar etmək olmaz. Ancaq yüzlərlə, minlərlə sual var ki, onların cavabı yoxdur.
Sizi bilmirəm, mən ciddi təsir altındayam. 1744-cü ili qoyun kənara, indi bizim hansısa bir molla, yaxud TV-lərə çıxıb din barədə mülahizələr oxuyan din xadimi bu hesablamalara yaxın nəisə bir iş görə bilər?