Vaxt.Az

«Bu yol Tiflis üçün ağılsızlıq olardı»


 

BTQ-yə erməni təhlükəsi – Gürcüstan separat anlaşmaya gedərmi?

«Bu yol Tiflis üçün ağılsızlıq olardı» Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin başa çatması və xəttin işə salınması günlərdir ciddi müzakirə obyektinə çevrilib. Azərbaycan, Gürcüstan və Türkiyə daxilində dəmiryolu xəttinin önəmindən, bunun gələcəkdə hər üç ölkəyə verə biləcəyi töhfələrdən söz açılır.

BTQ-dən kənarda qalan düşmən Ermənistan isə şokdadır. Əgər layihənin icrası üçün işlər başladığı zaman erməni siyasi elitası bunun əhəmiyyətsiz olduğunu dilə gətirirdisə, indi tam əksini deyirlər. Artıq itirdiklərinin fərqindədirlər.

Bu amil Azərbaycan və Türkiyəni narahat edən bir məsələni önə çıxarıb. Belə ki, blokada şəraitində olan Ermənistanın öz mallarını gürcü limanları vasitəsilə Avropa çıxardıqları hər kəsə məlumdur. Bu isə gələcəkdə Gürcüstan hökumətinin eyni addımı BTQ vasitəsilə ermənilərə doğru ata biləcəyi barədə narahatedici suallar doğurub. Sualların yaranması isə səbəbsiz deyil. Çünki rəsmi Tiflis hər zaman Azərbaycanla əlaqələrə böyük önəm verdiyini desə də, bu əlaqələri qorumaqda daim maraqlı görünsə də, limanlarını ermənilərin üzərinə açmağa davam edib.

Doğrudur, siyasi və iqtisadçı ekspertlər Gürcüstanın BTQ xətti ilə ermənilərin Avropaya çıxışlarına şərait yaratmayacağını deyirlər. Arqument kimi gürcülərin enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əsas rol oynayan iki dövlət olduğu göstərilir. Bütün bunları nəzərə alan Gürcüstanın heç bir vəchlə Azərbaycan və Türkiyənin düşməni olan Ermənistan üçün iki dövlətə qarşı «qırmızı xətt»i keçməyəcəyi ehtimalları kifayət qədər böyük görünür.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, nə zamansa Gürcüstan Ermənistanı bu xəttə qoşa bilər: «Bu fikirlərin səslənməsi haradasa təbiidir. Amma reallıq tam başqadır. Hesab edirəm ki, Gürcüstanla Azərbaycan arasındakı işbirliyi, strateji müttəfiqlik, Bakı-Tiflis-Ceyhan boru kəmərinin Gürcüstan üzərindən keçirilməsi, indi də Bakı-Tiflis-Qars dəmiryolu xəttinin bu ölkə üzərindən keçirilməsi və gələcəkdə Gürcüstanla bu yöndə əməkdaşlığın daha da dərinləşdirilməsi fonunda bu ölkənin nə zamansa Azərbaycanın torpaqlarını işğal etmiş bir dövlətə belə bir şərait yaradacağı inandırıcı görünmür. Əgər Ermənistan torpaqlarımızı işğal edib, bölgədə bu cür aqressiv nümunə sərgiləməsəydi, həm Bakı-Tiflis-Ceyhan boru kəmərinin, həm də Bakı-Tiflis-Qars dəmiryolunun Ermənistan üzərindən keçməsi iqtisadi cəhətdən daha sərfəli idi. Amma bu ölkə işğalçılıq niyyətindən əl çəkmədiyinə görə bu xətlər Gürcüstan üzərindən keçirildi. Təbii ki, həmin xətlərin Gürcüstan üzərindən keçirilməsi rəsmi Tiflisə kifayət qədər iqtisadi və maliyyə dividentləri gətirir. Düşünmürəm ki, Gürcüstan bunları bilə-bilə nə zamansa ermənilərə bu şansı versin. Əgər bunu edərsə, Azərbaycanla münasibətlərində çox böyük gərginlik yarana bilər. Hətta Gürcüstanda bugünkü deyil, başqa bir hakimiyyət belə olsa, bu addımı atacağını düşünmürəm. Bu, çox böyük siyasi yanlışlıq, Azərbaycan kimi yaxın strateji müttəfiqlə əlaqələrin pozulması olardı. Praktiki olaraq bu heç inandırıcı görünmür, nə bu gün, nə sabah, nə də uzaq bir perspektivdə. Əgər belə bir şey baş verərsə, bundan sonrakı transmilli layihələrdə Gürcüstanın iştirakı praktiki olaraq mümkün olmayacaq. Azərbaycan regionda dövlət olaraq çox aparıcı bir gücdür. Bu regionda ölkəmizin iştirakı olmadan hər hansı bir layihənin reallaşdırılması mümkün deyil. Gürcüstana yəqin ki, münasibətləri pozmaq lazım olmayacaq. Burada hər bir dövlət üçün başlıca faktor onun maraqlarıdır. Kimsə inanmıram ki, dövlət və xalqının maraqlarını nəyəsə satsın.  Ermənistan Qarabağ münaqişəsi üçün bu maraqları satıb nə qazanıb? Bölgədə reallaşdırılan saysız-hesabsız layihələrdən kənarda qalmaqla milyardlarla vəsait itirib. Hansı ki, bu vəsaitlər Ermənistana hava-su kimi lazımdır. Gürcüstan üçün nə vaxtsa bu yolu seçmək ən ağılsız variant olardı».

«Borçalı» Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli Gürcüstanın təməlli bir dövlət olduğunu söylədi: «Gürcülər bəlkə də hər cəhətdən öz maraqlarını qoruyan, bölgədə öndə olan unikal bir xalqdır. Tarixi də, baş verənləri də, düşmənlərini də unutmayan bir xristian dövlətdir. Gürcüstan Türkiyə və Azərbaycanla müttəfiqdir. Burada iqtisadi və siyasi maraqlar birləşir. Regional təhlükəsizlik məsələləri də birlikdə müzakirə edilir. Mənə elə gəlir ki, Gürcüstan öz yolunu çox doğru seçib, yəni türk-müsəlman birliyi ilə Avropaya inteqrasiya xətti. Ermənilərin «Böyük Ermənistan» proyekti çərçivəsində Gürcüstanı da təhdid etdikləri barədə onlarda informasiyalar var. Gürcü alimləri ilə əlaqələrim var, onlar bunu etiraf edirlər. Artıq siyasilər - iqtidarlı-müxalifətli bu regionda Türkiyə və Azərbaycansız Gürcüstanın gələcəyini qaranlıq görürlər. Ermənistan öz-özünü bataqlığa salıb. Gürcüstan bütün reallıqları nəzərə alıb Qarabağ məsələsinə görə Ermənistanla sərhədləri də kəsmək istəmir. Hansı ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünə təcavüz etdi, amma Azərbaycan tərəfi Kremllə strateji müttəfiqliyi davam etdirdi. Yəni hər bir ölkənin öz siyasi maraqları var. Amma ortaq maraqlar var ki, Qafqaz dövlətləri içərisində Azərbaycanla Gürcüstan qədər maraqları üst-üstə düşən üçüncü bir dövlət yoxdur. Ola bilər ki, Azərbaycan, Türkiyə və Gürcüstanın Ermənistanla bağlı ortaq qərarı formalaşsın, nəticədə Ermənistan gələcəkdəki layihələrə qoşulsun, hətta bir sıra xətlər Ermənistan üzərindən keçsin. Amma bunun şərtləri təcavüzkarlıqdan ermənilərin əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərindən imtina etməli, Türkiyə ilə bağlı da eyni şərti qəbul etməli kimi tələblər olacaq».

Cavanşir ABBASLI

 





06.11.2017    çap et  çap et