Vaxt.Az

Qurban


 

AFFA-nın öhdəsindən gələ bilmədiyini indi baş məşqçinin çiyinlərinə yükləmişik

Qurban Hər yerdə Qurban bayramıdır. Kimi Qurbanın «qurban» olacağını, kimi də işbilməzlərin onun «qurban»ı olacağını deyir...

Sosial şəbəkələrdə, mətbuatda hamının müzakirəsi eyni adamdı. Bəziləri üçün «qurban» seçilmiş Qurban, bəzilərinə görə Qurbana qurban, bəziləri üçün də Qurbanın «qurban»ı. Yəni, fərqli bir qurban bayramı.

Qurban Qurbanovun milli komandaya təyinatı sıradan bir olay və ya sadəcə, təyinat deyildi. Bu, yeni eranın başlanğıcı, islahatların zəncirinin ilk həlqəsi idi. Və onillərdir ölkə futbolunu bir addım irəli apara bilməyən insanları indi bir kənara atıb, əvəzinə xilaskar gözüylə baxılan birini qabağa vermişik.

Klub futbolunda Azərbaycan çapında mümkün olan bütün uğurları qazanmış biri indi bütöv futbol təsərrüfatını ayağa qaldırmalıdır. Ümid də sonsuzdu, məsuliyyət də. Bütöv AFFA-nın öhdəsindən gələ bilmədiyini indi Qurbanın çiyinlərinə yükləmişik.

Amma Qurbanov «Qarabağ»dakı uğurları ilə elə bir imic qazanıb ki, indi səlahiyyətləri də sonsuzdu. Və o, baş məşqçidən əlavə, sabah həm də idarəedici kimi özünü sübut etməlidir. Bütün futbol təsərrüfatında struktur qurmalı, milli komandaları nizama salmalı, nəticə verəcək strategiya müəyyənləşdirməlidir.

Qurbanov sadəcə, millinin baş məşqçi postuna təyin edilib, amma boynuna baş katibin vəzifələri yüklənib. İndi o, bütün milli komandaların birbaşa rəhbəri, futbol təsərrüfatının real ağasıdır.

Hə, labrintdir, Qurbanovu dolaşdırmaq istəyənlər, hər büdrəməsində çəpik çalıb, bayram edənlər, qazancı əlindən çıxdığı üçün ayağının altını qazmağa çalışanlar da olacaq. Bu səbəbdən Qurbana əla komanda lazım olacaq. Güman ki, məşqçi də ilk öncə idarəedici komandasını müəyyənləşdirəcək. Elə bir komanda ki, arı kimi işləyəcək, boşluq verməyəcək, Qurban kimi dürüst olacaq və yalnız hədəfə köklənəcək.

Bu komandada Yaşar Vahabzadə kimi uğursuz məşqçilərə, Riad Rəfiyev kimi məqsədli menecerlərə yer olmayacaq. Elə məhz bu komandanı seçmək, işə başlamaq Qurban üçün ən çətin mərhələdir. Sistem düzgün qurulandan sonra uğur da gələcək, problemlər də bir-bir aradan qalxacaq.

Azərbaycan futbolunun bəlli potensialı var. Və Qurbanovun əlində möcüzə edəcək sehrli çubuq yoxdur, ondan işə başlayan kimi fantastik uğurlar gözləməməliyik. Hər şey zamanla reallaşmalıdı və bünövrənin sağlam qurulduğuna əmin olduqdan sonra bu adama ciddi dəstək verilməlidir. Və bunu hamı etməlidir – azarkeş də, mətbuat da, futbol ictimaiyyəti də.

Qurbanov «Qarabağ»da rəhbərlikdən hansı dəstəyi görürsə, indi eynisini AFFA etməlidir. Hər büdrəmədə yanında olmaq, çətinliklərə birgə sinə gərmək və pillə-pillə irəliləməklə. 6 illik etimad boşuna deyil, bu, mərhələli inkişafa hesablanıb. İlk illər bünövrənin atılmasına, daha sonra möhkəmlənməyə və yekun nəticəyə hesablanıb.

Qurban heç vaxt qurban olmayacaq. 20 ildir bu insanı tanıdığımdan niyyətinin təmizliyinə, bacarığına, vətənpərvərliyinə, peşəkarlığına zərrə qədər şübhə etmirəm. O, futbolda inqilab lideri olacaq, milli komandanı ən azı indikindən xeyli irəli aparacaq. Ötən illər ərzində topladığı təcrübə, seçdiyi kadr bazası, sadiq dostu, bacarıqlı davamçısı, xarizmatik Rəşad Sadıqov yanında olacaq və büdrəməsinə imkan verməyəcək. Yetər ki, onu məkrli planlardan, çirkli oyunlardan qoruya bilək.

Vüsal MAHMUDOV

 





06.11.2017    çap et  çap et