Məqalədə deyilir ki, milyarder şahzadə Əlvalid bin Təlal da Məhəmməd bin Salman tərəfindən həbs edilən şahzadələrin və nazirlərin arasındadır.
OPEC karteli noyabrın sonunda Vyanada keçiriləcək görüşündə hasilat ixtisarı müddətinin uzadılması məsələsinə baxılacağını bildirib.
Təhlilçilər deyirlər ki, «Brent» neftinin qiymətinin ilin birinci hissəsindəki 50 dollardan 63 dollara sıçramasında Səudiyyənin gələcək kralının hərəkətlərindən doğan siyasi qeyri-müəyyənlik əsas rolu oynayıb.
«Sun Global İnvestments» sərvət menecmenti firmasının baş direktoru Mihir Kapadi deyib ki, «son qiymət qalxımının əsas səbəbi Səudiyyə Ərəbistanından qaynaqlanan qeyri-müəyyənlikdir».
«The Guardian» yazır ki, neftin qiymətini qaldıran başqa faktorlar da var. Səudiyyə Ərəbistanı, Rusiya, Qazaxıstan və Özbəkistan ötən həftəsonu görüşərək neft qiymətlərinin qaldırılması məqsədilə hasilatın ixtisarı müddətinin uzadılmasına razı olduqlarını bildiriblər.
Bundan əvvəl dünyanın üçüncü böyük neft istehsalçısı olan ABŞ-da buruq saylarının artması neft qiymətlərinin yüksəlişinə mane olurdu, lakin yeni quyuların artımı avqust ayında dayanıb. Təkcə ötən həftə buruqların sayı 11 ədəd azalaraq 898-ə düşüb.
Başqa geosiyasi hadisələr də neft qiymətinin dirçəlişinə təsir edib. Bu mənada İraq hökumətinin Kürdüstanın neftli ərazilərindəki fəaliyyəti xüsusi təsirə malik olub.
Bundan başqa Niger deltasında da neft infrastrukturları üzərinə hücumların sayı artıb.
Lakin İsveçrənin «Julius Baer» bankçılıq qrupunun ekspertləri deyirlər ki, neftin qiyməti yenidən 50 dollara enəcək, çünki xammala tələbat azalıb.
«Vitol» neft ticarəti şirkətindən Lan Teylor (Lan Taylor) «The Guardian» qəzetinə bildirib ki, o neft qiymətlərinin gələn il 55-57-yə düşəcəyini gözləyir.
Təhlilçilər deyirlər ki, Səudiyyədə gələcək kralın apardığı repressiyalar onun OPEC siyasətini dəyişməyəcək. Məhəmməd bin Salman «Aramco» dövlət neft şirkəti səhmlərinin 5 faizinin əcnəbilərə satılmasını istəyir. Bu səhmlərin qiymətləri neftin qiymətlərindən asılı olacaq.
«RBC Capital Markets» bankının təhlilçiləri inanırlar ki, bin Salman OPEC razılaşmasının 2018-ci ilədək uzadılması və «Aramco» səhmlərinin satışı fikrindən dönməyəcək.
«Hedge Eye» şirkətinin təhlilçisi Cozef MakMoniql (Joseph McMonigle) deyib ki, Səudiyyədəki qeyri-müəyyənlik başqa neft hasil edən regionlara da təsir göstərib.
O bildirib ki, neft bazarları onsuz da İraqın kürd müstəqilliyi referendumuna reaksiyasına görə geosiyasi risk əndişəsində idi. ABŞ-ın İran üzərinə yeni sanksiyaları və Venesueladakı vəziyyət bu riskləri artırıb.
Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçısı və OPEC-in aparıcı üzvüdür. OPEC-ə daxil olan İraq və Birləşmiş Ərəb Əmirlikləri də hasilat ixtisarı vaxtının uzadılmasını dəstəkləyəcəklərini bildiriblər.