Vaxt.Az

«Mən bunu bir də edərdim»


 

Trampa orta barmağını göstərən qadını işdən qovublar

«Mən bunu bir də edərdim» «The Telegraph» yazır ki, bir şirkət menecerlərindən biri, prezidentin maşın karvanının yanından ötərkən Donald Trampa orta barmağını göstərdiyinə görə vəzifəsindən azad edilib.

Orta barmağın kiməsə göstərilməsi Qərbdə təhqiramiz jest sayılır.

50 yaşlı Culiya Briskman (Julia Briskman) bu hərəkəti velosipedi ilə Virciniya ştatında gedərkən edib. Donald Trampın korteji onu adətincə həftəsonu qolf kursuna aparırdı.

«Bilirsiniz həmin an mənim beynimdən hansı fikir keçirdi? Buna bax e… Bu yenə də qolf oynamağa gedir», - deyib qadın.

Briskmanı əsəbiləşdirən bir də bu idi ki, həmin vaxt Puerto Rikoda təbii fəlakət baş vermişdi, uşaq ikən Birləşmiş Ştatlara gətirilmiş miqrantlar qovula bilərdilər, Las Veqasda elə bir faciə baş vermişdi.

«Mən bütün bunlar barədə fikriləşərkən qara maşınların karvanı məni ötdü. Bəli, o, yenə qolf kursuna yollanırdı» - qadın «The Washington Post» qəzetinə deyib.

Maşın karvanı keçəndə qadının heç ağlına da gəlməmişdi ki, onun orta barmağı ilə verdiyi «salamı» «AFP» və «Getty Images» agentlikləri üçün işləyən fotomüxbir Brendan Smaylovski (Brendan Smialowski) çəkə bilər.

Bu şəkil dərhal media fırtınası yaratmışdı.

«Hə… mənəm. Çox gülməlidir eləmi?» - deyə o rəfiqələrinin fotoşəkil barədə suallarına cavab verib.

İndi Culiya Briskman bu şəkli öz «Facebook» səhifəsinin divarına çevirib. O, bu şəkli həm də özünün «Twitter» sosial şəbəkəsindəki hesabında profil fotosu edib. Amma onun işlədiyi yoqa firmasının sahibi şəkillərin sosial mediadan çıxarılmasını tələb edib. Həm də Culiyaya hədə dolu e-maillər gəlirdi.

O, çalışdığı hökumət şirkəti Akimadakı rəhbərlərinə fotodakı qadının özü olduğunu etiraf edib.

Lakin onu Hellouin bayramı günündə işindən qovublar və şirkətin binasından mühafizəçilərin müşayiəti ilə çıxarıblar.

Onun işdən qovulmasını «qeyri-peşəkar hərəkətlə» əlaqələndiriblər, halbuki hadisə həftəsonu baş vermişdi və onun əynində dövlət şirkətində çalışdığını göstərən heç bir geyim yoxdur.

«Mən həmin gün heç işləmirdim də… Amma onlar dedilər ki, mən şirkətin davranış məcəlləsini pozmuşam».

Amma iki yeniyetmə anası olan xanım Briskman peşman deyil.

«Mən bunu bir də edərdim», - o, deyib.

 





07.11.2017    çap et  çap et