Vaxt.Az

Erməni kəşfiyyatçısı ələ keçdi


 

Mülki geyimdə olan diversantı kənd camaatı tutub

Erməni kəşfiyyatçısı ələ keçdi Bu gün Tovuz rayonu istiqamətindən Azərbaycan sərhədini keçərkən yaxalanan erməninin 65 yox, 77 yaşı var və o, psixi xəstədir. Virtualaz.org xəbər verir ki, News.am saytı Mamikon Xocayanın Ermənistanın Tavuş rayonunun Verin Karmiraxpur kəndinin sakini olduğunu bildirir. Kəndin başçısı Kamo Çobanyan deyib ki, 77 yaşlı Mamikon psixi xəstədir və dispanserdə qeydiyyatdadır.

«Günorta saatlarında kəndlilər onu əlində vedrə gedərkən görüblər. Soruşublar ki, hara gedirsən, cavab verib ki, gedirəm üzüm yığmağa. Qışın ortasında nə üzüm? Kənddən üzüm bağına qədər 8 kilometr yoldur. O, yola çıxıb və təsadüfən sərhədi keçib» - deyə Çobanyan bildirib.

Kənd başçısı deyib ki, Azərbaycan KİV-lərində Mamukonun fotolarını görüb və onu tanıyıb.

Virtualaz.org saytının müxbiri Tovuz rayonunun Ermənistanla sərhəd Ağdam kəndinin (Əlibəyli kəndi ilə qonşudur) sakinlərindən öyrənə bilib ki, Mamuko Xocayan hərbçilər tərəfindən Bakıya aparılıb.

Kənddən bildiriblər ki, sərhədi keçən erməninin necə tutulduğunu və onun silahlı olub-olmadığını öz gözləri ilə görməsələr də qonşu kəndin sakinlərindən eşidiblər ki, o, həqiqətən silahlı olub.

***

19:45

Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verib.

Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

***

18:27

Bu gün Tovuzun Əlibəyli kəndində tutulan Ermənistan vətəndaşının şəklini təqdim edirik. 
Saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

***

18:06

Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.

Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb: «Saat 16 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib».

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.

***

17:07

Ermənistan istiqamətindən Tovuz rayonunun ərazisində silahlı diversiya qrupunun üzvü olan erməni saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin şəxs bir neçə saat bundan əvvəl saxlanılıb. Nazirlikdən bununla bağlı əlavə məlumatlar veriləcək.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təxminən 50 yaşlarında olan olan şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi götürüb aparıblar. 

Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Təkcə ötən gecə cəbhə xəttində atəş 196 dəfə pozulub. Azərbaycan Ordusunun kapitanı Cəfərov Elnur Cəfər oğlu və leytenantı Əzizov Səbuhi Rüstəm oğlu şəhid olublar.

 





28.01.2014    çap et  çap et