İ.Hacıyev Azərbaycanın «Akkord» tikinti-sənaye korporasiyasının keçmiş səhmdarı və icraçı direktorudur. O, korporasiyadakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib.
Biznesmen bildirib ki, hazırda göydələnlərin tikintisi ilə əlaqəli sənədlərin tərtib olunması prosesi gedir. Göydələnlərin hündürlüyü 120 metr olacaq, tikinti təxminən üç ay sonra başlayacaq və 3 il sonra başa çatdırılacaq. «Bu, nöqtəvi tikinti olacaq», - Hacıyev deyib. Biznesmenin sözlərinə görə, tikintiyə 5 milyard rubl sərmayə qoyulacaq. Ancaq o, layihənin digər parametrlərini açıqlamayıb.
«SDİ Group» şirkəti 2014-cü ildən fəaliyyətdədir, fəaliyyət sahəsi mənzil və yol tikintisi, tikinti materiallarının və hazır konstruksiyalaın istehsalıdır. Şirkət Moskva ətrafındakı «Piroqovskaya Riverya» yaşayış kompleksi layihəsinin səhmdarlarından biri olub. İndi İlqar Hacıyev bildirib ki, digər ortaqlar layihədən çəkilib və «SDİ Group» hazırda bu layihənin tam sahibidir. Yaşayış kompleksindı 400 min kvadratmetrlik yaşayış sahəsi olacaq, indiyədək 80 min kvadratmetr tikilib. «Əgər bazar şərtləri imkan versə layihəni üç ilə tamamlayacağıq», - o deyib.
Qeyd edək ki, İlqar Hacıyevin Bakıda da tikinti layihələrində iştirakı var. Bu günlərdə Xırdalanda İ.Hacıyevə bağlı «Nova Development Group» şirkətinin həyata keçirdiyi «Nova City» yaşayış kompleksində vaxtilə bu şirkətin satış meneceri olmuş şəxs tərəfindən eyni mənzillərin bir neçə nəfərə satılması ətrafında qalmaqal mətbuata çıxmışdı. «Nova Development Group» şirkətinin 50 faizi azərbaycanlı iş adamı İlqar Hacıyevə, qalan 50 faizi isə İsveçrənin «Novanord Holdings» şirkətinə məxsusdur.