Vaxt.Az

Səudiyyə olaylarında Amerika izi


 

Şahzadənin «islahatları» Vaşinqtona nə vəd edir?

Səudiyyə olaylarında Amerika izi Səudiyyə Ərəbistanında şənbə günü başlamış həbslər ətrafında proseslər davam edir. Son məlumatlara görə, artıq həbs olunan şəxslərin sayı 60 nəfəri ötüb. Bunların arasında 11 şahzadə, 4 nazir, eləcə də hərbçilər, məmurlar, keçmiş nazirlər və iş adamları var. Səudiyyə Ərəbistanı Mərkəzi Bankı saxlanılan şəxslərin bank hesablarını dondurub.

Krallığın baş prokuroru Şeyx Səud əl-Mucib bildirib ki, bu hadisə korrupsiyaya qarşı mübarizənin «başlanğıcıdır», həbslər davam edəcək. Korrupsiyaya qarşı Mübarizə Komitəsinə rəhbərlik edən vəliəhd şahzadə Məhəmməd ibn Salman dövlətin vəsaitini oğurlayanların cəzalandırılacağını bildirib. Eyni zamanda Qərb mətbuatı yazır ki, korrupsiyada ittiham olunanların pulları və əmlakları müsadirə olunacaq. Ehtimal olunur ki, 800 milyard dollar vəsait dövlətə keçəcək.

ABŞ hökuməti baş verən həbsləri dəstəkləyib. Prezident Donald Tramp krallıqda həyata keçirilən həbsləri dəstəkləyib, bildirib ki, o, Kral Salman və vəliəhd şahzadəyə inanır: «Nə etdiklərini yaxşı bilirlər. Sərt münasibət görənlərin bəziləri illərdir ölkələrini sağır».

ABŞ Dövlət Departamentinin sözçüsü isə bəyan edib ki, Səudiyyə Ərəbistanında həyata keçirilən həbslərdə «ədalət və şəffaflıq» gözlənilməlidir. Sözçü deyib ki, Vaşinqton korrupsiyaya qarşı mübarizəni dəstəkləyir və təşviq edir, ancaq prosesin şəffaf aparılmasına ümid edirlər.

Həbslərlə bağlı ən böyük versiya isə bu prosesin hədəfi vəliəhd şahzadə Məhəmməd ibn Salmanın krallığa gedən yolunda əngəlləri təmizləməkdir. Kral Salman taxta oturduqdan sonra dövlətin açar vəzifələrinə oğlanlarını yerləşdirib. Bundan başqa ailə ənənəsini də pozaraq oğlunu müdafiə naziri və vəliəhd təyin edib. Faktiki olaraq atasından sonra taxta real namizəd Məhəmməddir. Ancaq 5 minə yaxın üzvü olan Səud ailəsində dövlətin müxtəlif postlarında əyləşən və krallığa iddia edən şahzadələr var. Bu isə Məhəmməd üçün ciddi təhlükə deməkdir. Son illərdə Krallıqda baş verən bir sıra həbslər də bu məqsədə xidmət edib.

Hazırda Səudiyyə Ərəbistanında əsas güc Məhəmməd ibn Salmanın əlindədir. Orduya rəhbərlik edən şahzadə bir müddət əvvəl daxili işlər naziri və əsas rəqibi hesab olunan Məhəmməd ibn Naifi vəzifədən çıxardıb və ev həbsinə salmağa nail olub.

Son həbslər zamanı isə Məhəmməd ibn Salmanın nəzarətində olmayan yeganə güc strukturu, ölkənin əsas silahlı gücü hesab edilən Milli Qvardiya artıq ələ keçirib. Milli Qvardiya naziri, əmisi oğlu Mutaib ibn Abdullah və eləcə də onun qardaşı Türki ibn Abdullah artıq həbs olunub. Milli Qvardiya ənənəvi olaraq Uteybə və Mutayir qəbilələrindən təşkil olunur. BBC qeyd edir ki, son həbslərdən sonra orduya bağlı olan qəbilə liderlərinin hesabları dondurulub və onların xaricə çıxışları yasaqlanıb. Milli Qvardiya zabitləri sabiq kral Abdullaha bağlı hesab olunur. Bu həbslər isə Məhəmməd ibn Salmana qarşı ehtimal olunan qiyamın qarşısını alır.

Son həbslərdə ölkənin ən böyük 3 şirkət hesab olunan ART, MBC və Rotana şirkətlərinin sahibləri də saxlanılıb. Beləliklə, Səudiyyə Ərəbistanında başlayan proses bütünlükdə silahlı güc və maliyyə gücünü tamamilə nəzarət altına alır. Bununla da faktiki olaraq dövlət Məhəmməd ibn Salmanın nəzarəti altına keçir.

Analitiklərə görə, son əməliyyatların əsas 3 hədəfi var. Bunların birincisi, ölkədə müəyyən qədər yumşalma siyasəti aparmaq və radikal vəhhabi ölkəsi imicindən qurtulmaq. Bu məqsədlə bir sıra islahatlar həyata keçirilib. Qadınlara maşın sürmək, stadiona getmək qadağaları götürülüb, seçkilərlə bağlı yumşalma olub və əxlaq polisinin fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb. Bu, necə deyərlər, imic məsələsi olub.

İkinci istiqamət ictimai sektorda özəlləşdirmə, ölkənin əsas iqtisadi gücünü simvolu olan dövlət neft şirkəti ARAMCO-nun özəlləşdirilməyə çıxarılması planlaşdırılır. Ümumilikdə isə dövlət şirkətlərində 300 milyard dollarlıq özəlləşdirmə həyata keçiriləcək.

Daha bir istiqamət isə Səudiyyə Ərəbistanının İrana qarşı ciddi bir cəbhə təşkil etməsidir. Hazırda vəliəhd şahzadə bu 3 istiqamətdə ciddi şəkildə irəliləyir. Həm dövlət içərisində mövqelərini möhkəmləndirir, güc strukturlarında nəzarəti ələ keçirir, eyni zamanda iqtisadi rıçaqları əlinə toplayır, mümkün baş qaldırma nöqtələrini susdurur və eyni zamanda İrana qarşı cəbhədə, ümumilikdə xarici siyasətdə fəallaşır.

Bu isə həm də onu göstərir ki, Səudiyyə Ərəbistanında baş verənlərin arxasında Vaşinqton, yaxud da necə deyərlər, qlobal silah və neft korporasiyaları dayanır. Bütün parametrlərinə görə, baş verənlər Trampın may ayında ər-Riyada səfəri zamanı söylədiyi «tezislərin» həyata keçirildiyini göstərir. Yəni yeni dönəmdə Səudiyyə Krallığı həm ABŞ-dan bol miqdarda silah alacaq, İrana qarşı ciddi bir güc mərkəzinə çevriləcək, birbaşa olmasa da, vəkalət savaşlarını, şahzadə Məhəmmədin dediyi kimi «İranın içərisində aparmağa» çalışacaq. Eyni zamanda ölkənin şimalında Misiri və İordaniya sərhədləri yaxınlığında NEOM layihəsi adı ilə 26 min kvadrat kilometr ərazidə «ikinci Dubay» inşa etməklə Qərb üçün yeni bazar və iş imkanları yaradır. Layihənin ilkin dəyəri 500 milyard dollar hesab olunur. Şahzadə bunun üçün ölkədəki maliyyə imkanlarını səfərbər edib.

Nəhayət, radikal islamçı dairələri sıradan çıxarmaqla imic yeniləməyə, Qərbdən gələn tənqidlərdən yayınmağa çalışacaq.

Ancaq proses ilk günlərdən rahat getsə də, şahzadələrdən birinin qaçarkən qəzada ölməsi, digərinin polislə toqquşmada ölməsi (bu versiya rəsmi dairələr tərəfindən təkzib olunub) göstərir ki, proses heç də rahat olmayacaq. Hələ də hakimiyyət içərisində şahzadənin yeni islahatlarından razı olmayan şəxslər qalır ki, bunlar da potensial təhlükə mənbələridir. Bundan başqa ölkənin ictimai həyatında söz sahibi olan qəbilələrin reaksiyası bəlli deyil. Son olaraq həbslərin yeni dalğasının başlaması o deməkdir ki, proses hələ davam edəcək.

 





09.11.2017    çap et  çap et