Vaxt.Az

Qadınları lağa qoymaq baha başa gəldi


 

Deputatlığa namizəd olan kişi zərif cinsin nümayəndəsinə uduzdu

Qadınları lağa qoymaq baha başa gəldi «The Guardian» yazır ki, Nyu Cersi ştatında qadınlara qarşı sayğısızlıq göstərən bir kişi siyasətçi burada keçirilən seçkidə böyük pərtliklə üzləşib.

Respublikaçı Con Karman (John Carman) ötən yanvar ayında Vaşinqtonda keçirilən Qadınlar Yürüşü barədə «Facebook»da aşağılayıcı bir status paylaşmışdı. Bu statusda sual edilirdi: «Görəsən, etirazçılar şam yeməyini bişirmək üçün evlərinə vaxtında çata biləcəklərmi?»

İndi isə bu ştatın ali qanunvercilik orqanına seçkidə Karman onun sözlərindən qəzəblənmiş bir qadına məğlub olub. Karman yerli məclisə namizədliyini ikinci müddət üçün vermişdi.

Beləliklə, demokrat Eşli Bennet (Ashley Bennett) öz siyasi debütündə cənab Karmanı deputatlığından məhrum edib.

32 yaşlı qadın siyasətçi təcili psixiatriya yardım xəstəxanasında işləyir.

«Bu ştatda mən də bir çox qadın kimi deputat Karmanın qadın qərəzliliyindən təhqir olunmuş və ikrah hissi keçirmişdim - Bennet özünün «Facebook» səhifəsində yazıb, - Belə davranış bundan sonra qətiyyən məqbul sayıla bilməz».

Karman həmin statusunu paylaşmaqla səhv etdiyini bildirmiş və bir neçə gün sonra üzr istəmişdi.

Bundan sonra Karman həm də yaxasına Konfederat bantı taxdığına görə tənqid olunmuşdu.

Karman sözü gedən statusunu yanvarın 21-də qadınların keçirdiyi 500 minlik anti-Tramp yürüşünün ardınca yazmışdı.

Lakin demokratlar tərəfindən kəskin tənqid olunan Karman bildirmişdi ki, o, qadın hüquqlarını tam dəstəkləyir.

«Mən eləcə zarafat etmişəm. Adamlar nə dilbilməz olublar», - Karman «Facebook»da yazmışdı.

«The İndependent» yazır ki, Karmanın yerli seçkidəki məğlubiyyəti prezident Tramp üçün «kiçik referendum» da sayıla bilər.

 





09.11.2017    çap et  çap et