Modern.az saytı SSRİ-nin Stalin hakimiyyəti dövrü ilə bağlı növbəti yazını təqdim edir.
Müharibədən sonra İosif Stalinə Sovet İttifaqı generalissimusu rütbəsi verilməsi haqqında təklifini də rəhbər az qala siyasi şouya çevirib. İlk dəfə olaraq onun bu yüksək rütbəyə təltif olunması təklifinin təşəbbüskarları yüksək çinli hərbçilər olub.
Belə ki, məsələ ilə bağlı keçirilən Siyasi Büronun iclasında çiyinlərində marşal rütbəsi daşıyan Georgi Jukov, İvan Konyev, Aleksandr Vasilyevski və Konstantin Rokossovski də iştirak ediblər. Əvvəlcə Stalin bu təklifdən imtina edib. Marşallar təkidlə çıxışlara başlayıb. Qeyd olunub ki, böyük qələbənin müəllifi məhz bu rütbəni daşımalıdır. Stalin çıxışları yarımçıq kəsərək marşallara əyləşməyi təklif edib və sonra adəti üzrə təmkinlə, özü haqqında üçüncü şəxs qismində yüksək çinli hərbçilərə müraciət edib:
- Siz yoldaş Stalini generalissimus rütbəsi ilə təltif etmək istəyirsiniz. Bu rütbə yoldaş Stalinə nəyə görə lazımdır? Bu ona qətiyyən gərək deyil. Yoldaş Stalin bu rütbəsiz də avtoritet sahibidir. Avtoritet sahibi olmaq üçün sizə belə rütbələr verilməlidir. Mənim isə buna ehtiyacım yoxdur. Stalin üçün siz bunların təklifinə bir baxın, Çan Kayşi- generalissimus, Franko- generalissimus, Stalin də generalissimus??? Yox, mən bununla razılaşa bilmərəm. Heç sözüm yoxdur sizə, yoldaş Stalin üçün yaxşı kampaniya yaradırsınız. Siz də marşalsınız, mən də. Məni bu sıradan çıxarmaq istəyirsiniz? Məni başa salın görüm axı bu nə deməkdir, bu nə rütbə məsələsidir?
Bu çıxışdan sonra marşallar əməlli-başlı «əziyyət»ə düşüblər. Hərbçilər müxtəlif tarixi faktlar göstəriblər, kitablardan sitatlar gətiriblər, rus ordusunda bu rütbəni daşıyacaq dördüncü şəxsin məhz o olacağını söyləyiblər.
Ancaq bütün bu söylənilənlərlə Stalini razılığa gətirmək mümkün olmayıb. Stalinin ağır «şıltaqlığını» bilən marşallar Siyasi Büronun iclasında pərt vəziyyətdə qalıblar. Vəziyyəti belə görən marşal Konstantin Rokossovski yenidən Stalindən danışmaq üçün söz istəyib:
- Yoldaş Stalin, mən də marşalam, siz də marşalsınız. Rütbələrimiz eyni olduğuna görə, siz məni heç vaxt cəzalandıra bilməyəcəksiniz.
Marşalın belə cəsarətli yarızarafat, yarıciddi fikri Stalinin xoşuna gəlib. O, xətrini hədsiz dərəcədə çox istədiyi Marşal Konstantin Rokossovskinin fikrinə təbəssümlə münasibət bildirib:
- Yoldaş Konstantinoviç, sizi cəzalandırmaq zövqündən məhrum olmaq istəmirəm. Bax, məhz, elə buna görə Sovet İttifaqı generalissimusu rütbəsini daşımağa razılıq verirəm.