Vaxt.Az

İtlər yaşılı qırmızıdan niyə seçə bilmir?


 

Yaşıl çəmənlikdə qırmızı topu tapmaq onlar üçün əsl problemdir

İtlər yaşılı qırmızıdan niyə seçə bilmir? «The Telegraph» qəzetinin elm müxbiri yazır ki, itlərdə rəng korluğu var və onlar qırmızı və yaşıl rəngləri seçməkdə çətinlik çəkirlər. Bu o deməkdir ki, yaşıl çəmənlikdə qırmızı topu tapmaq itlər üçün əsl problemdir.

Ekspertlər itlərin gözdən zəif olduqlarını və detalları seçməkdə insanlardan səkkiz dəfə geri qaldıqlarını çoxdan bilsələr də, bunun səbəbini bilmirdilər.

İndi isə alimlər aşkar ediblər ki, itlər qırmızı və yaşıl rəngləri bir-birindən seçə bilmirlər və insanlarda da müşahidə edilən bu rəng korluğu deuteranopia adlanır.

İtlər təbiətən krepuskulyar heyvanlardır, bu isə o deməkdir ki, onlar alatoranlıq saatlarında daha fəal olurlar. Alatoranlıqda rənglər o qədər də əhəmiyyətli rol oynamır. Lakin müasir zəmanəmizdə əhilləşdirilmiş itlər günün gündüz saatlarında oyaq olurlar. Buna baxmayaraq, onların gözləri hələ də bu təkamül prosesini başa çatdırmayıb.

Qırmızı-yaşıl rəng korluğu olan insanlar yaşıl fonda qırmızı ilə yazılmış rəqəmləri görməkdə çətinlik çəkirlər. Əslində, belə adamların diaqnozu onlara bu cür şəkillərin göstərilməsi ilə müəyyənləşdirilir.

Alimlər təcrübə zamanı itlərə yaşıl fonda çəkilmiş qırmızı pişik şəkilləri göstəriblər. İtlər də özlərini rəng korluğu olan adamlar kimi aparıblar. Yəni pişikləri seçmək üçün vurnuxublar.

İtaliyadakı Bari Universitetinin baytarlıq təbabəti departamentindən doktor Marsello Siniskalçi  (Marcello Siniscalchi) deyib ki, buna görə də hipotetik baxımdan itlərin də boz və narıncı rəngləri seçməkdə çətinlik çəkdiklərini söyləmək olar, amma hələlik, bu sahədə eksperimentlər aparlmayıb.

Alim bildirib ki, buna baxmayaraq, itlər üzərində aparılmış bu təcrübənin metodologiyası başqa heyvanlara da tətbiq edilə bilər.

İt sahiblərinə gəlincə isə bu, olduqca önəmli nəticədir. İt sahibləri onlarla parklarda oynayarkən rəng korluğu məsələsini nəzərə almalıdırlar.

İtinizin sizin yaşıl çəmənlikdə atdığınız topu tez tapıb gətirməsini istəyirsinizsə, qırmızı yox, məsələn, mavi rəngli toplardan istifadə edə bilərsiniz.

 





09.11.2017    çap et  çap et