Gülən Türkiyədə 2016-cı ilin iyul ayında törədilmiş uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçısı kimi ittiham olunub və onun barəsində qiyabı həbs cəzası verilib. Həmin vaxtdan bəri rəsmi Ankara ABŞ-da mühacir həyatı keçirən ilahiyyatçının ekstradisiya olunmasına çalışır.
Virtualaz.org xəbər verir ki, mənbənin bildirdiyinə görə, Ankara təmsilçiləri Flinnlə ötən ilin dekabr ayında görüşüblər. Almaniyanın «Deutsche Welle» nəşri əlavə edir ki, bu görüşdə Pensilvaniyada yaşayan Gülənin özəl təyyarədə zorla Türkiyəyə çatdırılması planı müzakirə olunub.
Qəzetin iddiasına görə, bu hadisə ABŞ-ın xüsusi prokuroru Robert Müller tərəfindən başlanmış təhqiqatın predmetinə çevrilib. Xatırladaq ki, Flinn Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla əlaqələri barədə hesabatından sonra administrasiyadakı vəzifəsini tərk etmişdi. Müllerin əsas araşdırma obyekti Rusiyanın ABŞ-dakı prezident seçkilərinə güman edilən təsiridir.
«The Wall Street Journal» vurğulayır ki, Trampın keçmiş müşavirinin Ankaradan hər hansı məbləğdə pul almasına işarə edən dəlil yoxdur. Maykl Flinnin vəkilləri məqalədə adı göstərilən məlumatları «cəfəng» və «hiddətləndirici» adlandırıblar.