Vaxt.Az

Milyonlar səviyyəsində dələduzluq


 

Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı

Milyonlar səviyyəsində dələduzluq «Azərbaycan Dəmir Yolları» QSC-nin rəisi, sonra isə nəqliyyat naziri Ziya Məmmədovun müavini vəzifələrində çalışmış Arif Əsgərovun baldızının oğlu – adı çəkilən QSC-də marketinq şöbəsinin rəisi vəzifəsində işləmiş Rahib Hüseynov hakim qarşısına çıxarılıb. Dələduzluqda ittiham olunan R.Hüseynovun əməllərində bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

Cinayət işinin başlanmasına səbəb R.Hüseynovun «Azərbaycan Dəmir Yolları» QSC-yə Türkiyədən yataq dəstləri gətirmək adı ilə tanışı Qoşqar Zeynalovun 6 milyon 364 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi olub. Həmçinin iş qurmaq adı ilə 2013-cü ildə tanışı Emil Hüseynova və Namiq Mehdiyevə də eyni üsulla pul «atması» sonda R.Hüseynovun həbsi ilə nəticələnib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan R.Hüseynov cəmi 3 ay həbsdə qalıb. Belə ki, 2 noyabr 2016-cı ildə Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə ittiham olunan R.Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilsə də, üç ay sonra elə həmin məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

R.Hüseynov nə istintaq zamanı, nə də məhkəmə prosesində özünü təqsirli bilməsə də, zərərçəkmişlər pulu biznes qurmaq adı ilə ona verdiklərini açıqlayıblar.

O, ifadəsində Qoşqar Zeynalovla dost olduqlarını, bir sinifdə oxuduqlarını göstərib. 2011-ci ildə Q.Zeynalov R.Hüseynova işlə bağlı müraciət etdikdə «müəssisəyə müxtəlif məişət əşyaları lazım olur, həmin əşyaları müəssisəyə satmaq və gəlir əldə etmək mümkündür» cavabı verib. Amma bu işlə məşğul olmaq üçün müəssisənin rəhbəri Arif Əsgərovun oğlu Elnar Əsgərova müraciət etmək lazım olduğunu bildirib. Qoşqar Elnarla görüşüb, razılığa gəliblər. Sonradan xalasıoğlu Elnar ona zəng vurub deyib ki, Qoşqardan pul götürmək lazımdır. Bu minvalla da işə başlayıblar. Qoşqardan 7 milyon 625 min dollar götürüb və Elnara verib: «2010-cu ildən bütün dəmir yolu təsərrüfatının təchizat işləri Elnarın rəhbərlik etdiyi «Liman Qrup» şirkəti tərəfindən aparılırdı. Həmin şirkət dəmir yolları idarəsini bütün ləvazimatlarla təmin edirdi və müxtəlif məhsulları idarəyə satırdı. O dövrdə mən də orada müxtəlif vəzifələrdə işləyirdim. Elnar mənə dedi ki, bir neçə qohum və tanışlardan şirkətin dövriyyəsini artırmaq üçün vəsait yatızdırmaq lazımdır. Mən və qardaşım Emindən (dələduzluqda ittiham olunan Emin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir - virtualaz.org) bu işdə ona köməklik göstərməyimizi xahiş etdi. Elnarla dayıoğlu Pərvin dedilər ki, Qoşqarda pul var, bu təklif ona olunsa, şirkətə pul yatırmaq olar. Qoşqarın mənə verdiyi pulların hamısını Elnara çatdırmışam. Pul verməzdən əvvəl zəng vurub Elnarla əlaqə saxlayır, sonra pulları mənə verirdi».

Məlumat üçün bildirək ki, R.Hüseynova məxsus bütün əmlaklar həyat yoldaşının adına rəsmişləşdirilib. Bunlara - Nəsimi bazarının yaxınlığında «Star» MTK-nın inşa etdiyi iki və üç otaqlı mənzillər, həmin binada 280 kv.m. qeyri-yaşayış sahəsi, «Real» MTK-nın inşa etdiyi binada 3 otaqlı mənzil, «Port Baku» binasında 3 otaqlı mənzil, «Oba» MTK-nın binasında 4 otaqlı mənzil, Rəsulzadə qəsəbəsində 6 sot, Novxanıda 26 sot torpaq sahəsi, 3 mərtəbəli bağ evi və s. daxildir.

Elnar Əsgərovun bacanağı, 7 milyon yarım dolların taleyini 2011-ci ildə taleyin ümidinə buraxan Qoşqar Zeynalov dəfələrlə pullarını geri istədiyini, amma xeyri olmadığını deyib. R.Hüseynov əvvəlcə maliyyə çətinlikləri olduğunu söyləyib, sonrasa zənglərinə cavab verməyib: «Türkiyəyə qaçdığını eşitdim. 2013-cü ildə tutdular, 9 ay istintaq təcridxanasında qaldı. O vaxt Elnarla danışdım, dedim sənin sözünlə Rahibə pul vermişəm. O da mənə 2 milyon 500 min dollar qaytardı. «Banditizm»ə dindirməyə çağırılan ərəfədə Rahibin atası bir qohum kimi xahiş etdi ki, şikayətimi geri götürüm, oğlu çıxan kimi pulumu qaytaracaqlar. Mən də inandım. Rahib çıxandan sonra dəfələrlə pullarımı istədim, amma cəmisi 1 milyon 200 min dollar qaytardılar».

Zərərçəkən N.Mehdiyev ifadəsində bildirib ki, R.Hüseynov azadlığa çıxandan sonra plastik kartların satışı ilə məşğul olmaq üçün maddi köməklik göstərməsini xahiş edib. Əldə olunan qazancı yarı böləcəklərinə inandığı üçün onun təklifi ilə razılaşıb. Sonra R.Hüseynov onun 30 min 500 manat pulunu mənimsəyib: «Ona ümumi olaraq 47 min 500 manat və 6200 dollar vermişəm. Dedi, biznes quracaq, qazancın yarısını da mənə verəcək. Rahibi ciddi adam kimi tanıyıdrım, inandım. Amma sözünə əməl etmədi. Şikayət edəndən sonra pulun bir hissəsini qaytardı. Uşağım xəstələndi, qapısına gəlib pulumu istədim, vermədi. Bu adama görə övladım şikəst oldu».

Üç günlüyə qaytarılacağı vəd edilərək 250 min dolları əlindən alınan Emil Məmmədov ifadəsində göstərib ki, Emin Hüseynovun ona zəng vuraraq qardaşı Rahibə təcili pul lazım olduğunu, birgə iş gördüyü adamların onu sıxdıqlarını deyib: «Söz verdiyi vaxtda geri qaytarmadı. On beş gündən sonra pulun yarısını qaytarsa da, sonradan yoxa çıxdı. Girov olaraq Novxanıdakı 10 sot torpağın «kupça»sını vermişdi. Bir müddət sonra Rahibin xalasıoğlu Elnar zəng vurub dedi ki, sənədləri qaytar. Mən də dedim, pulumu qaytarın, sənədləri verim».

E.Məmmədov Hüseynovlar tərəfindən bir yox, bir neçə dəfə aldadıldığını deyib. Bu günə kimi də onun 35 min manat pulunu qaytarmayıblar: «Bu ilin fevralında Rahibin anası gəldi ki, oğlunu ev dustaqlığına çıxarmaq istəyir, bunun üçün yazılı şəkildə ərizə lazımdır. Həmin vaxt 5 min manat verdilər, yaxın günlərdə pulun yerdə qalan hissəsini də qaytaracaqlarını dedilər, inandım. Sonra başa düşdüm ki, məni yenə də aldadıblar».

Məhkəmə prosesi noyabrın 21-də davam edəcək.

İnarə RAFİQQIZI

 





11.11.2017    çap et  çap et