«Xalq Sazişi»nin uğursuzluğuna baxmayaraq, ənənəvi olaraq maddi mənada Konstitusiyanın vətəni məhz indiyədək vahid yazılı Konstitusiyası olmayan İngiltərə hesab olunur. Burada XVII-XVIII əsrlərdə konstitusiyalı monarxiyanın bərqərar olması bir sıra normativ-hüquqi aktın (Habeas Corpus Amendment Act, Bill of Rights və s.) qəbulu və konstitusiya adətlərinin əmələ gəlməsi ilə müşayiət olunurdu.
Formal mənada isə Konstitusiyanın vətəni ABŞ hesab olunur. 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyası sonradan edilmiş 27 düzəlişlərlə indiyədək qüvvədədir. Sırf insan haqları ilə bağlı olan bu düzəlişlərin 10-u artıq 1789-1791-ci illərdə qəbul edilmişdi, çünki bütün diqqəti hakimiyyətlərin bölünməsinə yönəldən Konstitusiyada insan haqlarına əvvəlcə önəm verilməmişdi.
Amerika təcrübəsini nəzərə alan Fransada 1791-ci ildə qəbul edilmiş ilk Konstitusiyada ön plana insan haqları çıxarılmış, hakimiyyətlərin bölünməsi mexanizmi isə sonrakı maddələrdə təsbit edilib. Bizimki də daxil olmaqla müasir konstitusiyalar, bir qayda olaraq, məhz bu strukturu rəhbər tutur. Beləliklə, Fransanı müasir Konstitusiyanın vətəni hesab etmək olar.
Fikir verdinizsə, həm İngiltərənin və ABŞ-ın, həm də Fransanın Konstitusiyanın vətəni olduğunu birmənalı vurğulamadım («hesab olunur», «hesab etmək olar»). Məsələ burasındadır ki, Konstitusiyanın ümumi qəbul olunmuş tarixi həqiqətə uyğun deyil. Əslində, həm maddi, həm də formal mənada ilk Konstitusiya ingilis Konstitusiyasından 1000 ildən də çox əvvəl qəbul olunmuşdu, özü də Qərbdə deyil, Şərqdə.
Məlum olduğu kimi, İslam təqviminin birinci ili olan 622-ci ildə ilk müsəlmanlar Mədinəyə hicrət etmişdilər. Həmin andan şəhər əhalisi müsəlmanlardan, habelə digər ərəb və yəhudi qəbilələrindən ibarət idi. Buna görə də Məhəmməd Peyğəmbər (SAS) bütün şəhər əhlinin qəbul etdiyi Saziş hazırladı. Sazişdə insan haqları və azadlıqları (o cümlədən yaşamaq hüququ və vicdan azadlığı) bəyan edilirdi. Bütün şəhər sakinləri bərabərlik, mərhəmət və ədalət prinsipləri əsasında yaşamalı olan vahid xalq elan olundu. Beləliklə, Konstitusiyanın ilk meyarı – insan haqlarının təminatı – bu Sazişdə təsbit edilmişdi.
Konstitusiyanın ikinci meyarı (hakimiyyətlərin bölünməsi) isə Peyğəmbərin (SAS) vəfatından sonra bərqərar oldu. Qanunvericilik hakimiyyəti müəyyən mənada Peyğəmbərin (SAS) səhabələrindən ibarət olan və Quran və Sünnəyə əsaslanan Şuraya, icra hakimiyyəti seçilmiş Xəlifəyə, məhkəmə hakimiyyəti isə müstəqil qazılara məxsus idi. Bir dəfə ikinci rəşidi xəlifəsi Ömər Qurana zidd olan qayda təsdiq etmək istədikdə, qadınlardan (!!!) biri etiraz etdi. Ömər səhvini etiraf edib qadının haqlı olduğunu dedi. Faktiki olaraq həmin qadın Konstitusiya Məhkəməsi funksiyasını yerinə yetirmişdi. Qazıların müstəqilliyinə nümunə kimi isə dördüncü rəşidi xəlifəsi Əlinin və Osmanlı sultanı Mehmet Fatehin şəriət məhkəməsində müvafiq olaraq yəhudiyə və xristiana məğlub olması haqda məşhur hadisələri göstərmək olar.
Göründüyü kimi, ilk Konstitusiya İslam dünyasında yaranıb. Bu isə o deməkdir ki, VII əsrdən həmin dünyanın tərkib hissəsi olan Azərbaycanın da on dörd əsrlik konstitusional tarixi var. 1998-ci ildə ANS-ə müsahibəsində Konstitusiyamızın qüsurları haqda danışan onun əsas müəllifi Heydər Əliyev (Allah rəhmət eləsin!) vurğulamışdı ki, orada tarixi, milli, mənəvi ənənələrimiz və mentalitetimiz nəzərə alınmayıb.
Yəqin, elə buna görə də xalqımız Konstitusiyanın mahiyyətini tam dərk etmir. Konstitusiya xalqa daha yaxın olmalıdır, hansısa ölkələrin qaydalarını olduğu kimi yamsılamamamlıdır. Məsələn, İsveçrə Konstitusiyasında kəsilən heyvanın qabaqcadan vurulması tələb olunur. Gülməlidir? Adətləri belədir! Konstitusiya ictimai müqavilədirsə, xarici deyil, öz reallığımızı əks etdirməlidir. Yalnız bu halda Konstitusiya real işlək sənəd ola bilər. Belə sənədin müəllifi isə bütün xalq olmalıdır. Çünki hər bir xalq malik olduğu ictimai müqaviləyə layiqdir... Konstitusiyamızın reallığa, reallığın isə Konstitusiyamıza uyğun olacağı ümidi ilə hamını Konstitusiya günü münasibətilə təbrik edirəm!