Vaxt.Az

Səhra qanunlarından xilasa can atan Ər-Riyad


 

Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə bin Salman dəmir yumruğunu göstərdi

Səhra qanunlarından xilasa can atan Ər-Riyad Səudiyyə Ərəbistanında ciddi hadisələr baş verir. Şahzadələr, nazirlər və zəngin iş adamları həbs edilib dəbdəbəli bir oteldə saxlanılır. Korrupsiyada ittiham edilən şəxslərin banklardakı hesabları da dondurulmuş vəziyyətdədir.

Bu böyük korrupsiya əməliyyatının arxasındakı baş aktyor isə 32 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salmandır.

Şahzadə Məhəmməd yenicə yaradılmış korrupsiya ilə mübarizə komissiyasına da başçılıq edir.

Yaxşı, doğurdanmı baş verən son hadisələr korrupsiya ilə səmimi bir mübarizə cəhdi, yoxsa şahzadə Məhəmmədin iqtidarı əlində cəmləşdirmək istəyidir? Bunların hər ikisi doğrudur.

Korrupsiya Səudiyyə Ərəbistanında çox geniş yayılıb. Rüşvət, bahalı «hədiyyələr» və cəsarətli bəxşişlər dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanında iş fəaliyyətinin bir hissəsi idi.

Mühüm vəzifələrə gətirilən adların çox böyük hissəsi fövqəladə səviyyəyə çatan sərvətlərə qovuşub. Bu pulların böyük qismi də vergilərdən gizlədilir.

Səudiyyə Ərəbistanı bu qədər korrupsiyaya davam gətirəcək bir vəziyyətdə deyil. Ölkənin sürətlə artan gənc əhalisi var. Bu insanlar üçün mənalı məşğulluq sahələrinin yaradılması və yeni layihələrin həyata keçirliməsi lazımdır.

81 yaşlı kral Salman tərəfindən dəstəklənən vəliəhd şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanı zənginlərinin üstünə düşməsinin bir neçə səbəbi var.

İlk olaraq bu, artıq əvvəllər olduğu kimi iş qurmağın məqbul olmadığını göstərmək məqsədi güdür.

O, Səudiyyə Ərəbistanının XXI əsrdə mövcud ola bilməsi üçün islahat və müasirləşməyə ehtiyacı olduğunu düşünür. Şahzadə Məhəmmədin rəhbərliyi altında hökumət ofşor hesablarına daxil olmağı və ümumilikdə 800 milyard dollar olduğu ehtimal edilən mənbələri ölkə iqtisadiyyatına qaytarmaq istəyir.

Bəs əməliyyatlar nə qədər davam edəcək? Ölkənin baş prokuroru indiyədək edilmiş həbsləri üçün «ilk başlanğıc» adlandıraraq yeni həbslərin siqnalını vermişdi.

Hakim Səudiyyə sülaləsi ölkənin neft gəlirlərinin hansı hissəsinin şahzadələrə və onların ailələrinə getdiyini açıqlamır.

Səudiyyə Ərəbistanı xalqı oğurlanan sərvətin ölkə daxilində ədalətli şəkildə yenidən bölüşdürüləcəyi ümidiylə sevinsə də, kimsə korrupsiya əməliyyatlarının hara qədər davam edəcəyini təxmin edə bilmir. Əlbəttə ki, işin içində iqtidarın qərəzi də var.

32 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salman hal-hazırda ölkənin ən mühüm qurumlarına nəzarəti əlində saxlayır.

Dünyanın ən gənc müdafiə nazirlərindən olan birisi iddialı bir iqtisadi inkişaf proqramını yaratmağa çalışır.

Səudiyyə Ərəbistanını neft asılılığından xilas etmək istədiyini söyləyir. Şahzadə Məhəmmədin ölkə xaricində də güclü müttəfiqləri var.

Vaşinqtonda ABŞ prezidenti Donald Trampı ziyarət etdikdən sonra şahzadə Məhəmməd və Ağ Ev arasında sıx bir əlaqə qurulub.

Şahzadə Məhəmməd ölkəni Yəməndə sonu görünməyən müharibəyə sürükləsə də, Səudiyyə Ərəbistanının gənc əhalisi arasında populyar olmaqda davam edir.


Vəliəhd şahzadənin düşmənləri də var


Səudiyyə Ərəbistanında keçmiş üsul-idarəçilik tərəfdarı olanlar şahzadənin cəhdlərindən narahatdırlar.

Ən başda isə bu qədər gənc bir şahzadənin vəliəhd elan edilməsi, Səudiyyə Ərəbistanın taxta sahiblənmək ənənələri ilə bir araya sığmır.

Şənbə günü aparılan əməliyyatlarda milli qvardiyanın başçısı Miteb bin Abdullah da həbs olunub. Şahzadə Miteb taxta sahib çıxmaq məsələsində ciddi bir təhlükə olmasa da, milli qvardiya 51 il müddətində, kral Abdullah və ondan sonra da onun oğlu tərəfindən idarə olunub.

Aparılan son əməliyyatlar nəticəsində yarım əsrlik bir heyətə ciddi zərbə vurulmuş oldu.

Vəliəhd şahzadə islahat proqramını həyata keçirməyə çalışarkən müqavimətlə üzləşəcəyini bilirdi. Lakin o indi bu iddialı proqrama qarşı çıxa biləcək hər kəsi zərərsizləşdirmək istiqamətində dəmir yumruq strategiyası yürüdür.

Hazırda ölkədə vəliəhd şahzadəyə qarşı çıxa biləcək hər hansı bir qüvvə mərkəzi qalmayıb. Şahzadə Məhəmməd gələcək yarım əsr boyunca Səudiyyə Ərəbistanın kralı ola və ölkənin gedişatını radikal şəkildə dəyişdirə bilər.

Səudiyyə sülaləsi daxilində şahzadə Məhəmmədin çox erkən yaşda həddən artıq qüvvəyə sahib olmasından narahatlıqlar var. Lakin ən mühüm olanı bütün bunlara mühafizəkar mühafizəkar mühitin necə reaksiya verəcəyidir.


Vəhhabi imamlar nə edəcək?

 

Səudiyyə krallığı ölkəni vəhhabi imamlarının qanunlarıyla idarə edir. Bu günə qədər imamlar səlahiyyətlərinin azaldılmasına səslərini çıxarmayıblar.

Onlar sentyabr ayında qadınlara avtomobil idarə etmək icazəsi verilməsinə də etiraz etməyiblər.

Lakin onların Qərb dəyərlərinin ölkəyə getdikcə daha geniş şəkildə daxil olmasına, kinoteatrların açılmasına necə reaksiya verəcəkləri məlum deyil.

Digər tərəfdən böyük iş dünyasının Səudiyyə Ərəbistanının korrupsiya əməliyyatlarını və «təmizlik işlərini» necə qarşılayacağı məlum deyil.

Beynəlxalq investisiyalar ölkəyə gəlməkdə davam edəcək, yoxsa Səudiyyə Ərəbistanını tərk edəcək?

Ən mühüm sual isə budur - şahzadə Məhəmməd gənc əhaliyə verdiyi məşğulluq vədini yerinə yetirə biləcəkmi?

Şənbə günü başlayan korrupsiya əməliyyatı daha təmiz və yaxşı bir Səudiyyə Ərəbistanının başlanğıcı, yoxsa ölkəni bir arada saxlayan quruluşun dağılmasının başlanğıcı olacaq? Bu sualın cavabını bizə zaman verəcək.

 





12.11.2017    çap et  çap et