Vaxt.Az

Məxfi «Palma»nın 2-ci şəxsi


 

Qatarın altında qalan SSRİ-nin ilk daxili işlər naziri Kruqlov

Məxfi «Palma»nın 2-ci şəxsi SSRİ-nin yüksəkçinli məmurları arasında kifayət qədər ciddi simalardan biri olan Sergey Kruqlov haqqında mətbuat uzun illər susub. Çox-çox sonralar, «məxfi» qrifli qovluqlar açıldıqdan sonra Kruqlovun fəaliyyəti tarixçilərin və media nümayəndələrinin diqqətini cəlb edib.

1946-cı ildə «NKVD» ləğv olunaraq Daxili İşlər Nazirliyi yaradılanda Sergey Kruqlov ilk olaraq bu quruma nazir təyin olunub. Bu təyinata qədər də o, 1945-ci ilin dekabr ayından «NKVD»yə rəhbərlik edib. O, Stalinlə əvvəlcədən planlaşdırılmamış görüşmək səlahiyyəti olan azsaylı məmurlardan biri olub.

Modern.az saytı SSRİ-nin ilk daxili işlər naziri Sergey Kruqlov haqqında yazını təqdim edir.

Sergey Kruqlov öz həyatını sırf partiya işinə bağlasaydı, yəqin ki, karyera pillələrini «NKVD»də olduğu kimi sürətlə qalxa bilməzdi. O, bir müddət Gürcüstanda partiya işində çalışıb. Bacarığı, savadı ilə fərqlənib. Elə Lavrenti Beriya ilə də Gürcüstanda tanış olub. Bu dövr Beriyanın Gürcüstana rəhbərlik etdiyi vaxta təsadüf edib. Aralarında normal münasibət yarandığından Beriya «NKVD»yə getdikdən sonra onu da Moskvaya dəvət edib. Bir neçə ay aparatın «xüsusi səlahiyyətli» əməkdaşı kimi fəaliyyət göstərdikdən sonra Kruqlov «NKVD»də müavin, həmçinin, kadrlar idarəsinin vəzifəsinə irəli çəkilib. Bu vəzifəyə təyinatında Beriyanın köməyi və təşəbbüsü ilə yanaşı, Mərkəzi Komitənin katibi Georgi Malenkovun dəstəyi də böyük olub.

Sergey Kruqlovun «NKVD» fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Xüsusilə, çeçen və inquşların köçürülməsi, QULAQ məcburi əmək düşərgələrinin işindəki fəaliyyəti Stalinin də diqqətindən yayınmayıb. 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərdən biri də Kruqlov olub.

1945-ci ilin iyulun 17-dən avqustun 2-dək «böyük üçlüyün» iştirakı ilə Berlin yaxınlığında yerləşən Potsdamda keçirilən konfransda isə Kruqlovun xidmətləri daha yüksək qiymətləndirilib. Bu konfransın bütün təhlükəsizlik məsələləri məxfi «Palma» əməliyyatı adı altında Beriyaya həvalə olunub. «Palma»nın ikinci şəxsləri isə Kruqlov və Stalinin şəxsi mühafizəsinin rəisi Vlasik olub.

Konfransda təhlükəsizliyin təmin etmək üçün «NKVD» qoşunlarının 7 alayı və 1500 əməliyyatçı iştirak edib. Stalinin iqamətgahının təhlükəsizliyinə general Vlasik, konfrans keçiriləcək yerin təhlükəsizliyinə isə birbaşa Kruqlov cavabdehlik daşıyıb.

Potsdam konfransının işindən və bütövlükdə təşkilindən razı qalan Stalin əməkdaşları mükafatlandırmaq üçün Beriyaya siyahı təqdim etməyi göstəriş verib. Həmkarlarına qarşı həmişə qısqanc olan Beriya bu dəfə fərqli olaraq siyahıda birinci Sergey Kruqlovun adını qeyd edib. Beriya marşal rütbəsi, Kruqlov general-polkovnik rütbəsi ilə mükafatlandırılıb. Bununla yanaşı, Kruqlov Lenin ordeni ilə də təltif olunub.

Kruqlov bəlkə də yeganə şəxslərdən biri olub ki, çox tez-tez Beriyanı xoşagəlməz əməllərinə görə ikilikdə tənqid edib. Belə hallar bəzən kiçik bir əhatənin içərisində də baş verib. Beriya isə bu tənqidlərə bir cümlə ilə cavab verib: «Sergey, sən dəyişmirsən, elə Gürcüstanda olduğun kimisən...»

Amma buna baxmayaraq, Beriya bütün fəaliyyəti dövründə Kruqlovu müdafiə edib, onun vəzifədəki mövqelərini möhkəmləndirib.

Stalinin ölümündən sonra 11 mart 1953-cü ildə daxili işlər və dövlət təhlükəsizliyi nazirlikləri Beriyanın rəhbərliyi altında birləşdiriləndə Kruqlov bu nazirlikdə birinci müavin vəzifəsinə təyin olunub. Az keçməmiş, həmin ilin 26 iyun tarixində Beriyanın həbsindən sonra Sergey Kruqlov nazir kürsüsündə əyləşib. Bu da bir faktdır ki, Kruqlov ona dayaq olan Beriyanın həbs olunmasında fəal iştirak edənlərdən biri olub. Daha bir fakt isə odur ki, Beriya komandasından salamat çıxan və yenidən nazir təyin olunan yeganə şəxs də Kruqlov olub.

Onun bu gedişlərinə baxmayaraq, partiyanın yeni rəhbərliyinin yaddaşında Kruqlov «Beriyanın əlaltısı» kimi qalıb. 1956-cı ilin yanvar ayında Xruşovun göstərişi ilə Kruqlov nazir vəzifəsindən azad edilərək elektrostansiyalar tikintisi nazirinin müavini vəzifəsinə göndərilib. Bu vəzifədə də onu çox işləməyə qoymayıblar. Bir ildən sonra Kruqlov daha aşağı vəzifəyə, Kirov rayonunun Xalq Təsərrüfatı Sovetinin sədr müavini vəzifəsinə təyin edilib.

1957-ci ildə Xruşov Malenkovun, Molotovun və Kaqanoviçin «antipartiya qrupu»nu dağıtdıqdan sonra bütün köhnə kadrları «sıradan çıxarmaq» planını işə salanda 1958-ci ildə Kruqlov da hər şeydən məhrum olunub. Hətta «MVD» pensiyasından və mənzilindən belə.

Beləliklə, 52 yaşlı sabiq nazir xəstəliyi ilə əlaqədar 2-ci qrup əllilik dərəcəsi ilə oyundan kənar vəziyyətdə qalıb.

Taleyi ilə barışan Kruqlov Moskva ətrafındakı qəsəbələrin birində çox sadə bir həyat tərzi sürüb, dəbdəbəsiz, təmtəraqsız və bəzən də ehtiyac içində.

1977-ci il iyulun 6-da Sergey Kruqlov bağ evlərinin yanında yerləşən «Pravda» dəmiryolu stansiyasında məlum olmayan səbəbdən qatarın altına düşərək ölüb.

Onun ölüm səbəbi qəzetlərdə «Bədbəxt hadisə nəticəsində...» kimi yazılıb. Amma bu hadisə ilə bağlı intihar və sui-qəsd kimi versiyalar da söylənilib...

 





12.11.2017    çap et  çap et