Bunu Modern.az saytına QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə deyib.
O, Allahşükür Paşazadəyə qarşı yayılan
kompromatlara münasibət bildirərkən bunları yalan olduğunu deyib.
«Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə
Ərəbistanından maliyyələşir. Dünya bilir ki, bunlar başqa-başqa dövlətlərdən,
həmçinin Səudiyyə Ərəbistanından geniş şəkildə istifadə edirlər. Müsəlmanlar İdarəsi
hansı formada Səudiyyə Ərəbistanından istifadə edə bilər axı?»- deyə Cavanşir
Paşazadə mətbuatda QMİ rəhbərinin Səudiyyə Ərəbistanından pul alması barədə
yazılanları tənqid edib.
Millət vəkili onu da bildirib ki,
Azərbaycanda olan vəhhabi cərəyanının iç üzü açıldığı üçün onlara bəzi
məsələləri xatırlatmaq sərf etmir. O qeyd edib ki, vəhhabilər Azərbaycan
dövlətinin radikal cərəyanlara qarşı qanuni şəkildə işlər aparacağını
bildiyindən təxribatlara əl atırlar.
«Azərbaycan dövləti, azərbaycançılıq əleyhinə dünyada müxtəlif diaspor
təşkilatları fəaliyyət aparır. Bu da onların bir formasıdır».
Qeyd edək ki, bu gün QMİ radikal dini
cərəyanların təbliğ etdiyi ideyaların təhlükəsindən danışıb. Əsasən vəhhabilik,
xəvaricilik, sələfilik, nurçuluq, təkfirçilik cərəyanlarının adları vurğulanıb.
Bu bəyanatdan sonra özünü «Fətullah Gülən sevdalıları» adlandıran qrupun
elektron poçt ünvanından bəzi KİV-lərə göndərilən məktubda Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadə hədələnib, ona qarşı kompromatlar yayılıb.
Lakin ehtimal olunur ki, bu kompromatı yayanlar nurçular deyil, vəhhabilərdir.