Vaxt.Az

«Sərkisyan 5 rayonu qaytarmağa razıdır»


 

Kremlin ideoloqu: «Ağlı başında olan erməni siyasətçiləri bu ssenariyə hazırdır»

«Sərkisyan 5 rayonu qaytarmağa razıdır» Tanınmış politoloq Elxan Şahinoğlunun inandığı etibarlı qaynaqdan əldə etdiyi məlumata görə, Kremlin (Putinin) Dağlıq Qarabağ ərafındakı 5 rayonun Azərbaycana qaytarılması qarşılığında 3 şərtinin olduğunu bildirib: 1.) Azərbaycanın Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olması. 2.) Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması. 3.) Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi.

Qeyd edək ki, bu şərtlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Soçidə başlanacaq görüşü ərəfəsi yayılması da dıqqət çəkib.

Kremlin ideoloqu, filosof və publisist, Avrasiya ideyasının müəllifi kimi tanınan Aleksandr Duqin minval.az saytına müsahibəsində 3 şərtə münasibət bildirib. O, öncə Dağlıq Qarabağ problemi ilə məşğul olsa da sözü gedən 3 şərt haqda hələ ki bilgili olmadığını deyib.

«Prezidentimiz yüksək səviyyəli görüşlərindəki danışıqlar mövzusu ciddi şəkildə gizli saxlanılır. Əgər belə şərt varsa, onda bu, Moskva tərəfindən irəli sürülmüş çox radikal şərtlər olardı. Amma bizim prezident praqmatikdir. Açıq görünür ki, biz 5 rayonun azad edilməsinin tərəfdarıyıq. Təbii ki, biz Azərbaycanı AİB və KTMT-də görmək istəyirik. Amma bu, suveren Azərbaycanın qərarı ilə olmalıdır», - deyə A.Duqin vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi Azərbaycan xalqının azad iradəsi ilə Vladimir Putin və İlham  Əliyev arasında müzakirə olunur: «Vladimir Putin həmişə sübut edib ki, Azərbaycanın müstəqilliyinə, azadlığına və suverenliyinə hörmət edir. Bakının iştirakı olmadan Ankara ilə heç bir danışıqlar aparmayacağıq».

Kremlin ideoloqu daha sonra bildirib ki, Ermənistanın ağlı başında olan siyasətçiləri 5 rayonunun qaytarılması ssenarisi ilə razılaşıblar. «Bu məsələ üçtərəfli görüşlərdə dəfələrlə müzakirə olunub. Həm Ermənistan prezidenti, həm də bütövlükdə ağlı başında olan erməni siyasətçiləri bu ssenariyə hazırdır. Burada yeni və gözlənilməz heç nə yoxdur. Ermənistan mətbuatı 5 rayonun qaytarılmasıni Ermənistan mətbuatı məğlubiyyət, Azərbaycan tərəfi qələbə kimi qələmə verir. Bu razılıq o mənada qələbədir ki, regionda sülh bərqərar olacaq», - Duqin bildirib.

Xatırladaq ki, 5 rayon məsələsi bir müddətdir ki, gündəmdən düşmür. Ermənistan KİV-də bu barədə ətraflı məlumatlara yer verilməsə də, ölkənin yüksək vəzifəli siyasətçiləri bununla bağlı mesajlar veriblər. Məsələn, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan etmişdi ki, ölkəsi 5 rayonu azad etməyə hazırdır.

 





13.11.2017    çap et  çap et