Müqaviləyə əsasən AZAL «Boeing» şirkətindən 5 «Boeing 787-8 Dreamliner» və iki «Boeing 747-8f», yaxud «Boeing 777F» təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.
Lakin Cahangir Əsgərov Dubayda təkcə «Boeing»in müasir sərnişin laynerlərini deyil, Rusiyanın «Sukhoi Superjet 100» təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. Virtualaz.org «Vesti.ru»ya istinadən xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: «Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq», - Cahangir Əsgərov bildirib.
«Suxoy mülki təyyarələri» şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. «Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik», - o bildirib.
Qeyd edək ki, «Sukhoi Superjet» təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.