Vaxt.Az

O qədər şayiə gəzir ki…


 

«Azəravtoyol»un buldozerləri «Şanxay»a və daha hara hücum çəkəcək...

O qədər şayiə gəzir ki… Ötən həftə sonu Bakıda növbəti kütləvi söküntünün anonsu verildi. «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov Heydər Əliyev prospektindən, «İnter» stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol çəkiləcəyini, eyni zamanda tıxaclara son qoymaq üçün Babək prospektinin genişləndiriləcəyini açıqladı. Layihə gələn ilə dair yol çəkilişləri planında yer alıb.

Virtualaz.org saytı  dəqiqləşdirib ki, yolun çəkilişi zamanı «Şanxay» kimi tanınan - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsi, NZS qəsəbəsinin bir hissəsi plana düşəcək. Hələlik «İnter» stadionundan sağa dönməklə Babək prospektinə çıxacaq 4-zolaqlı yolun dəqiq marşrutu hələ açıqlanmayıb. Lakin bəribaşdan aydındır ki, hər iki layihə-həm «İnter» stadionunun yanından Heydər Əliyev və Babək prospektlərini birləşdirəcək yeni yolun çəkilməsi, həm Babək prosektinin genişləndirilməsi irimiqyaslı söküntülərlə müşayiət olunacaq.

«Şanxay»da  1 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığındakı evlərin sakinlərinə artıq xəbərdarlıq edilib. Gələn ilin martından evlərin siyahıya alınmasına başlanılacaq. Elə buna görə də bir çoxları evlərini dəyər-dəyməzə satıb köçmək istəyir.

 

Narazılıq edənlərə dedilər ki…

 

«Şanxay» qəsəbəsində 40 minə yaxın sənədsiz göcəqondu tipli ev var. Bu gecəqondullar məhəlləsinin söküləcəyinə dair söz-söhbətlər əslində yeni deyil. Neçə vaxtdır dəmiryolu xəttinin 20 metrliyinə qədər olan evlərin sökülməsi prosesi gedir. Sökülən evlərin tör-töküntüsü vaxtlı-vaxtında daşınmır, küçələr zibilxanaya çevrilib.. Bir yandan isə sahibsiz itlər sakinlərin qorxulu röyasına çevrilib. Amma buna baxmayaraq əksəriyyət evlərin sökülməsinə qarşıdır.

Adil Quliyev  60 ildir «Şanxay»da yaşayır. İşıqsız, qazsız, susuz qaldığı zamanlarda belə evinin sökülməsini istəməyib. «Bu balaca daxmanı ərsəyə gətirmək üçün illərlə işləmişəm. Başqa yerdə yaşamaq bizim üçün çətin olar», - deyir.

Sakinlər söküntü zamanı təklif edilən  kompensasiyanın məbləğindən narazılıq qalsalar da, şikayət etməkdən çəkinirlər. «Baxın, dəmiryolu xəttinin yaxınlığındakı qırmızı dam örtüklü  o evin sahibi mətbuata şikayət etmişdi. Dörd tərəfindəki evləri sökdülər, təkcə bu evi saxladılar. Dedilər ki, özün gəlib yalvarmayanadək beləcə işıqsız, susuz qalacaqsan. Buna görə də heç kim narazılıq etmək istəmir», - adının çəkilməsini istəməyən sakinlərdən biri deyir.

Digər sakin isə xahiş edir  ki, «Şanxay»ın  problemlərindən yazaq, ancaq onların şəkillərini çəkməyək. Çünki şəkilləri mətbuatda gedən sakinlərə sonradan  problem yaranır.

«Şanxay»da tək evlər bir-birilərinə bənzəmir, adamların dərdləri, qayğıları da birdir.

 

«Sakinləri adam yerinə qoymurlar»

 

Bunu isə cəzaçəkmə müəssisəsinin yaxınlığında yaşayan Həsənağa kişi deyir. Onun sözlərinə görə, bir-iki nəfəri razı salıb söküntüyə başlayırlar: «Həmişə görmüşük ki, azlıq çoxluğa tabedir, burda isə çoxluq azlığa tabe olur. Evini kirayə verən biri min dollar görən kimi söküntüyə razı olur, qalanlar da axına qoşulurlar. Razı olmayanları elə vasitələrlə qorxudurlar ki, məcburiyyət qarşısında qalırsan. Mən prezident təqaüdçüsüyəm, dedilər ki, get şikayət elə. Sakinləri toplayıb dinləmədilər».

Sakinlərdən biri iddia edir ki, mötəbər mənbədən xəbər alıb, bu xəbərə görə qəsəbəni türk iş adamlarına satıblar. Ona görə də tələm-tələsik söküntü gedir. Danışıqlara əsasən 3 ilə qəsəbə tam köçürüləcək, yollar salınacaq. Bundan sonra bir neçə zavod tikiləcək: «Deyirlər ki, türk iş adamları gəlib, ərazini bəyəniblər. Cəzaçəkmə müəssisəsi köçürüləcək, dəmiryolu xətti söküləcək».

 

1200 manatdan danışıb, 800 manat ödədilər

 

«Şanxay» sakinlərindən digəri söhbətə qoşulub deyir ki,  evlərin bazar qiymətləri ilə qiymətləndirilməsini tələb etsələr də, bu tələb yerinə yetirilməyib. Mənzilin ümumi sahəsini bəzi evlərdə 1000, bəzilərində isə 800 manatdan hesablayıblar. Narazı qalanların etiraz aksiyası keçirmələri də işə yaramayıb. Deyiblər ki, dövlətdən narazılıq həbslə nəticələnə bilər. Bir parça çörəyə möhtac olanların isə verilən kompensasiya ilə razılaşmaqdan başqa çarəsi qalmayıb.

Sonaxanım adlı sakin isə deyir ki, onlar söküntüyə çoxdan razıdırlar. Çünki qışda soyuqdan donmaqdan qurtaracaqlar. «Bir balaca daxmada 40 adam qeydiyyatdadır. Guya hökumət bilmir ki, 20-25 nəfər 25 kvadratmetrlik balaca iki otağa sığışa bilməz. Söküntü komissiyası araşdırma aparır, çox küçədə öz adamları var, onlar vasitəsilə məlumatlar toplayırlar», sakin əlavə edir.

 

Bəd xəbər tez yayılır…

 

«Şanxaylılarla» söhbəti başa vurub üz tuturuq Babək prospektinə. Burada prospektin  hər iki tərəfində mebel mağazaları, avtotəmir sexləri, kiçik müəssisələr, digər obyektlər yar. Avtotəmir sexinin sahibi Nazim Eyvazov deyir ki, bəd xəbər tez yayılır, onlar da artıq yola yaxın ərazilərdə obyektlərin söküləcəyini eşidiblər, ancaq kütləvi söküntünün olacağına inanmırlar: «Hələ gəlib maraqlanan, məlumat verən yoxdur. Babək prospektində yol kənarında 10 minə yaxın irili-xırdalı obyekt var, buna görə də kütləvi söküntü mümkün deyil».

Mebel mağazasının adını açıqlamaq istəməyən sahibi isə söyləyir ki, Nobel prospektində yolun genişləndirilməsi zamanı köçürülən sahibkarların əksəriyyəti hələ də məhkəmələrdə sürünür. Buna görə də söküntü xəbərinin yalan olması üçün gecə-gündüz dua edirlər.

Prospektin üzü mərkəz istiqamətində  qəbiristanlıq, logistika şirkətlərinin ofisləri, saunalar var. Yükdaşıma xidməti göstərən «Anar» kiçik müəssisəsinin əməkdaşı bildirir ki, artıq söküntü xəbərlərinə inanmırlar. «Dedilər tramvay xətti çəkiləcək, ona görə də yol genişləndirilməlidir. O qədər şayiə, söz-söhbət eşidirik ki, artıq inanmırıq. Yəqin ki, yolun iki-üç zolaqlı hissəsi genişləndiriləcək. O da obyektlərə təsir etməyəcək».

Maşın təmiri sexinin əməkdaşı isə əlavə edir ki, söküntü xəbəri doğru olsaydı SOCAR burada  dalbadal yanacaqdoldurma  məntəqəsi tikməzdi.

«Azəravtoyol» ASC-dən isə virtualaz.org saytına bildiriblər ki, hələlik söküləcək ev və obyektlərin siyahısı təsdiqlənməyib. Çünki layihənin üzərində iş gedir. Layihə tam təsdiqlənəndən sonra mətbuata açıqlama veriləcək.

 





14.11.2017    çap et  çap et