Vaxt.Az

Bütün yollar Moskvaya aparır


 

Bəs regiona səfərə gələn Lavrovun çantasında bu dəfə hansı plan var?

Bütün yollar Moskvaya aparır Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın ardınca bu gün prezident Serj Sərkisyan Moskvaya səfər edir. Kremlin bildirdiyinə görə bu gün prezident Vladimir Putin erməni həmkarı ilə Avrasiya İttifaqı çərçivəsində inteqrasiya məsələlərini, iki ölkə arasında müttəfiqlik münasibətlərini və «regional problemləri» müzakirə edəcəklər. Görüşün rəsmi gündəmində Qarabağın adı çəkilmir, amma heç şübhə yoxdur ki, «regional problemlər» qismində əsas yeri Qarabağ nizamlanması tutacaq.

Bundan bir gün əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya səfər edib və Minsk Qrupunun həmsədrləri, habelə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Xəbər verildiyi kimi sabah noyabrın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə və Rusiya xarici işlər naziri ilə görüşmək üçün Moskvaya yollanacaq. Noyabrın 19-da və 20-də isə Lavrovun Bakıya və İrəvana səfər edəcəyi açıqlanıb.

Rusiya xarici işlər naziri ötən gün həmin səfərlərin hər iki ölkə ilə diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı olduğunu, lakin ikitərəfli aktual məsələlərin, o cümlədən Qarabağ məsələsinin də müzakirə ediləcəyini deyib. Və gözlənilir ki, ilin sonuna qədər ən azı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq, hərçənd təmasların, müzakirələrin intensivliyi prezidentlər səviyyəsində görüşü də istisna etməməyə əsas verir. Bu, ola bilsin ki, Putin-Sərkisyan müzakirələrinin nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Sərkisyandan əvvəl Azərbaycan prezidenti İlham Əliyev də rusiyalı həmkarı ilə təmasda olub. Bu görüş Tehranda keçirilə Rusiya-Azərbaycan-İran üçtərəfli sammiti çərçivəsində baş tutmuşdu. Xəbərlərə görə Tehranda sammitin keçirildiyi məkanda  İlham Əliyev Vladimir Putinlə təkbətək uzun-uzadı gəzişib, söhbətləşib. Kameralar bu məqamı qısa da olsa qeydə alıblar. Prezidentlər Tehrana Şimal-Cənub nəqliyyat dəhlizi, energetika sahəsində əməkdaşlıq kimi hər üç ölkəni maraqlandıran məsələləri müzakirə etmək üçün yığışmışdılar. Ancaq heç bir şübhə yoxdur ki, Azərbaycan prezidenti rusiyalı həmkarı ilə bu görüş imkanından daha çox məhz Qarabağ məsələsini müzakirə etmək üçün yararlanıb. Çünki Rusiyanın regionda və dünyada güclənməkdə olan mövqeyi onsuz da əvvəldən həlli Moskvadan asılı olan bu münaqişənin nizamlanmasında prezident Putinin rolunu həlledici edir.

Belə görünür ki, hazırda Qarabağ ətrafında intensivləşən təmaslara, müzakirələrə ehtiyatla da olsa Türkiyə də cəlb olunub. Ötən həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşü zamanı  bu məsələni də müzakirə edəcəyini jurnalistlərə açıqlamışdı. Ərdoğanla Putinin Soçidəki təkbətək görüşü planlaşdırılandan dəfələrlə uzun-2 saat yarımdan çox çəkib. Hətta Rusiya-Türkiyə Yüksək səviyyəli Strateji Tərəfdaşlıq Şurasının üzvü olan xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşə buraxılmayıb. Rusiya mətbuatı yazır ki, Çavuşoğlu prezidentlərin təkbətək görüşünün başa çatmasını gözləyərkən vaxtını dəhlizdə o tərəf-bu tərəfə gəzişməklə və qarşısına çıxan jurnalistlərə müsahibələr verməklə keçirməli olub.

Prezidentlər bu təkbətək görüşdə nədən danışıblar, əlbəttə, bu sirr olaraq qalır. Lakin Türkiyə-Rusiya yaxınlaşmasının bütöv Avrasiya regionunda, hətta dünyada geosiyasi xəritənin yenidən çizilməsi ilə müşayiət olunur. Türkiyə Qərbdən uzaqlaşaraq Rusiyanın liderliyində yenidən formalaşan Avrasiya blokuna doğru meyllənir. Və Türkiyə-Rusiya yaxınlaşması kontekstində Qarabağ məsələsinin prezidentlərin danışıqlarında gündəmə gəlməsi erməni tərəfinin bütün hay-küyünə baxmayaraq qaçılmazdır. Baxmayaraq ki, görüşün mətbuata açıq hissəsində, prezidentlərin birgə brifinqində Qarabağ haqda bir kəlmə də danışılmadı.

Bu ərəfədə belə xəbərlər yayıldı ki, Moskvanın «5 rayonun qaytarılması» planı yenidən aktuallaşıb, ancaq Rusiya rayonları qaytarılmasının əvəzində Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə qoşulması da daxil olmaqla bir sıra şərtlər irəli sürür. Əslində «5 rayon», yaxud Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin azad edilməsini nəzərdə tutan nizamlama prinsipləri yeni deyil.

Bunlar illərdir Minsk Qrupu həmsədrləri tərəfindən tərtib olunub danışıqlar masasına qoyulan «Madrid prinsipləri», yaxud «Kazan sənədi» kimi çoxsaylı, amma kiçik fərqlərlə bir-birlərini təkrarlayan həll modellərində öz əksini tapıb. Hansı ki, həmin həll modelləri Dağlıq Qarabağın yekun statusunun səsvermə yolu ilə müəyyən edilməsini də nəzərdə tutur. Bakının isə prezident İlham Əliyevin ötən gün növbəti dəfə bəyan etdiyi kimi bu məsələdə mövqeyi dəyişməz qalır-münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla həll edilə bilər, ikinci erməni dövləti mümkün deyil.

Gözlənilir ki, həm xarici işlər nazirləri, həm prezidentlər arasında son həftələr ərzində aparılmış müzakirələrin yekunu olaraq Sergey Lavrov həmin həll modelinin yeni redaktədə edilmiş hansısa variantını özüylə gətirəcək. Çünki Lavrov ağırçəkili fiqurdur və əgər o, regiona ezam edilirsə deməli ümumi məzmunlu, diplomatik protokol çərçivəsində müzakirələr aparmaq üçün gəlmir. Çantasında nəsə konkret təklif, şərt, yaxud hansısa «Lavrov planı» var...

 





15.11.2017    çap et  çap et