Vaxt.Az

Ərdoğan «50 faizlik dinçi elektoratını» saxlamağa çalışır


 

Engin Altay: «Bütün ölkə problemlər içində yandığı halda, o yalnız …»

Ərdoğan «50 faizlik dinçi elektoratını» saxlamağa çalışır «The Guardian» qəzeti yazır ki, Türkiyədə fəallar və müxalifət nümayəndələri müsəlman ruhanilərə vətəndaş nikahlarını bağlamaq hüququnu verən qanunu tənqid edirlər.

Onlar bu qanunu qadın haqlarına və dünyəviliyə zərbə adlandırırlar və bildirirlər ki, bu, cəmiyyətə dini dəyərləri sırımaqla onun qütbləşməsinə səbəb olacaq.

Müsəlman «müftilərə» vətəndaş nikahlarının bağlanmasına icazə verən qanun Türkiyə parlamenti və prezident Ərdoğan tərəfindən təsdiq edilib.

Bu qanun ona vətəndaş cəmiyyəti fəallarının və müxalif millət vəkillərinin etirazlarına baxmayaraq, rəsmi qəzetdə dərc olunub və qüvvəyə minib.

Hələ ötən ay Ərdoğan bəyan etmişdi ki, «istəsələr də, istəməsələr də qanun qəbul ediləcək».

Yeditepe Universitetinin gender qanunları üzrə eksperti Nazan Moroğlu bildirib ki, bu qanun qadınların hüquqlarını daha da daraldacaq.

«Bu ölkədə qadınların üzərinə yüklənən nə varsa hamısı din adına edilib», - ekspert deyib.

Türkiyədə hökumət tərəfindən təsdiq edilən müftilər gündəlik həyatda baş verən problemlərlə bağlı dini hökmlərini verirlər.

Bundan əvvəl Türkiyədə rəsmi nikahları yalnız dövlət məmurları qeydiyyatdan keçirirdilər.

Yeni qəbul edilmiş qanunda həmçinin nikahdan əvvəl «mənəviyyatsız hərəkətə» yol vermiş şəxslərin Türkiyə vətəndaşı olmaq hüququ əllərindən alınır.

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Türkiyədə bundan əvvəl vətəndaşlar dövlət nikahı bağladıqdan sonra dini kəbin kəsdirmək hüququna da malik idilər. Bu sanki nikahlara əlavə sanbal verirdi.

«The Guardian» yazır ki, başqa Yaxın Şərq ölkələrində vətəndaş nikahlarına icazə verilmir. Bu, müsəlman qadınların qeyri-müsəlman kişilərlə nikah bağlamasının qarşısını almaq məqsədi güdür. Buna baxmayaraq, bu müsəlman ölkələrində müsəlman qadınla qeyri-müsəlman kişi arasında xaricdə bağlanmış nikahlar etibarlı sayılır.

Buna görə də Yaxın Şərqdə qeyri-müsəlmanlarla evlənmək istəyənlər nikahın bağlanması üçün Türkiyə və Kiprə səfər edirdilər.

Qanunun tərəfdarları bildirirlər ki, yeni qanun faktiki olaraq, vətəndaş və ya dövlət nikahlarını qadağan etmir. Onlar həm də iddia edirlər ki, yeni qanun azyaşlılarla nikaha və ya çoxarvadlılığa imkan yaratmır. Qanun tərəfdarlarının fikrincə, əksinə mömin müsəlmanlar müftinin kəbin kəsməsi ilə daha məmnun qalırlar.

Qanunun opponentləri isə bildirirlər ki, ölkədə dövlət çevrilişi cəhdinin ardınca elan edilmiş fövqəladə vəziyyət şəraitində onun qəbul edilməsinə elə bir ciddi ehtiyac yox idi. Onların fikrincə, bu qanun sadəcə olaraq, mühafizəkar islami dəyərlərin hökumət tərəfindən cəmiyyətə sırınması kampaniyasının tərkib hissədir.

Tənqidçilər onu da deyirlər ki, bu qanun hökumətin sünni İslamın qaydalarını dünyəvilik prinsipi əsasında qurulmuş respublikaya şamil etməyə çalışmasının nümunələrindən yalnız biridir. Onların fikrincə, yuxarı siniflərdə təkamül nəzəriyyəsinin tədris proqramından çıxarılaraq əvəzində cihad konsepsiyasının təhsil sisteminə daxil edilməsi buna bariz misaldır.

Hökumət tənqidçiləri həm də narahatdırlar ki, dövlət, qadın haqlarının məhdudlaşdırılmasına göz yummaqda davam edir.

Türkiyədəki hüquqi sistem evlilik üçün minimum olaraq 17 yaşı qəbul edib. Lakin istisna hallarında 16 yaşlı qızların nikaha girməsinə icazə verilir. Amma məsələ burasındadır ki, bu istisna əsasında ölkədə son dörd ildə 232 min belə nikah qeydə alınıb.

Türkiyənin qadın haqları kampaniyaçıları deyirlər ki, ölkədəki bütün nikahların üçdə biri yaşı 18-dən az olan qızlarla bağlanıb.

İstanbuldan müxalif millət vəkili Selina Doğan deyir ki, bu qanun layihəsi qəbul edilərkən ondan təsirlənəcək tərəflərin, məsələn, müftilərin və qadınların rəyi qətiyyən soruşulmayıb.

«Bir nəfər ölkənin bütün quruluşunu siyasi İslam rejiminə çevirmək iqtidarındadır», - millət vəkili deyib.

«The Guardian» yazır ki, Türkiyədə uzun müddətdən bəri qüvvədə olan ailə qanunlarının dəyişdirilməsi islamçılarla dünyəviçilər arasında ixtilaf məsələsinə çevrilir.

Məsələn, 2016-cı ildə hakim AKP partiyası tərəfindən boşanma vergisinin məbləğini artıran qanun layihəsi təklif edilib. Boşanma vergisini, adətən, boşanmanın təşəbbüsçüsü olan tərəf ödəməli olur. Kampaniyaçıların fikrincə, bu verginin artırılması da ilk növbədə qadınların hüquqlarını məhdudlaşdırır.

Bu təkliflərin arasında ən çox ziddiyyətə səbəb olanı qadın zorlayan kişilərə zorlama qurbanı ilə evlənərsə əfv verilməsinə dair təklif idi.

Bu təklif bütün ölkə boyunca ciddi tənqid və müqavimətlə üzləşdirkdən sonra geri götürülüb.

Başqa təkliflərdə isə boşanma hallarında müftilərə «sülhyaradıcı» funksiyasının verilməsi nəzərdə tutulurdu.

«Bu, Ərdoğanın cəmiyyəti daha da qütbləşdirmək və onu dəstəkləyən 50 faizlik elektoratı qoruyub saxlamaq fəndindən başqa bir şey deyil, - müxalif millət vəkillərindən Engin Altay deyib, - Bütün ölkə problemlər içində yandığı halda, o yalnız əsassız müzakirələrlə öz elektoratını cəmiyyətdən ayırmaq qayğısına qalır».

 





15.11.2017    çap et  çap et