Tsvangiray 2008-ci il prezident seçkilərində 48 faiz səslə qalib gəlib, lakin hakimiyyət seçkilərin nəticələrini tanımayıb və ikinci tur təyin edib. Tsvangiray polis tərəfindən saxlanılıb, amma daha sonra xarici müdaxilə ilə azad olunub. Daha sonra o, gözlənilmədən ikinci tura qatılmaqdan imtina edib və Muqabe tərəfdarları ilə koalision hökumət quraraq baş nazir olub.
Baş nazir postunda Tsvangiray sürətlə nüfuzdan düşüb, çünki onun özü və hökuməti korrupsiyaya qurşanıb. 2013-cü il prezident seçkilərində yenidən namizədliyini irəli sürsə də məğlubiyyətə uğrayıb. Üstəlik həmin il keçirilən parlament seçkilərində onun «Demokratik dəyişikliklər uğrunda hərəkat» partiyası cəmi 25 faiz səs yığa bilib. Eyni zamanda Zimbabve konstitusiyasına edilmiş dəyişikliklərə əsasən baş nazir postu da ləğv olunub, hökumətə başçılıq etmək səlahiyyətləri yeni yaradılan vitse-prezident postunu tutan şəxsə keçib. Nəticədə Tsvangiray hakimiyyətdən uzaqlaşıb və sıravi deputat kimi qalıb. Onun Rusiyaya nə məqsədlə yerləşdiyi məlum deyil.
Xatırladaq ki, Zimbabvedə 37 ildir hakimiyyətdə olan 93 yaşlı diktator Muqabenin hakimiyyəti özündən sonra 52 yaşlı arvadı Qreys Muqabeyə ötürmək planları hərbçilərin müdaxiləsinə səbəb olub. Belə ki, Qreys Muqabenin hakim ZANU-DF partiyasındakı «G40» adlanan fraksiyası və vitse-prezident, «köhnə qvardiya»nın liderlərindən general Emmerson Mnanqaqvanı vəzifədən istefa verməyə məcbur edib. Daha sonra Mnanqaqvanın adamlarına qarşı təmizləmələr başlayıb. Gözlənilirdi ki, Qreys Muqabe gələn ay vitse-prezident olacaq. Lakin Mnanqaqva xaricə qaçaraq oradan Muqabeyə və arvadına qarşı sərt bəyanat verib. Ordu komandanı Konstantino Çivenqa bəyan edib ki, hərbçilər Mnanqaqvanın hakimiyyətdən uzaqlaşdırılmasını və onun tərəfdarlarının hakim partiyadan uzaqlaşdırılmasını qəbul etmir. Və noyabrın 15-də axşam Zimbabve ordu qüvvələri paytaxta yeridilib. Muqabe və ailəsi ev dustağı edilib. Hakim partiya Mnanqaqvanın ölkəyə qayıdaraq prezident səlahiyyətlərini icra edəcəyini açıqlayıb. Muqabenin arvadı Zimbabvedən Namibiyaya qaçıb, onun özü istefaya razılaşıb, amma hələ istefasını rəsmən elan etməyib.
Zimbabvedə ordunun Muqabeni devirməsinin arxasında bu ölkəyə faktiki nəzarət edən Çinin dayandığı əsas versiyadır. Vitse-prezident Mnanqaqvanın istefasından üç gün sonra-noyabrın 10-da silahlı qüvvələrin komandanı Konstantino Çivenqa Pekinə gedib. Həmin səfərdən əvvəl Çivenqa ordunun siyasi proseslərə müdaxilə etməyə hazır olduğunu Hararedə bəyan etmişdi.
Lakin rəsmi Pekin general Çivenganın səfərinin «əvvəlcədən planlaşdırıldığını», bu səfərdə hərbi çevriliş barədə müzakirələrin aparılmadığını bildirir. Bununla belə analitiklər qeyd edirlər ki, Zimbabve ordusu Pekinlə razılaşdırmadan siyasi proseslərə müdaxilə edə bilməzdi.
Zimbavenin Çindən güclü iqtisadi asılılığı var və faktiki olaraq onun müstəmləkəsidir. Çin Zimbabveyə kreditlər və istehlak malları verir, əvəzində Çin şirkətləri bu ölkədə zəngin faydalı qazıntı yataqlarının istismarına dair müqavilələr bağlayır, habelə infrastruktur layihələri həyata keçirir. 2015-ci ildən Çin yuanı Zimbabvedə rəsmi ödəniş vasitəsidir.
Əslində Çinin «qara qitəyə» ekspansiyası yeni deyil. Bu proses uzaq 1956-cı ildə başlayıb. Zimbabve, CAR, Anqola, Mozambik və digər ölkələrdə azadlıq hərəkatlarının arxasında məhz Çin dayanırdı.
1990-cı illərin əvvəllərində Çin hökuməti Afrikaya irimiqyaslı nüfuzetmə strategiyasını qəbul edib. Həmin vaxtdan qitə Çin iqtisadiyyatı üçün ucuz xammal bazasına çevrilib. Hazırda Çin Afrika İttifaqına daxil olan 55 ölkənin az qala hamısında yollar çəkir, xəstəxanalar, stadionlar inşa edir, yeni texnologiyalara, kənd təsərrüfatına investisiya qoyur. Əvəzində isə Afrika neftinin az qala üçdə birini, CAR kömürünü, Qabon dəmir filizini, Ekvatorial Qvineyanın qiymətli ağac növlərini, Zimbabve misini, platinini və s. əldə edir. Başqa sözlə, Çin Afrika ölkələrini özünün iqtisadi müstəmləkəsinə çevirmək siyasətini uğurla həyata keçirir.
Bu günlərdə Çinin xarici ölkələrə iqtisadi yardımının həcmi açıqlanıb. Məlum olub ki, bu ölkə xarici yardım kimi 354 milyard dollar ayırıb. Müqayisə üçün ABŞ-ın ayırdığı xarici yardımlar 396 milyard dollardır. Və Çinin yardımlarının 86 faizi məhz Afrika ölkələrinin payına düşüb.
Çinin Zimbabve ilə iqtisadi əlaqələrinə dair məlumatlar faktiki olaraq gizlidir, belə məlumatlara açıq mənbələrdə rast gəlinmir. Lakin bir məsələ aydındır ki, qara qitənin xammalında, təbii ehtiyatlarında gözü olan Rusiya Çinin bu ölkədə getdikcə artan rolundan məmnun deyil. Və belə görünür ki, müxalifət liderinin Rusiya təyyarəsi ilə Harareyə aparılmasının arxasında da bu rəqabət dayanır.
Rusiya Zimbabve ilə iqtisadi əlaqələrini genişləndirməyə 2014-cü ildən başlayıb. Həmin il xarici işlər naziri Sergey Lavrov sənaye naziri Denis Manturovla birlikdə Harareyə səfər edib, prezident Muqabe il görüşüb. Səfərdə məqsəd iqtisadi və hasilat sənayesi sahəsində əməkdaşlığın qurulması idi.
Rusiya Zimbabvedə Afrikanın ən iri platin yatağını kəşf edib. Bu yatağın Rusiya şirkətləri ilə birgə işlənməsinə dair müqavilə bağlanılıb. Yatağın sübut olunmuş ehtiyatlarının həcmi 17 tondur. Habelə Zimbavedə Rusiya şirkətləri qızıl və almaz hasilatı ilə məşğuldur. Şübhəsiz ki, Çinin bu ölkədəki fəaliyyəti Rusiyanın maraqları ilə toqquşur, bu səbəbdən Moskvanın Hararedə baş vermiş çevrilişə laqeyd qalacağını gözləmək sadəlövhlük olardı. Xüsusən də indi dünyada az qala hər daşın altından «rus barmağı»nın çıxdığı bir vaxtda...