Vaxt.Az

«Azərbaycana terrorçu hazırlayıb göndərirlər»


 

İlham İsmayıl: ««Meşə qardaşları» ölkədə təhlükə mənbəyidir»

«Azərbaycana terrorçu hazırlayıb göndərirlər» Radikal dini qruplaşmalar olan «Meşə qardaşları» və «Ceyşullah»ın Azərbaycanda qarşılıqlıq salacaqları, hakimiyyətə qarşı hərbi əməliyyatlara start vermələri ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıblar. Bu xəbərlər ölkədə ciddi narahatlığa səbəb olub. Bəs bu narahatlığın əsası varmı? Azərbaycanı ciddi təhlükə gözləyirmi? Hafta.az-ın bu və digər suallarına təhlükəsizlik məsələləri üzrə ekspert, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik leytenant İlham İsmayıl cavablandırdı:

- Son günlərdə ölkədə radikal dini qruplaşmalar xeyli aktivləşib. Hətta hakimiyyətə qarşı təhdid mesajları da göndərirlər. Bütün bunlar hansısa təhlükədən xəbər verirmi?


- Ümumiyyətlə, radikal dini qruplaşmalar həmişə təhlükə mənbəyi olub. Azərbaycanda isə onların təhlükələrinin miqyası kiçikdir. Ancaq bu o demək deyil ki, bu kimi mesajlara fikir vermək lazım deyil. Əksinə, böyük hadisələr də kiçik mesajlardan başlayır. Ona görə də hesab edirəm ki, dini qruplaşmalarla bağlı hər detala diqqət yetirilməli, onları hansısa təhlükə törətməməsi üçün nəzarətdə saxlanılmalıdır. Ümumilikdə məsələyə dünya miqyasında baxdıqda, yəni Suriyada və digər ölkələrdə baş verənlər fonunda Azərbaycanda təhlükənin miqyası kiçikdir. Lakin bu o demək deyil ki, radikal dini qruplaşmalar nəzarətsiz buraxılıb. Bu deyilənləri SOS kimi qəbul edək. Hesab edirəm ki, xüsusi xidmət orqanları da bütün bunları nəzərə alır və inanmıram ki, ölkə üçün hansısa ciddi təhlükə olsun».

- «Meşə qardaşları» və «Ceyşullah»ın məlum mesajları barəsində nə düşünürsünüz?
- Sosial şəbəkələrdə «Ceyşullah» və «Meşə qardaşları» adından yayılan təhlükə törədəcəkləri ilə bağlı xəbərlər yayılır. «Ceyşullah» bir o qədər də təhlükəli deyil, ancaq «Meşə qardaşları» təhlükəli fəaliyyəti olub. Deməli təxribata, radikalizmə meyllidirlər. Ancaq təlaşlanmağa gərək yoxdur. Çünki adi bir xəbər belə əhəmiyyətlidir. Haradasa partlayıcı maddə qoyulması haqqında yayılan xəbər sonrası həmin ərazi qarış-qarış axtarılır. Buna görə də bu kimi sosial şəbəkələrdə də yayılan xəbərlərə fikir verilməli, bu kimi məlumatlar araşdırılmalıdır. Yenə də deyirəm ki, bu qrupların təhlükə miqyası ölkəmiz üçün elə də böyük deyil. 

- Hacı Şeyxülislam Allahşükür Paşazadənin dünənki çıxışından sonra onun əleyhinə mətbuatda hansısa qruplar tərəfindən informasiyalar yayıldı. Bu informasiyaların davamında Şeyxə hər hansı bir sui-qəsd planlana bilərmi?
- Xeyr, bu hal inandırıcı görünmür. Çünki bu fətva və digər fikirlər Şeyxin öz sözü deyil. Bu Qazilər Şurasının verdiyi qərardır və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yayılır. Bu qərarda konkret olaraq hədəfdə heç nə göstərilmir. Sadəcə olaraq, Suriyada vuruşan azərbaycanlıların şəhid statusunun olmaması haqqında danışılır. Burada radikal dini qrupların mənafeyinə toxunan qərarlar qəbul edilməyib. Və hansısa ciddi müzakirə ediləcək məsələ olmadığından hesab etmirəm ki, Şeyx hədəfə alınsın. Belə məsələlərə görə, Şeyxə sui-qəsd edilsəydi onda gərək o çoxdan hədəfə alınardı. Çünki daha öncə də bu kimi qərarlar verilib. Buna görə də hesab etmirəm ki, dünən yayılan siyahı sui-qəsdə qədər dərinləşəcək.

- Son zamanlar neft ölkələrində radikal dini qruplaşmalar gərginlik yaratmağa çalışır. Bu qrupları hərəkətə keçməsində maraqlı olanlar kimlərdir?
- Əlbəttə ki, bu qruplar kənardan maliyyələşir. Biz də neft ölkəsiyik, ancaq təbii sərvətlər dövlətindir. Bu istiqamətdə heç bir məsələ yoxdur. Söhbət ondan gedir ki, radikal dini qruplaşmalar xaricdən idarə edilir. Bu bəzi dövlətlərin apardıqları ümumi siyasətin bir parçasıdır.

- Suriyada vuruşan azərbaycanlılar ölkəyə qayıtdıqdan sonra dövlətə qarşı hansısa təhlükə yarada bilərlərmi?
- Bəli, yarada bilərlər. Bu şəxslər Azərbaycanda potensial terrorçu ola bilər. Bu mənada dövlətin üzərinə böyük iş düşür. Həmin şəxslər geri qayıtdıqdan sonra onları nəzarətdən kənarda buraxmaq olmaz. Onlar qanunsuz silahlı dəstələrin fəaliyyətində iştiraka görə məsuliyyətə cəlb oluna bilər. Çünki Suriya ilə bağlı verilən göstəriş sabah Azərbaycanla da bağlı verilə bilər. Dövlətin təhlükəsizliyi müzakirə predmeti olduğundan bu məsələlərdə bir qədər sərtlik nümayiş etdirilməlidir. Cəmiyyətin baş verənlərdə dövlətə arxayın olması üçün dövlət konkret, ciddi sərt tədbirlər görməlidir.

 





29.01.2014    çap et  çap et