Vaxt.Az

İsa Məsihin portreti 450 milyon dollara satılıb


 

Leonardo da Vinçinin hərracda rekord əsərinin 500 yaşı var

İsa Məsihin portreti 450 milyon dollara satılıb Leonardo da Vinçinin əl işi və yaşı 500 il olan İsa Məsihin portreti Nyu-York-da keçirilmiş hərracda rekord 450 milyon dollara satılıb. Əsərin adı «Salvator Mundi»dir, yəni Dünyanın Xilaskarı.

İndiyədək keçirilmiş hərraclarda incəsənət nümunəsi üçün bu məbləğdə pul ödənilməmişdi.

Əsərin rekord qiymətə satılması müştərilərlə dolu olan Kristi (Christie) hərrac zalında alqışlarla qarşılanıb.

Leonardo da Vinçi 1519-cu ildə vəfat edib, onun əl işi olan rəsmlərdən hazırda qalanı 20-dən çox olmaz.

«Salvator Mundi» əsəri, güman edildiyinə görə, 1505-ci ildən sonra yaradılıb və Leonardo da Vinçinin fərdi kolleksiyada qalan yeganə əsəridir.

Nyu-York hərracında əsərin ilkin təklif qiyməti 100 milyon dollar olub, son qiymət isə 400 milyon dollara çatıb.

Vergi ödənişi də nəzərə alınmaqla portretin tam qiyməti 450,3 milyon dollar təşkil edib.

Əsərin anonim qalan alıcısı hərracda telefon vasitəsilə iştirak edib və cəmi 20 dəqiqəyə alqı-satqı sövdələşməsinin bağlanmasına nail olub.

Rəsmdə İsa Məsih bir əlində şüşə kürə, digər əlini isə qaldırdığı vəziyyətdə təsvir olunub.

1958-ci ildə həmin bu əsər London hərracında o vaxtın pulu ilə cəmi 45 ingilis funt sterlinqinə satılmışdı.

O zaman güman edilirdi ki, bu əsəri yaradan Leonardo yox, onun şagirdi olub.

Bu əsər 1600-cı illərdə Kral I Çarlsın (kral I Charles) kolleksiyasında olub, sonra yoxa çıxıb və 2005-ci ildə yenidən «tapılıb».

Hərraca qədər bu əsərə rusiyalı milyarder Dmitri Rıbolovlev sahib olub.

Xəbərlərə görə, o, bu portret üçün 2013-cü ilin may ayında $127,5 milyon ödəmişdi.

 

Əsər həqiqidirmi?

 

Bu tablo ciddi kosmetik əməliyyatdan keçirilib.

Tablonun əsasını təşkil edən qoz ağacı lövhəsini deyildiyinə görə, «qurd yemişdi» və nəticədə, portret, bir ara, az qala ikiyə bölünmüş kimi görünürdü.

Tablonun bərpası ilə bağlı göstərilmiş səylər rəsmin üzərinə çəkilmiş boyaların sürtülüb yeyilməsinə səbəb olub.

BBC-nin incəsənət üzrə müxbiri Vincent Dowd qeyd edir ki, hətta əsərin müəllifinin Leonardo da Vinçi olduğu da heç də hamı tərəfindən qəbul olunmur.

Tənqidçilərdən birinin sözlərinə görə, portretin üzərində bərpaçılar o qədər iş aparıb, yazıb-pozub, təzədən rəng vurublar kı, əsər «eyni zamanda təzə və qədim» görünür.

 

Alıcı ilə bağlı spekulyasiyalar

 

Kristi əsərin həqiqi olduğunda təkid edir və onu «20-ci əsrin ən əzəmətli, təkrar olaraq kəşf edilmiş incəsənət əsəri» adlandırıb.

Hərrac evi əsərin kimin tərəfindən alındığını açıqlamayıb, lakin incəsənət eksperti doktor Tim Hanter (Dr Tim Hunter) ehtimal edir ki, alıcı Asiyadan ola bilər və ya ola bilsin ki, bu əsər yeni açılmış Luvr Abu Dabu (Louvre Abu Dhabi) muzeyi üçün alınıb.

 

Digər bahalı rəsmlər

 

1. «Mübadilə» - müəllif: Uiylem de Kuninq (Willem de Kooning) - 300 milyon dollar.

2 x 1.75m ölçüdə ekspressionist tablosu 1955-ci ildə çəkilib.


2. «Nə vaxt evlənirsən?»-müəllif: Pol Quqin (Paul Gauguin) - 300 milyon dollar.

Tahiti qadınları təsvir edilmiş post-impressionist rəsm əsəri, 2015-ci ilin fevralında naməlum müştəri tərəfindən alınıb. Bəzi ehtimallara görə, Qətər muzeyi tərəfindən alına bilərdi.


3. «Kart oyunçuları» - müəllif: Pol Çezane (Paul Cezanne) - 250 milyon dollar.

Beş əsərlik silsilənin yalnız bir tablosudur, 2011-ci ildə Qətərə satılıb. Silsilənin digər tabloları Nyu-York-da Metropolitan və dünyanın digər aparıcı muzeylərində sərgilənir.


4. «17A nömrəsi» - müəllif: Cekson Polok (Jackson Pollock) - 200 milyon dollar.

Abstrakt ekspressionizm üslubunda işlənmiş bu əsər 2016-cı ildə Kennet C. Qriffinə (Kenneth C Griffin) ABŞ biznesmeni Deyvid Qeffen (David Geffen) tərəfindən satılıb.

 





16.11.2017    çap et  çap et