Vaxt.Az

Reyqanla Qorbaçovun imzaladığı saziş qüvvədən düşdü


 

ABŞ da Rusiya kimi qadağan edilmiş raketlərin istehsalına başlayır

Reyqanla Qorbaçovun imzaladığı saziş qüvvədən düşdü «The Telegraph» yazır ki, Birləşmiş Ştatlar Soyuq müharibə illərində qadağan edilmiş qitələrarası raketlərin inkişaf etdirilməsi məsələsini öyrənir. Buna səbəb Rusiyanın da bu tipli raketlərə malik olması barədə məlumatlardır.

ABŞ rəsmiləri «Wall Street Journal» qəzetinə deyiblər ki, Birləşmiş Ştatların qitələrarası ballistik raketləri yenidən inkişaf ertdirməsinin əsas məqsədi Rusiyanı kütləvi qırğın silahlarının yayılmamasına dair müqavilənin şərtləri çərçivəsinə qaytarmaqdır.

ABŞ inanır ki, Rusiya artıq qitələrarası raketlərə malikdir və bu raketlərlə həm Amerika, həm də onun NATO müttəfiqlərinə təhlükə yaradır.

«The Telegraph» qəzetinin məqaləsində deyilir ki, ABŞ öz raketlərini yaratmaqla Rusiyanı «yerində oturtmağa» ümid edir.

Ortamənzilli Nüvə Raketləri barədə müqavilə 1987-ci ildə prezidentlər Ronald Reyqan (Ronald Reagan) və Mixail Qorbaçov arasında imzalanmışdı. Bu, Soyuq müharibənin başa çatdırılmasında mühüm addım idi.

Sözü gedən müqavilə yerdə bazalanmış və 500 kilometrdən 5500 kilometrədək məsafədə hədəfləri vuran bütün ortamənzilli ballistik və qitələrarası raketləri ləğv edirdi.

Bu da qeyd olunur ki, hərbi gəmilərdə və sualtı qayıqlarda mənzillənmiş raketlər bu müqaviləyə daxil edilməmişdi.

«The New York Times» qəzeti ötən ay xəbər verirdi ki, Rusiya qadağan olunmuş raketlərdən ibarət iki batalyon təşkil edib. Bu da bildirilirdi ki, bu batalyonlara 4 raket qurğusu və altı raket daxildir. Raketlərdən birinin Volqoqrad yaxınlığında olduğu xəbər verilmişdi.

Moskva bu məlumatları «saxta xəbər» adlandırmışdı.

ABŞ hökuməti Rusiyanın təxminən 2012-ci ildən qadağan olunmuş raketləri istehsal etdiyini bilirdi. Respublikaçılar prezident Barak Obamanı bu məsələ ilə bağlı Vladimir Putindən hesabat istəməyə çağırırdılar.

ABŞ rəsmiləri ötən ilin noyabrında Rusiyadan müqaviləni pozmasını etiraf etməsini tələb edirdilər. Lakin Moskva bu bəyanatları rədd edirdi.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis (James Mattis) ötən həftə keçirilən NATO sammitində demişdi: «Biz Rusiyanın silahlara nəzarət müqaviləsini illərdən bəridir ki, pozduğunu bilirik».

Bunun ardınca ABŞ Senatı ötən cümə axşamı ölkənin hərbi büdcəsinə 700 milyard dollar ayırıb. Bunun 58 milyon dolları Rusiyanın silahlara nəzarət müqaviləsini pozmasına cavab vermək üçün ayrılıb.

Müqavilənin şərtlərinə görə ABŞ yalnız yaratmaqda olduğu raketləri sınaqdan keçirdiyi halda sazişin şərtlərini pozmuş sayılacaq.

 





17.11.2017    çap et  çap et