Bunu «Azərişıq» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ölkənin elektrik enerjisi şəbəkəsinin qış mövsümünə hazırlığını qiymətləndirərkən deyib.
«Azərişıq» ASC-nin rəsmisi qeyd edib ki, 2018-2019-cu ilin payız-qış mövsümü əvvəlki illərdən yaxşı mənada fərqlənəcək. Çünki son illərdə şəbəkə infrastrukturunda aparılan yenidənqurma işləri, əsaslı təmir-tikinti bunu deməyə əsas verir.
«Xüsusilə də dağ və dağətəyi rayonlarda hava şəraitinin sərt keçməsi ehtimalı ilə əlaqədar əlavə mal-materiallarımız, avadanlıqlarımız ,maşın-mexanizmlərimiz var, ehtiyatımız böyükdür. Hazırda bütün yarımstansiyalarımızda təftiş işləri davam etdirilir. Əgər ekstremal hava şəraiti nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ şəkildə aradan qalıdırılmasına tam hazırıq. Bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimiz var. Abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə deyə bilərlər», - T.Mustafayev bildirib.
Ölkənin elektrik enerjisi operatorunun fəaliyyəti dövründə görülən işlərə dair rəqəmlər də abonentlərin elektrik enerjisi ilə təchizatında vəziyyətin necə dəyişdiyini görməyə imkan verir.
Belə ki, ötən 11 ildə «Azərişıq» ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yeni yarımstansiya tikilib. Yeni inşa edilmiş 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577514 dayaq quraşdırılıb, 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına «Azərişıq» ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü «Azərişıq» ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 11900 meqavoltamperə çatdırılacaq.
Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb.
Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1974 ədəd 10-6 kV-luq YS inşa edilib, 28093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 239532 ədəd dayaq quraşdırılıb.