Vaxt.Az

Bakının tikinti sektorunda canlanma


 

«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»

Bakının tikinti sektorunda canlanma Azərbaycan dövləti ölkənin tikinti sektorunu böhrandan çıxarmaq, bu sahədə inkişafı təmin etmək üçün dəstək tədbirlərini davam etdirir.

Belə ki, dövlət rəhbərliyinin birbaşa dəstəyi ilə reallaşdırılan «Pilot Layihə» çərçivəsində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək yerində çoxmərtəbəli yeni binaların tikilməsi həyata keçirilir. Bu proqram beş il ərzində Bakı şəhərində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinə daha çox yaşayış sahəsi təklif etməklə onların köçürülməsini nəzərdə tutur. Proqram çərçivəsində artıq Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış 254 yüksək mərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən 50-dən çoxunun tikintisinə başlanılıb.

Dövlət tərəfindən əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, həmçinin tikinti sahəsində dirçəlişə nail olunması məqsədilə həyata keçirilən daha bir böyük layihə - sosial mevlərin tikintisi ilə bağlı da işlər sürətlə aparılmaqdadır. Bu layihənin icrasına məsul olan Mənzil İnşaatı Dövlət Agentliyi artıq yaxın bir neçə ayda sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan verəcəklərini, gələn ilin yayından isə vətəndaşların buradan alacaqları mənzillərdə yaşamağa başlayacaqlarını açıqlayıb.

Bundan əlavə, 2018-ci ilin dövlət büdcəsindən sosial ipotekanın maliyyələşdirilməsi üçün 250 milyon manatın ayrılması proqnozlaşdırılır. Bunun 150 milyon manatı cari xərclər, 100 milyon manatı isə dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölmələrindən ayrılacaq. Xatırladaq ki, cari ildə bu istiqamətə 100 milyon manat büdcə vəsaiti yönləndiriləcəyi nəzərdə tutulurdu.

Dövlətin tikinti sektoruna daha bir dəstəyi bu sahədə prosedurların asanlaşdırılması istiqamətindədir. Belə ki, ölkə Prezidentinin 4 Aprel 2017-ci il tarixli Fərmanı ilə «Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası» təsdiq olunub. Bu qaydalar tikinti şirkətlərinin elektrik şəbəkələrinə qoşulmaq sahəsində illərdən bəridir üzləşdikləri çətinliklərin aradan qaldırılmasın mühüm rol oynayır.

Göründüyü kimi, dövlət tikintidə canlanmaya nail olmaq üçün bir neçə mühüm istiqamətli dəstək tədbirləri həyata keçirir. Bu tədbirlər Bakının tikinti sektoruna necə təsir göstərir? Bu sahənin son 2 ildə düşdüyü ağır böhrandan çıxmağa başladığını söyləmək olarmı?

«MBA Group» konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə görə, son aylarda tikinti sektorunda artım müşahidə olumaqdadır: «Əgər əvvəlki illərdə(2015-2016-cı illərdə) ay ərzində 1-2 binanın təməlinin qoyulduğunu  görürdüksə, indi 4-5 binanın təməli qoyulur. Yəni tikinti sektorunda fəallıq artıb. Bunun bir səbəbi Bakı şəhərində həyata keçirilən «Pilot layihə»lərdirsə, digər səbəbi bankların tədricən də olsa ipoteka kreditləşməsini bərpa etməsidir. Neft qiymətlərinin artımı, manatın məzənnəsindəki sabitlik, maliyyə sahəsinin durğunluqdan çıxması investorlarda inam yaradıb və onlar bu sektorda fəaliyyətlərini intensivləşdiriblər. Deməzdim ki, 201-2014-cü illərdəki aktivlik var, amma az da olsa canlanma hiss olunmaqdadır».

Mütəxəssis deyir ki, həm MİDA-nın fəaliyyəti, həm də «Pilot layihələr» dövlətin tikinti sektoruna birbaşa dəstəyi sayıla bilər: «MİDA tikintini özü həyata keçirmir ki... Tkintini özəl şirkətlər həyata keçirir. Həmin şirkətlər oradan əldə etdikləri gəliri digər ərazilərdəki layihələrinə qoyurlar. Eyni zamanda «Pilot layihələr»də də işləyən özəl şirkətlərdir. Burada da şirkətlər sökülən binaların sakinlərindən artıq qalan mənzilləri satıb əlavə qazanc əldə edəcəklər. Amma hər iki layihənin təşəbbüskarı dövlətdir. Bu baxımdan, həmin layihələr dövlətin bu sektora dəstəyidir. Bu layihələr həm də çoxlu sayda insanın işlə təmin olunması deməkdir. Düşünürəm ki, 2018-ci ildə tikintidə canlanma daha da güclənəcək».

Qeyd edək ki, hökumət ölkədə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində böyük tədbirlər hazırlayıb. Bu istiqamətdə əsas diqqət mərkəzində olan sahələrdən bir də tikinti sektorudur. ASAN Xidmət tərəfindən bu sektorda aparılan monitorinqlər 31 faiz işçilərin qeydiyyatsız işlədildiyini üzə çıxarıb. Artıq xeyli sayda tikinti şirkəti ilə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib. Bu prosesin tikinti sektoruna hansı təsirləri ola bilər? N.İbrahimov deyir ki, bunun tikintidə əsas təsiri maya dəyərinin artması istiqamətində ola bilər: «Bu proses maya dəyərinin artması, gəlir marjasnın azalmasına gətirib çıxara bilər. Bu baxımdan qiymətlərin də haradasa 1,5-2 faiz artması mümkündür».

Qrup rəhbəri hesab edir ki, 2018-ci ildə tikinti sektorunda qiymət artımı prosesi davam edəcək: «Bu ilə nisbətən gələn il qiymətdə artım gözləyirəm. Haradasa 6-8 faiz aralığında artım ola bilər».

Bir məsələni də vurğulayaq ki, son illərdə Bakı şəhərində yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılması kimi qanunsuzluq halları ilə bağlı cinayət işləri sürətlə artır. Tikinti sektorundakı canlanma bu halların sayının da artmasına gətirib çıxaracaqmı? N.İbrahimov bildirir ki, son 5-6 il ərzində tikilən binalarda belə fırıldaqlara yol verilmir: «Belə hallar əvvəlki illərdə yaranan problemlərdir ki, gəlib indi üstü açılır. Onların bir qismi həllini tapıb, yəqin ki, yaxın 2-3 ilə qalanları da həllini tapar».

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə hesab edir ki, Bakının tikinti sektorunda vəziyyət heç də ürəkaçan deyil: «Baxmayaraq ki, dövlət tərəfindən bir neçə istiqamətdə dəstək tədbirləri həyata keçirilir, müəyyən aktivlik yaradılır, lakin 2013-2015-ci illərlə müqayisədə 2016-2017-ci illərdə tikinti sektorunda azalan dinamika müşahidə edirik. Bunun da əsas səbəbləri ümumi makroqitisadi vəziyyət, maliyyə-bank sektorundakı böhrandır. Söhbət özəl şirkətlərin birbaşa sektorda iştirakından gedir, dövlət dəstəyi ilə olan proyektlərdən deyil. Bu baxımdan, tikinti sektorundakı hazırkı vəziyyəti qeyri-qənaətbəxş hesab edirəm».

Mərkəz rəhbəri deyir ki, elektrik şəbəkəsinə qoşulma prosedurlarının sadələşdirilməsi və şəffaflaşdırılması tikinti sektorunda müəyyən canlanmaya səbəb ola bilər: «Lakin hesab edirəm ki, bu proses nə qədər inzibati məsələlərlə bağlıdırsa, bir o qədər də iqtisadi məsələlərlə bağlıdır. Yəni bu sahədə ciddi canlanmaya nail olmaq üçün ölkədə ümumi iqtisadi aktivliyin artması, sektora müəyyən vergi-rüsum güzəştlərinin tətbiqi tipli stimullaşdırıcı addımların atılması lazımdır. İpoteka kreditləri üçün vəsaitlərin artırılması ümumilikdə bazarda müəyyən canlanma yaradacaq, lakin onun sektorda əhəmiyyətli dirçəlişə gətirəcəyini düşünmürəm».

R.Osmanlının sözlərinə görə, sosial evlərin tikintisi bazardakı ümumi tutumun çox cüzi bir hissəsini təşkil edir: «Bu baxımdan, hesab etmirəm ki, 250-300 milyon manat, hətta 500 milyon manatın belə sosial ipotekaya ayrılması burada dəyişiklik yaratsın. Amma dünya bazarında neftin qiymətindəki artımlar pozitiv notlardan hesab oluna bilər ki, hələlik bunu da dayanıqlı təsir elementi kimi qiymətləndirmək mümkün deyil. Əgər bu qiymət 65-70 dollar arasında sabitləşərsə, bu halda hökumətin tikinti və sosial layihələrə ayıracağı vəsaitin artması mümkündür. Hansı ki, bu da 2013-2014-cü illərdəki kimi olmasa da, tikinti sektorunda müəyyən canlanmaya gətirə bilər».

Ekspertin dediyinə görə, təkrar bazarda ilkin bazardan fərqli olaraq qiymət ucuzlaşması müşahidə olunur: «İlkin bazarda qiymət azalması deyil, əksinə, az da olsa artım qeydə alınır. Güman edirəm ki, tikintisinə 2017-ci ildə başlanan və 2018-ci ildə yekunlaşan binalarda qiymətlərin qalxması gözlənilir. Adətən belə olur ki, tikinti yeni başlayan binada qiymət ucuz olur, tikinti getdikcə artır, nəhayət, kommunal xidmətlərə qoşulduqdan, istismara verildikdək sonra ən yüksəyə çatır. Bu baxımdan, gələn il tikintisi başa çatan binalar üzrə qiymət artımı gözləniləndir.

 





19.11.2017    çap et  çap et